NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Yeni laboratoriyalar şagirdlərin elmi biliklərinin inkişafına xidmət edəcək

...

Xəbər verdiyimiz kimi, 2026-cı il aprelin 10-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp Azərbaycan şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Təhsil sahəsinin inkişafına yönələn əməkdaşlıq çərçivəsində ümumi təhsil və peşə təhsili müəssisələrində laboratoriya və emalatxanaların yaradılması nəzərdə tutulub. İmzalanmış əməkdaşlıq sazişi çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yeni laboratoriyalar yaradılıb. Yeni tədris ilində istifadəyə veriləcək laboratoriyalar şagirdlərin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə geniş imkanlar yaradacaq.
Biz də yaradılan yeni laboratoriyalarla yerində tanış olmaq üçün hər iki təhsil müəssisəsində olduq və müəllimlərin fikirlərini öyrəndik.
Heydər Əliyev adına tam orta məktəbin kimya müəllimi Nailə Qasımova bildirdi ki, təhsil müəssisəsində müasir kimya laboratoriyasının yaradılması tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək. Onun sözlərinə görə, yeni şərait şagirdlərə nəzəri biliklərini praktik fəaliyyətlə əlaqələndirmək, müxtəlif təcrübələr aparmaq və fənni daha dərindən mənimsəmək imkanı yaradacaq.
Müəllim qeyd edib ki, laboratoriya zəruri kimyəvi maddələr və avadanlıqlarla təchiz olunub. Təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə xüsusi sorucu şkaf quraşdırılıb, əyani vəsaitlərə uyğun olaraq məlumatlandırıcı plakatlar yerləşdirilib. Nailə Qasımovanın sözlərinə görə, yeni tədris ilindən etibarən kimya fənni üzrə praktik məşğələlərin və dərslərin laboratoriya şəraitində təşkili nəzərdə tutulur ki, bu da şagirdlərin fənnə marağının daha da artmasına şərait yaradacaq.
Laboratoriyaların tədris prosesindəki rolundan bəhs edən Qızlar Liseyinin kimya müəllimi Elmira Hüseynli də yaradılan şəraiti yüksək qiymətləndirib. O bildirdi ki, təhsil müəssisəsi uzun illərdir, qazandığı uğurlar və yetişdirdiyi məzunlarla muxtar respublikanın inkişafına öz töhfəsini verir. Onun sözlərinə görə, liseyin şagirdləri indiyədək daha məhdud laboratoriya imkanları şəraitində belə yüksək nəticələr əldə etməyi bacarıblar.
“Mən düşünürəm ki, yaradılan yeni laboratoriya şəraiti mövcud uğurlarımızın davamlılığını təmin etməklə yanaşı, onların daha da artmasına zəmin yaradacaq. Müasir avadanlıqlar və zəngin tədris imkanları şagirdlərin kimya fənninə marağını artıracaq, onların nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə şərait yaradacaq”, – deyə Elmira Hüseynli vurğulayıb.
Qeyd edək ki, laboratoriyalar müasir mebel avadanlıqları, sorucu şkaflar, təcrübə stolları, kimyəvi preparatlar, xammal kolleksiyası, müxtəlifölçülü kolba və sınaq şüşələri ilə təchiz olunaraq müasir tədris şəraiti  yaradılıb.

 Zəhra VƏLİYEVA
 

Nəşr edilib : 17.06.2026 14:57