NAXÇIVAN :

16 Fevral 2026, Bazar ertəsi

“Zayed İnsan Qardaşlığı Mükafatı": strateji müdriklik və liderlik məharətinə verilən yüksək beynəlxalq qiymət

...

Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət və məharətli diplomatiya onun qlobal səviyyədə nüfuzunu xeyli gücləndirməklə ölkəmizə olan etibarı və etimadı xeyli artırıb. Respublikamızın beynəlxalq siyasi, iqtisadi təşkilatlarla fəal əməkdaşlığı, dünya düzənini formalaşdıran irimiqyaslı layihələrə imza atması, Prezident İlham Əliyevin mötəbər tədbirlərə fəxri qonaq qismində dəvət alması bu hörmət və etimadın əsas göstəricilərindəndir. Dövlət başçımızın “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə Vətən müharibəsində qazanılan tarixi zəfərin sülh meydanında da müvəffəqiyyətlə tamamlanmasına verilən qiymətin, dəyərin ifadəsidir.

Xatırlatmaq yerinə düşər ki, Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc, yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. Fond bir neçə sahə üzrə mükafatlar təqdim edir. Bu mükafatlar yalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə və qurumlara verilir. İndiyədək bu mükafata layiq görülənlər arasında BMT-nin Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və kraliçası Raniyə Əl Abdullah, mərhum Roma Papası Fransisk, Misirin Əl-Əzhəri Şərifinin şeyxi, böyük imam Əhməd Əl-Tayyib, IMAD Assosiasiyasının təsisçisi və ekstremizmə qarşı fəal, əslən Mərakeşdən olan xanım Lətifə İbn Ziyaten, keniyalı sülh və icma fəalı xanım Şəmsa Əbubəkr Fadhil, Barbadosun Baş naziri xanım Mia Amor Mottley və digər şəxslər yer alıb. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və mükafatın baş katibi Məhəmməd Əbdülsəlamın sözlərinə görə bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur.

Bəli, Azərbaycan dünya tarixində qısa zamanda həm müharibə qazanıb, həm də sülhü bərqərar etməyə nail olan nadir ölkələrdəndir. Respublikamız siyasi iradə və strateji təmkin sayəsində dünyada alternativi olmayan tandem yaratmağı bacarıb: ədalətli müharibə, ədalətli sülh. Bu dünya praktikasında misli görünməyən yeni mübarizə, mücadilə modeli kimi də dəyərləndirilə bilər. Əgər tarixən baş verən müharibə və münaqişələrin nəticələrinə nəzər yetirsək görərik ki, heç bir qalib tərəf məğlub olana sülh əli uzadıb, onu çıxılmaz vəziyyətdən çıxarmaq naminə humanist addımlar atmayıb. Ancaq respublikamız həm 44 günlük müharibə dönəmində, həm də sonrakı dövrdə dəfələrlə bəyan edib ki, onun başqa ölkənin ərazisini işğal etmək niyyəti yoxdur. Onun bir məqsədi var, o da beynəlxalq hüququ və ədaləti bərpa etməkdir. Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də dediyi kimi: "Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda məsuliyyətimiz göz önündədir. Biz həm 2020-ci ildə, həm 2023-cü ildə, həm də bu illər arasındakı olan hadisələr zamanı güc tətbiq edərək Ermənistana, yəni onlara layiq olan cavabı verə bilərdik. Necə ki bizim xalqımız əzab-əziyyət içində yaşayıb, necə ki bizim ərazilərimiz viran olunub, necə ki bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdik. Tam rahatlıqla və əminliklə deyə bilərəm ki, heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik".

 Ölkəmiz 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində əldə etdiyi mütləq qələbə ilə təkcə ərazi bütövlüyünü deyil həm də 30 ildir, kağız üzərində qalan beynəlxalq hüququ, ədaləti bərpa etdi. Cənubi Qafqazda uzun illərdir, kök salan, münaqişə ocağı sayılan separatizmə son qoyuldu, yeni regional düzən formalaşmağa başladı. Nəticə etibarilə, postmüharibə dönəmində, yəni son 5 ildə Azərbaycan nəinki ermənilərin revanşist hərəkətlərinə sədd çəkdi, burada çaxnaşma yaratmağa çalışan müxtəlif siyasi dairələrə qarşı da qətiyyətlə mübarizə apardı. Rəsmi Bakı dəfələrlə qeyd etdi ki, Ermənistan öz gələcəyini xarici qüvvələrin maraqlarına qurban verməməlidir, sülh müqaviləsini imzalayaraq regional əməkdaşlığa qoşulmaq onun üçün yeganə çıxış yoludur. Azərbaycanla razılaşmaqdan başqa heç bir alternativ variant yoxdur.

Ötən il avqustun 8-də baş tutan Vaşinqton görüşü isə, nəhayət ki, Azərbaycanın sülh gündəliyinin beynəlxalq səviyyədə dəstəklənməsi ilə nəticələndi. Bu sadəcə, Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması deyil, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və şərtsiz tanıması, revanşist xülyalardan rəsmən imtina etməsi anlamı daşıdı. Tarixi Vaşinqton razılaşması bölgəyə davamlı, dayanıqlı sülhlə yanaşı, beynəlxalq əməkdaşlıq mühiti də gətirməkdədir. Azərbaycanın təşəbbüsü olduğu və ABŞ tərəfindən dəstəklənən Zəngəzur dəhlizi layihəsinin reallaşması yaxın gələcəkdə nəinki regional ticarətə meydan açacaq, qlobal miqyasda siyasi, iqtisadi münasibətlərin dərinləşməsinə əhəmiyyətli töhfələr verəcək. Beləliklə, bu amil bir daha göstərir ki, Prezident İlham Əliyevin müəllifi olduğu sülh və əməkdaşlıq gündəliyi qlobal xarakter daşıyır və müasir çağırışlara, yeni dünya nizamına tam cavab vermək gücündədir. 

Azərbaycan dövləti postmüharibə dövründə qarşıya qoyduğu hədəflərə nail olur, bölgədə həm sülhün, həm də əməkdaşlığın fəal aktoru, təşəbbüskarı kimi çıxış edir. Böyük Qayıdış siyasəti uğurla icra olunur, beynəlxalq siyasi platformalarla əlaqələr faydalılıq əmsalını gün ötdükcə daha da artırır, reytinq agentlikləri ölkəmizin uğurlarını yüksək qiymətləndirirlər. Respublikamızın milli maraqlarına uyğun bölgədə yeni ticarət arxitekturasının müvəffəqiyyətlə inşa olunması fonunda Cənubi Qafqaz artıq münaqişə zonası deyil, qlobal sabitlik, logistika və enerji mərkəzi kimi tanınmaqdadır. Bütün bunların timsalında Prezident İlham Əliyevin  “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın sülh, əməkdaşlıq diplomatiyasına beynəlxalq rəğbətin ifadəsi olmaqla dövlət başçımızın strateji müdriklik və liderlik məharətinin dünya miqyasında böyük etimad qazandığını göstərən mühüm amildir.

Nail ƏSGƏROV

Nəşr edilib : 20.01.2026 16:25