NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Yurdda sülh, cahanda sülh

...

Sülh – dörd hərfdən ibarət olan bu söz özündə nələri gizlədir? Nədir dünya xalqları üçün bu sözün mənası? 1981-ci il... BMT-nin qərarı və 192 ölkənin səsi ilə Beynəlxalq Sülh Günü qəbul edilir. Hər kəsin diqqəti bu günə cəmlənir... Dünyada heç olmasa bircə günün müharibəsiz keçməsinə ümid etmək, həqiqətən, acınacaqlı haldır... 
Tarixboyu gedən müharibələr, qırğınlar ya qələbə, ya məğlubiyyət, ya da sülhlə yekunlaşır. Ta qədim dövrlərdən bu günə qədər sülh simvoluna çevrilən göyərçin azadlığa buraxılmamışdan qabaq azadlıqdan məhrum edilərək qəfəsə qoyulur... Həyat, həqiqətən, qəribədir... 
Sülh iki səbəbdən baş verir... Bir anlıq mübarizə aparan iki dövlət əl saxlayıb sülhə razı olur, ya da məcburi şəkildə qələbə çalan tərəfin qərarlarını qəbul edir... Sülh ön cəbhədən əlavə arxa cəbhə üçündür. Sülh cəbhədən əlavə insanlıq üçündür. 
Başqasının torpağına göz dikən xainlər, artan təcavüzlər, insan alverləri və daha nələr-nələr... Sülh gah müharibə zamanı valideynlərini itirən bir uşağın heç nəyi dərk etməyərək qorxu dolu gözlərlə dünya mətbuatlarının kameralarına baxması, gah da ən böyük qırğınların qarşısını alan bir məfhumdur. 
Müharibə sözünün sevinc, əmin-amanlıq kimi sözlərlə əvəz olunması daha yaxşı deyilmi? Tarix 1999-cu ili göstərir... Rejissor Ceremi Cilli cəmiyyətdə baş verən əsas problemlərin təcili həll olunması üçün “Peace one day”in, yəni “Bir gün sülh”ün yaradıcısı olur. Bir gün sülh – 21 sentyabr... 
Yaşından, irqindən, milliyyətindən asılı olmayaraq, hər kəs bu Yer kürəsinin bir sakinidir... Arxa cəbhədə olan bir xalq... Vaxtilə böyük generallar və marşallar belə müharibədən çəkinərək sülhə tərəfdar idilər, lakin nə etmək olar? Əfsuslar olsun ki, müharibələr tək tərəfli deyil... Gəlin biz də bu dünyanın bir fərdi olaraq “Yurdda sülh, cahanda sülh!” şüarına qulaq verək... Kin sözünü vicdanla, mərmi düşən torpaqları isə gül-çiçəklə əvəz edək...

Rafiq Təhməz

Nəşr edilib : 21.09.2024 08:59