NAXÇIVAN :

16 Iyul 2025, Çərşənbə

Yusif Məmmədəliyevin irsi Azərbaycan elminin qürur tarixidir

...

2025-ci ilin dekabrında görkəmli alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam elm və təhsil ictimaiyyəti tərəfindən dərin minnətdarlıqla qarşılanıb.
Bu barədə fikirlərini “Şərq qapısı” qəzetinə açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib.
Rektor qeyd edib ki, Ordubad torpağının yetirdiyi bu böyük alim yalnız Azərbaycan elminin deyil, ümumilikdə, dünya neft-kimyasının inkişafına sanballı töhfələr vermişdir:
“Yusif Məmmədəliyev neftin yüksək oktanlı aviasiya yanacaqlarına çevrilməsi sahəsində əldə etdiyi elmi nəticələrlə SSRİ miqyasında şöhrət qazanmış, eyni zamanda formalaşdırdığı neft-kimya məktəbi bu gün də Azərbaycan elmi üçün dəyərli miras olaraq yaşamaqdadır. 1954–1958-ci illərdə akademik Yusif Məmmədəliyev Azərbaycan Dövlət Universitetinin rektoru kimi tədris və elmi-tədqiqat prosesində mühüm islahatlar həyata keçirib. Onun rəhbərliyi ilə yeni tədris korpusu və poliklinika tikilib, kafedralar və problem laboratoriyaları yaradılıb. Dəqiq elmlər üzrə müasir proqramlar tərtib olunub, universitetin xarici ali məktəblərlə əlaqələri genişləndirilib. Yusif Məmmədəliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib və universitet bir sıra ordenlərlə təltif olunub".
Elbrus İsayev bildirib ki, bu Sərəncam Prezident İlham Əliyevin elm və ziyalılara verdiyi yüksək dəyərin daha bir nümunəsidir:
“Bu yubileyin dövlət səviyyəsində keçirilməsi, xüsusən də gənc alimlər və tələbələr üçün bir vətənpərvərlik və elmi ilham mənbəyidir. Naxçıvan Dövlət Universitetində də bu münasibətlə elmi tədbirlərin təşkili, akademik irsin təbliği və tədris mühitinə inteqrasiyası istiqamətində işlər görüləcək”.
Rektor sonda vurğulayıb ki, akademik Yusif Məmmədəliyev kimi şəxsiyyətlərin öyrənilməsi və yaşadılması həm milli özünüdərk, həm də elmi inkişaf baxımından olduqca əhəmiyyətlidir. O, bu mühüm qərara görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə elm ictimaiyyəti adından təşəkkür edib.

Nəşr edilib : 05.07.2025 18:45