NAXÇIVAN :

23 Aprel 2025, Çərşənbə

Yeni turizm mövsümündə qarşıda ciddi vəzifələr dayanır

...

Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən qədim və zəngin tarixi-mədəni irsə malik bölgələrindən biridir. Unikal coğrafi mövqeyi, sərfəli tranzit imkanları, zəngin təbii və müalicəvi ehtiyatları və qədim abidələri ilə Naxçıvan turizm üçün böyük potensiala malikdir. Bu potensialın dəyərləndirilməsi ilə bölgənin sosial-iqtisadi inkişafında əldə oluna biləcək nəticələr Naxçıvanı ölkəmizin yeddi mühüm turizm regionundan biri edir. Lakin hazırda blokada şəraitində olması və turizmin mövsümi xarakter daşıması bu sahənin inkişafında müəyyən çətinliklər yaratsa da, mövcud ehtiyatların qiymətləndirilməsi ilə Naxçıvanda turizmin mövcud vəziyyətinə, problemlərin həllinə və inkişaf perspektivlərinə dair optimist yanaşmaları ifadə etmək mümkündür. 

Naxçıvanda turizm mövsümi xarakter daşıyıb, əsasən, hava yolu ilə Bakıdan və Türkiyə üzərindən gələn turistlər hesabına formalaşır. Naxçıvandan quru yolla ölkəmizin digər regionlarına birbaşa çıxışın olmaması turist axınını məhdudlaşdırır, xüsusən yay aylarında hava nəqliyyatında müşahidə olunan sıxlıq ucbatından turistlərin gəlişində çətinliklər yaşanır. Bundan əlavə, Naxçıvanın iqlimi kontinental olduğundan, yay aylarının çox isti, qış aylarının isə sərt keçdiyindən əsas turist axını yaz və payız mövsümlərinə təsadüf edir. Bu da turizmin ilboyu stabil gəlir gətirməsinə mane olan amillərdən biridir. 
Regionda turizm infrastrukturu formalaşsa da, otellərdə yerlərin daim dolu olmaması turizm sahəsində gəlirliliyin aşağı səviyyəsini göstərir. 
Buna baxmayaraq, Naxçıvan geniş daxili turizm potensialına da malikdir. Tarixi-mədəni yerlərə, xüsusən Əshabi-kəhfə edilən ziyarətlər, Duzdağ və Darıdağ kimi sağlamlıq turizmi obyektləri və Şahbuz, Ordubad, Culfa və Şərurun dağlıq ərazilərindəki kənd turizmi imkanları yerli turistlərin marağını cəlb edə biləcək əsas məkanlardandır. Son illərdə kənd yerlərində turizm xidmətləri üzrə kiçik sahibkarlıq da inkişaf etməyə başlayıb ki, bu da yerli icmalar üçün yeni məşğulluq və daimi məskunlaşma səbəbi yaradır.
Naxçıvana səyahətin özünəməxsus təəssüratları vardır. Azərbaycan dövlətçiliyinin qədim tarixi izlərini yaşadan Naxçıvan müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin doğulduğu və 1990-cı illərin çətin dövrlərində fəaliyyət göstərdiyi məkan kimi 50 milyonluq azərbaycanlının səfər edəcəyi ən maraqlı məkandır. Burada turistlərin maraqla tanış olduqları Əlincəqala, Ordubad şəhərinin tarixi məhəllələri, Nuh Peyğəmbərin türbəsi, Xan Sarayı, Möminə xatın və Qarabağlar türbələri, Naxçıvandakı unikal muzeylər və digər tarixi məkanlar Naxçıvanın zəngin tarixini əks etdirən cəlbedici yerlərdəndir.
Naxçıvana səyahət sağlamlığın möhkəmləndirilməsi və bərpası üçün də ən yaxşı seçimlərdəndir. Təmiz, quru hava, az çirklənmiş ətraf mühit, sıx olmayan məskunlaşma və təmiz orqanik qidalar burada rekreasiya üçün cazibədar təkliflər hazırlamağa imkan yaradır. Duzdağ Fizioterapiya Mərkəzi və “Darıdağ” termal suyu sağlamlığın bərpası üçün, Batabat yaylağı, həmçinin Ordubadın, Şahbuzun dağ kənd­ləri isə sağlamlığın möhkəmləndirilməsi üçün yaxşı şərait vəd edir. Xüsusən kənd turizmi həm mənalı istirahət, həm də sosial-iqtisadi inkişaf baxımından Naxçıvanda daxili turizmin inkişafı üçün əsas göstərici olmaqdadır.  
Naxçıvanda turizm sektoru son illərdə burada aparılan islahatların ən uğurlu sahəsi olmaqdadır. Xüsusən yerli imkanlar hesabına burada yaradılmış kiçik istirahət məkanları və kənd kottecləri əhalinin məşğulluğu və azgəlirli insanların da aktiv səyahətə cəlbi baxımından özəl-dövlət əməkdaşlığına nümunə olmaqda blokadanı bəhanə gətirənlərə qarşı ən yaxşı cavabdır. Başqa sözlə, sırf kommunikasiyadan danışıb turizm planlanmasını bunun üzərinə qurmaqdansa, bir an öncə alternativ variantlar üzərində də düşünənlərə baxmaq turizmə məsul olan yoldaşların da diqqətindən qaçmamalıdır. Əgər şəhərdə çox sayda şadlıq evləri və ya turistik kəndlərdə bir neçə mərtəbəli fərdi villalar ucalırsa, bu,  dediyimiz  fikirlərə ən yaxşı sübutdur.  
Naxçıvanlılar isə hər il aktiv səyahətlərə yollanan insanlardır. Hava yolu ilə ölkəmizin digər yerlərinə, eləcə də Avropaya, quru yolla Türkiyə və Gürcüstana səfər edən muxtar respublika sakinləri evlərinə qayıtdıqda aldıqları təəssüratla yanaşı, xidmət mədəniyyəti və təşkilatçılıqdan da danışırlar. Təşkilatçılığın turizmdə əsas şərtlərdən biri olduğunu unutmasaq, bütün zəruri infrastrukturun yaradıldığı və dövlət dəstəyinin mövcud olduğu Naxçıvanda bu sahədəki problemlərin də özəyini görürük. Bu da, öz növbəsində, yeni mövsümdə turizm sahibkarlığının üzərinə böyük məsuliyyət qoyur. 
Turizm sahəsindən gəlir əldə olunması və ətraf mühitin qorunması bu sahənin dayanıqlı inkişafı üçün ilk şərtlərdən biridir. Bu mənada, muxtar respublikamızda xidmət sektorunun ekoloji tarazlığa töhfə verməsi və ölkəmizin iqlim dəyişikliyinin səbəblərinə qarşı mübarizə sahəsində üzərinə götürdüyü və uğurla davam etdirdiyi 
öhdəliklərlə uyğun şəkildə fəaliyyət göstərməsi ön planda olan məsələlərdəndir. Xüsusən ekoturizm məkanlarında turistlərin və yerli ekskursantların beynəlxalq normalara uyğun şəkildə istirahət və əyləncəsinin təşkili bu baxımdan ciddi amildir. Ümid edirik ki, yeni mövsümdə Naxçıvanın turizm üzrə məsul şəxsləri Batabatda ətraf mühitin təmiz saxlanılması, buraya həftəsonu səyahət edənlər üçün avtomobil dayanacaqlarının yaradılması, Küküdə, Keçilidə, Ərəfsədə dərman otlarının və dağ pencərlərinin qazanc üçün kökündən qazılmasının qarşısının alınması, Əlincəqalanın ətəyində buraya turistləri gətirən avtomobillər üçün yaradılan dayanacağın genişləndirilməsi kimi ilk baxışda kiçik görünən, amma turizm və ekoloji tarazlığa zərər vuran bəzi məsələlərin həllinə də diqqət edəcəklər. 
Həmçinin Ordubad şəhərinin turizm potensialından səmərəli istifadə olunması, dövlət başçımızın bu qədim şəhərin tarixi hissəsinin qoruma altına alınması və turizm məqsədilə istifadəsi üzrə qarşıya qoyduğu vəzifələrin icrası da bu il diqqətdə saxlanılacaq. Bu vəzifələr arasında isə, heç şübhəsiz, 5 iyun 2023-cü il tarixdə dövlət başçımızın Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da qeyd olunan Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artırılması və tarixi-memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması məqsədilə həmin abidələrin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün işlərin aparılmasını da xüsusilə qeyd etmək lazımdır.
İnsanlar öz əzizlərini, yaxınlarını ziyarət etmək üçün uzaqdan, yaxından səfərlərə çıxır, zəngin təəssürat alırlar. Naxçıvanda da mövsümü fürsət bilən insanlar üçün turizm səyahətləri ikiqat bayram və sevinc gətirir. Arzumuz odur ki, bütün ilboyu Naxçıvana səyahət edən turistlərin timsalında bu, davamlı olsun, insanlar bol qazanc əldə edib, doğma yurdumuzun zəngin qonaqpərvərliyini tanıtsınlar. 

Əli CABBAROV

Nəşr edilib : 15.04.2025 11:24