NAXÇIVAN :

01 Noyabr 2026, Bazar

Azərbaycanın özəl sektorunun təmsilçiləri İstanbulda COMCEC çərçivəsində sammitdə iştirak edirlər

...

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 42-ci toplantısı keçirilir. Tədbir çərçivəsində üzv dövlətlərin biznes icmalarını, investorlarını və siyasətçilərini bir araya gətirən "B57+ Biznes Liderləri Sammiti 2026" təşkil edilib.
"Şərq qapısı" xəbər verir ki, "Böyük dönüşüm: Qlobal Cənubun dözümlülüyü üçün İƏT kapitalının hərəkətə keçirilməsi" mövzusunda baş tutan sammit İƏT və daha geniş coğrafiyada iqtisadi əməkdaşlığın gələcəyini formalaşdıran liderlərin, siyasətçilərin, investorların və təşkilatların görüş nöqtəsinin ortaq platforması olmağı hədəfləyir.
Tədbirdə çıxış edən Türkiyənin ticarət naziri Ömer Bolat və digərləri qlobal ticarətin mövcud vəziyyəti, iqtisadi natarazlıqlar və bunun fonunda əməkdaşlıqlarda yaranan qeyri-müəyyənliklər barədə danışıb, bu məqsədlə ortaq platformun fəaliyyətinin zəruriliyini qeyd edilib.
Vurğulanıb ki, İƏT üzvü olan 57 ölkə 2 milyarddan çox əhalisi (dünya əhalisinin dörddə biri), 10 trilyon ABŞ dolları həcmində iqtisadi buraxılışı və 5 trilyon dollara yaxın ticarət dövriyyəsi ilə qlobal iqtisadiyyatda nəhəng potensiala malikdir. Son 20 ildə təşkilata üzv ölkələr arasında daxili ticarət payı 6 faizdən 20 faizə yüksəlib. Türkiyənin İƏT ölkələri ilə ticarət dövriyyəsi isə 2013-cü ildəki 87,5 milyard dollardan ötən il təxminən 120 milyard dollara çatıb.
Sammitin əsas məqsədi dialoqu müqavilələrə, maneələri körpülərə və ortaq iddiaları davamlı iqtisadi tərəqqiyə çevirərək bu böyük potensialı real investisiyalara, keyfiyyətli məşğulluğa və yüksək rifaha inteqrasiya etməkdir. Tədbir panel iclaslarla davam etdirilib.
Sammitdə Azərbaycanın özəl sektorunun təmsilçiləri iştirak edirlər.
Qeyd edək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCD) və Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) tərəfindən yaradılan "B57+" platforması, İƏT-ə üzv 57 ölkə və tərəfdaş iqtisadiyyatlar arasında dövlət və özəl sektorları bir araya gətirən strateji bir körpü rolu oynayır.

Nəşr edilib : 01.11.2026 18:58