İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azə...
22:32 22.01.2026
0
0
0
NAXÇIVAN :
23 Yanvar 2026, Cümə
Zaman keçsə də, cəmiyyətin inkişafında ziyalıların rolu dəyişməz olaraq qalır. Hər dövrdə maarifin, mənəviyyatın, vətənpərvərliyin daşıyıcısı olan ziyalılar millətin əsas sütunları hesab olunub. Bu ağır, lakin şərəfli yolu uğurla keçən ziyalılardan biri də Zaman Bağırovdur.

Zaman müəllim Naxçıvan ziyalılıq məktəbinin yetişdirdiyi nümunəvi simalardan biridir. Uzun illər boyu Naxçıvanın ictimai-siyasi həyatında fəal iştirak edən ziyalımız ömrünün 65-ci ilində yenə də həyat eşqi ilə doludur. O, təkcə elm və peşəkar fəaliyyət sahəsində deyil, həm də mənəvi irsin qorunmasında və gənc nəslin tərbiyəsində əvəzsiz rolu ilə tanınır. O, Naxçıvan karete məktəbinin yaradıcılarından biri kimi idmanın inkişafına xüsusi töhfə verib, sağlam və məqsədyönlü gəncliyin formalaşmasında böyük rol oynayıb.
“Karate mənim ömür yolumdur”, – deyərək söhbətə başlayan Zaman müəllim həmin illərini belə xatırlayır: “Gənclikdə ən böyük arzum milis (polis) işçisi olmaq idi. Bu arzuya bağlılığım məni idmana sövq etdirdi. Oxuduğum kitablardan anlamışdım ki, əsl polis işçisi sağlam, qorxmaz, çevik və cəld olmalıdır. Bu səbəbdən lap uşaqlıq dövründən idmana bağlandım və bir daha ondan ayrıla bilmədim. Aşağı siniflərdə oxuyarkən güləş, yuxarı siniflərdə oxuyarkən isə sambo ilə məşğul olmağa başlamışdım. Karate ilə məşğul olmağa isə ordu sıralarında başladım. Həmin vaxta qədər ölkəmizdə, o cümlədən keçmiş sovetlər birliyində karate idman olaraq yayılmamışdı, insanların o idmanla bağlı təəssüratları yox səviyyəsində idi. Bu idmanla məşluq olmağa başladıqdan sonra bunu özümə daha münasib bildim və demək olar ki, həyatımı bu idmana bağladım. Bu idman döyüş sənəti hesab olunduğundan idman cəmiyyətlərinin xətti ilə deyil, ovaxtkı SSRİ Nazirlər Sovetinin xüsusi nəzarəti ilə yayılırdı. Çünki karate idman növü kimi deyil, döyüş növü kimi öyrədilirdi. Bu döyüş sənəti ilə məşğul olmaq hər kəsə müyəssər olmurdu. Məhz 1981-ci ilin yazında bu idmanı Naxçıvan Muxtar Respublikasında xüsusi qabiliyyətləri yoxlanılmış gənclərə öyrətmək məqsədilə Moskvadan İlyas İsmayılov göndərilmişdi. Naxçıvanda ilk karate bölmələri onun rəhbərliyi ilə fəaliyyətə başlamış oldu və İlyas İsmayılovun bu sahədəki rolu danılmazdır. Həmin vaxt mən də bu döyüş sənəti ilə məşğul olmaq üçün müraciət etdim və sınaqlara qatıldım. İlyas müəllim məni öz tələbəsi kimi qəbul etdi, karatenin baza texnikalarını və onun sirlərini mənə öyrətdi, bu idmanı mənə sevdirdi. Onun yolunu davam etdirmişəm desəm, yerinə düşər”.
1985-ci ildə karatenin döyüş sənəti kimi öyrədilməsi və öyrənilməsi tamamilə qadağan edildi. Lakin bu qadağalar karateyə bağlanmış insanları öz yolundan döndərə bilmədi. Zaman Bağırov karateyə qoyulan qadağalara baxmayaraq, bu sənəti yaşatmaq və yaymaq üçün fəaliyyətini gizli şəkildə davam etdirir. Səhərlər erkən saatlarda seçilmiş binaların zirzəmilərində – saat 530-dan 730-dək keçirilən məşqlər onun fədakarlığını əks etdirir. 30 ilə yaxın məşqçi-müəllim fəaliyyəti ərzində mindən artıq tələbə yetişdirir və bu gün Naxçıvanda fəaliyyət göstərən bir çox öndə gedən yüksək dərəcəli peşəkar karate müəllimləri onun yetirmələridir. Oğlu Tarıyel Bağırov 3-cü dan “Qara kəmər” sahibi olmuş, “Naxçıvan” karate klubunu yaradaraq atasının yolunu davam etdirməkdədir. Hazırda karate klublarında dərs deyən müəllimlərin əksəriyyəti, o cümlədən peşəkar karateçi məşqçilər Nəriman Quliyevin, Qələndər Bünyadovun Zaman Bağırovun tələbələri olduğunu öyrənirik.
Müsahibimiz həmin illəri yada salır: “1988-ci ildə karateyə qoyulmuş qadağa aradan götürüldü və ölkədə modernləşmiş “idman karatesi”nin yayılmasına icazə verildi. Yenidən leqal olaraq karate ilə məşğul olmağa başladıq. Komsomolun nəzarəti altında müəyyən bölgələrdə idman bölmələri yaradaraq gəncləri bu sahəyə yönləndirdim. Həmin vaxt ilk ixtisasım tarix müəllimliyi olduğundan orta məktəblərdə müəllim işləyə-işləyə karate dərsləri də keçirdim. Eyni zamanda təbliğat aparmaq üçün qəzetlərdə idmanla bağlı rubrika açıb karate məktəbi formalaşdırmağa çalışmışam”.
Onun sözlərinə görə, 1990-cı ildən müəllimlik peşəsini dayandırmış və könüllü olaraq yenicə yaradılmış Dövlət Müdafiə Komitəsində xidmətə başlamışdır. İlk olaraq “Xüsusi təyinatlı bölüyün” (şərti olaraq “idman rotası”nın) əlbəyaxa döyüş rəhbəri, daha sonra isə “Xüsusi kəşfiyyat” bölüyünün komandiri olmuş və 15 nəfərədək idmanla məşğul olmuş, döyüş ruhlu gəncləri özü şəxsən seçərək bu bölükdə toplamış və onların döyüş ruhunun artırılmasına xüsusi diqqət ayırmışdı. Həmin döyüş ruhlu gənclər Naxçıvan Muxtar Respublikası ərazisində 1990-1992-ci illərdə erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişlər.
Zaman Bağırov bildirir ki, 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin şəxsi mühafizəçisi olması barədə xüsusi əmr alıb. Bu vəzifənin icra edilməsinin ona həvalə edilməsi Naxçıvan Muxtar Respublikasında da ictimai mühitin həmin dövrlər çox gərgin olması ilə əlaqədar olub. “Bu vəzifəni 1992-ci ilin payızından 1993-cü ilin yazınadək icra etdim. Ümummilli Liderə yaxın olmaq, dövlətin taleyinin həll olunduğu anlarda onun xidmətində durmaq, mənim üçün bir qürur mənbəyidir. Həmin dövrdə xatirəmdən heç vaxt çıxmayan yaşadığım bir hadisəni nəql etmək istəyirəm. Belə ki, 1992-ci ildə Bakıdan Naxçıvana Heydər Əliyevlə görüşmək üçün bir neçə nazir gəlmişdilər. Mən həmin vaxt Ali Məclisin binasında öz vəzifəmin icrasında idim. Nazir qoruyucularının formaları çox fərqli – döyüş bölgəsi formalarına bənzəyirdi. Onlar sanki strateji əhəmiyyət daşıyan bir mühüm dövlət orqanına deyil, döyüş bölgəsində döyüşə gedən əsgərlər kimi binaya daxil olaraq öz üstün mövqelərini göstərməyə çalışırdılar. Bakıdan gələn nazirlər Ali Məclisin Sədri ilə görüşmək üçün görüş otağına keçəndən sonra onların mühafizəçilərinə kütləvi şəkildə silah dolu üst-başla onların ardınca getmələrinə icazə vermədim və onlar bir problemlə üzləşdiklərini hiss etdilər. Mən onlardan silahlarını polisə təhvil vermələrini tələb etdim və bundan sonra bir neçəsinin müəyyən olunmuş məkana getmələrinə icazə veriləcəyini bildirdim. Mən cüssə etibarilə zəif göründüyüm üçün tabe olmaq istəmirdilər. Amma mövqeyimi dəyişmədim. Sonda şərtlə razılaşdılar və mən vəzifəmi uğurla yerinə yetirdim. Bu kimi hadisələr çox olub, amma hər biri qürurvericidir”.
Həmsöhbətimiz qeyd edir ki, sonrakı illərdə onun xidmət sahəsi dəyişdirilmiş Naxçıvan Sərhəd Dəstəsində “MMQ” adlanan (Çevik hərəkətedənlər dəstəsində) bölükdə komandir müavini və həmçinin əlbəyaxa döyüş təlimi rəhbəri vəzifəsində çalışmış, sərhəddə silah daşıyan qaçaqmalçılara qarşı aparılan əməliyyatlarda, eyni zamanda 1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhd edənlərə qarşı aparılan döyüş əməliyyatlarına da tabeliyində olan əsgərlərlə birlikdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasında karate idmanının daha geniş yayılmasını təmin etmək məqsədilə 1993-cü ildə müstəqil “İlğım” karate məktəbi, 2001-ci ildə isə həmin məktəbin bazasında “İlğım” Karate-do İdman Klubu yaradılmışdı. Klubun yaradılmasının əsas məqsədi gənclərin bu sahəyə marağını artırmaq, onların sağlamlığını möhkəmləndirmək, onlara qorxmazlıq, cəsarət və döyüşçü ruhunu aşılamaq idi. Əldə edilən nəticələrə görə, demək olar ki, “İlğım” Karate-do İdman Klubu qarşısına qoyduğu məqsədə nail olmuşdur.
Ölkədə sabitlik yaradıldıqdan sonra Zaman müəllim yenidən pedaqoji fəaliyyətlə məşğul olmağa başlamış, Naxçıvanda yerləşən hərbi məktəblərdə, o cümlədən Hərbi-idman təmayüllü orta məktəbdə karate və Naxçıvanda yenicə fəaliyyətə başlamış hərbi-liseydə tarix müəllimi işləyib. Sonradan ali hüquq təhsili də aldığından 2001-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində çalışıb. 2007-ci ildə vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən müsabiqədə iştirak edərək vəkil statusu qazanıb və 2011-ci ilədək bu peşədə çalışıb. 2011-ci ildə dövlət qulluğuna keçib. 2023-cü ilədək Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzində hüquqşünas, daha sonra sektor müdiri vəzifəsində də çalışıb. DİM ləğv edildiyindən vəkil statusunu bərpa edərək Naxçıvan şəhər Asan Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərir.
Zaman müəllim müntəzəm olaraq fərdi idmanla məşğuldur, səhərlər dan yeri sökülən kimi sağlam həyat tərzini təmin etmək üçün velosiped yürüşünə çıxır. Eyni zamanda retro Azərbaycan filmlərini paylaşmağı xoşlayır. Bu sahədə sosial mediada öz izləyici auditoriyası formalaşıb.
“Möhkəm, mərd, cəsarətli olun. Dövlətimizin inkişafı üçün bacardığınızı əsirgəməyin. Xalqınıza layiqli gənclər kimi yetişin. Mən gəncliyimə baxanda fəxr edirəm, çünki illərim hədər getməyib. Keçən günlər üçün peşman deyilsənsə, deməli, xoşbəxtsən”, – deyə Zaman müəllim əlavə edir.
Zaman Bağırovun həyat yolu, idmandan hüquqa, təhlükəsizlikdən mədəniyyətə qədər uzanan çoxşaxəli fəaliyyəti Naxçıvan ziyalılığının canlı nümunəsidir. Onun timsalında biz təkcə bir peşəkarı deyil, həm də cəmiyyət üçün çalışan, faydalı olan və daim öz üzərində işləyən bir ziyalını görürük. Belə insanlara ehtiyac bu gün də var, sabah da olacaq. Zaman dəyişsə də, ziyalılıq əbədi qalır.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər