NAXÇIVAN :

22 Iyun 2025, Bazar

Zahid Oruc: "Konstitusiya dəyişiklikləri Naxçıvanda səmərəli idarəetməni təmin edəcək"

...

Milli Məclisin deputatı Zahid Oruc Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişiklikləri hüquqi-siyasi baxımdan mühüm tarixi hadisə kimi dəyərləndirib. O bildirib ki, bu islahatlar 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin hüquqi nəticəsi və dövlət idarəçiliyində unitar prinsiplərin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır: “Ali Qanunumuzun tamlığına qovuşması və Konstitusiya islahatlarının həyata keçirilməsi, əldə etdiyimiz parlaq hərbi Zəfərin hüquqi nəticəsidir. Əgər bu qələbə olmasaydı, separatizmin mövcudluğu şəraitində "bir dövlət - bir Prezident - bir Konstitusiya" prinsipinin tətbiqi çətin olardı”.
Deputat qeyd edib ki, Naxçıvana muxtariyyət statusunun verilməsi tarixi zərurətdən doğsa da, ötən yüzillikdə bu status Naxçıvanın qorunmasına və Azərbaycanın ayrılmaz hissəsi kimi formalaşmasına mühüm hüquqi zəmin yaradıb: “Qərbi Zəngəzurun Ermənistana verilməsi nəticəsində Naxçıvanın coğrafi baxımdan təcrid olunması, bu statusun hüquqi və siyasi zərurətə çevrilməsinə səbəb oldu. Lakin bu status, eyni zamanda Naxçıvanın təhlükəsizliyinin, sosial-iqtisadi və mədəni həyatının qorunmasına şərait yaratdı”.
Zahid Oruc Ulu Öndər Heydər Əliyevin 1990-cı illərdə Naxçıvandakı fəaliyyəti və Ali Məclisin Sədri kimi qəbul etdiyi qərarların Azərbaycan dövlətçiliyinin xilasına yol açdığını vurğulayaraq qeyd edib: “Status və Konstitusiya hesabına torpağı qorumaq nümunəsi Heydər Əliyevin liderliyi ilə reallaşdı. O təkcə Naxçıvanı deyil, bütövlükdə, xalqımızı xilas etdi”.
Millət vəkili bildirib ki, bu gün Prezident İlham Əliyev Azərbaycanın yeni hüquqi və siyasi tarixini yazır:
“Hazırda Prezident İlham Əliyev regionda yeni siyasi reallıqlar formalaşdırır. Konstitusiya dəyişiklikləri idarəetmədə səmərəliliyi artırmaq, Naxçıvanda yerli orqanlarla mərkəzi hakimiyyət arasında ahəng yaratmaq baxımından vacibdir”.
Zahid Oruc vurğulayıb ki, dəyişikliklər Naxçıvanın coğrafi blokadadan çıxaraq Zəngəzur dəhlizi vasitəsilə ölkənin ümumi inkişafına daha fəal şəkildə qoşulmasına şərait yaradacaq:
“Yeni hüquqi şərait artıq formalaşıb. Konstitusiya islahatları Naxçıvanda operativ idarəçiliyin qurulmasına, çevik qərarların qəbuluna və kadr quruculuğuna yol açır. Bu həm regionun, həm də dövlətin gələcək inkişafına xidmət edəcək".
Deputat sonda vurğulayıb ki, layihəni dəstəkləyir və onun milli maraqlara cavab verdiyinə dərin inamını ifadə edir.

Nəşr edilib : 22.06.2025 12:49