NAXÇIVAN :

03 Fevral 2025, Bazar ertəsi

Yeni ixtisaslar hansı sahələri əhatə edəcək?

...

Günümüzdə əmək bazarının tələbləri davamlı olaraq dəyişildiyindən bəzi peşələrə, ümumiyyətlə, ehtiyac qalmır, əvəzində isə yeni yaranan peşə sahələrinə tələbat, həmin peşə üzrə mütəxəssis hazırlığı aparmaq üçün təsnifatın yenilənməsi və təsnifata yeni ixtisasların əlavə edilməsi zərurəti yaranır. Texnologiyanın sürətlə inkişafı, süni intellektin həyatımızdakı artan rolu da İT əsaslı ixtisaslara tələbatı artırmaqdadır. Son günlərdə bakalavr səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə olunub. Həmin ixtisaslar yeni dövrə uyğun, cəmiyyətin bütün sahələrində inkişafa təkan verə biləcək ixtisaslardır. Biz də mövzu ilə bağlı daha ətraflı məlumatı Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsinin müdiri Şahin Əliyevdən aldıq. 

Şahin müəllim bildirdi ki, 2025-2026-cı tədris ilindən tədris olunacaq yeni ixtisaslara marağın artırılması təkcə ali təhsil müəssisələrinin işi olmalı deyil, bu, eyni zamanda əmək bazarının da marağında olan məsələdir. 
Müsahibimiz deyir ki, bu ixtisaslar içərisində Data analitikası var. Data analitikası müxtəlif üsullardan istifadə edərək dataları götürür, həmin dataları təhlil və analiz edir, nəticələr və onlara əsaslanan proqnozlar barədə vizual hesabatlar hazırlayaraq şirkətlərə daha yaxşı iş qərarları vermələrində kömək edir. Pərakəndə və e-ticarət, maliyyə və bank işi, səhiyyə, istehsal və təchizat zənciri, nəqliyyat və logistika, marketinq kimi sahələrdə bu ixtisaslara ehtiyac duyulmaqdadır. Düşünürük ki, bu ixtisasın təsnifata daxil edilməsi həmin sahələrdə olan çətinlikləri aradan qaldıracaq və əmək bazarını ehtiyac olan peşə sahibləri ilə təmin edəcəkdir.
Yaradılan digər ixtisas Qida texnologiyalarıdır. Qeyd olunmalıdır ki, qida məhsullarının istehsalında yeni sənaye metodlarının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Qida istehsalı sənayesi qarşısında duran əsas məsələlərdən biri də insanları ekoloji təmiz və təhlükəsiz emal edilmiş məhsullarla təmin etməkdir. Yeni açılan ixtisas üzrə mütəxəssislər əmək bazarında özlərinə yer tapandan sonra bu məsələlər də öz həllini tapmış olacaq.   
Şahin müəllimin sözlərinə görə, gələcəkdə kənd təsərrüfatı texnologiyaları süni intellektlə ən son əvəzlənəcək ixtisaslardan biridir. Dünyada ərazisinə görə Azərbaycandan kiçik və daha az torpaq resurslarına malik ölkələr var ki, məhz müasir texnologiyalardan istifadə sayəsində kənd təsərrüfatı məhsulları üzrə liderlər sırasındadır. 44 günlük Vətən müharibəsindən sonra biz işğal olunmuş ərazilərimizi geri qaytardıq və geniş torpaq resurslarına çıxış əldə etdik. Qarabağ çox məhsuldar, qara torpaqla zəngin ərazidir. Amma, təəssüf ki, bu torpaqlar inkişaf etdirilməyib. Müasir texnologiyalar kənd təsərrüfatında çox vacib rol oynayır, çünki məhz bu texnologiyalar məhsul ixracını artırmaqla bu sektordan maksimum qazanc əldə etməyə imkan verir. Bu sahəyə tələbat da kifayət qədər yüksəkdir, çünki həyati əhəmiyyət kəsb edən qida ilə əlaqəlidir. Məhz bunlara görə də kənd təsərrüfatında ixtisaslı mütəxəssislərə, peşə sahiblərinə ehtiyac duyulur ki, bu peşə sahiblərini əmək bazarına hazırlamaq üçün kənd təsərrüfatı texnologiyaları ixtisasının təsnifata əlavə edilməsi mütləq idi. 
Müsahibimiz onu da diqqətə çatdırır ki, günümüzdə insanların bir çoxu müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bir çox hallarda insanlar internet resurslarından istifadə edərək yanlış məlumatlar əsasında pəhriz proqramlarından, müxtəlif diyetlərdən istifadə edərək əlavə problemlərlə rastlaşmalı olurlar. Diyetologiya ayrıca elm sahəsi olmaqla insanın düzgün qidalanmasıyla bağlı bütün məsələlərlə, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən və xüsusi qidalanmaya ehtiyacı olan bir qrup insanların qidalanması ilə məşğul olur. “Qidalanma və diyetologiya” adlı ixtisasın təsnifata salınması və kadr hazırlığının aparılması hər iki sahə üzrə problemlərin aradan qaldırılmasına kömək edəcək, eyni zamanda hər iki sahə üzrə mütəxəssislərin bir ixtisas adı altında hazırlanması bu sahədə mühüm nəticələr əldə edilməsinə şərait yaradacaqdır. 
İxtisaslar sırasında Proqram təminatı mühəndisliyi də var ki, burada əsas məqsədlərdən biri istehsal prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. Proqram təminatı mühəndisliyi proqram təminatının dizaynı, yaradılması, idarə edilməsi ilə maraqlanan sahədir. 
Heyvandarlıq ixtisasının təsis edilməsi və təsnifata salınmasında məqsəd kənd təsərrüfatı sektorunun inkişafını təmin etmək, müasir yanaşmalarla heyvandarlıq sahəsində kadr hazırlamaqdır. Bu sahə üzrə təhsil alacaq gələcək mütəxəssislər genetik seleksiya, qida təhlükəsizliyi, heyvan sağlamlığı və məhsuldarlığın artırılmasına köməkliklərini göstərəcəklər. 
Müsahibimiz deyir ki, universitetdə iki tədris dilində olmaqla, 80 bakalavr ixtisası üzrə mütəxəssislər hazırlanır. Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının tikintisi davam etdirilir ki, yeni açılan ixtisasların böyük əksəriyyəti məhz Texnoparkın fəaliyyət sahəsinə aiddir. O da vurğulanmalıdır ki, universitetlə dünya elektronika nəhəngi IBM arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu əməkdaşlıq çərçivəsində universitetdə Proqramlaşdırma Mühəndisliyi İnstitutunun yaradılması nəzərdə tutulub. Universitet olaraq biz ötən tədris ilində Proqramlaşdırma mühəndisliyi ixtisasının təsnifata əlavə edilməsi və bu sahədə kadr hazırlığının aparılmasına icazə verilməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırmışdıq. Çox sevindirici haldır ki, Proqramlaşdırma Mühəndisliyi İnstitutunun yaradılması üçün ehtiyacımız olan ixtisas artıq təsnifatda yer almışdır. Eyni zamanda tələbə qəbulu sifarişlərinin hazırlanması zamanı əmək bazarı nümayəndələrinin təklifləri nəzərə alınır. Qida sahəsi ilə bağlı universitetdə hazırlıq aparılması ilə bağlı əmək bazarından təkliflər daxil olub. Həm də Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi yeni yaranan strukturdur. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının ixtisaslı kadrlara olan ehtiyacının əsas hissəsi bizim universitet tərəfindən ödənilir. Ona görə də yaxın gələcəkdə universitetdə adıçəkilən ixtisaslar üzrə tələbə qəbulunun aparılması mümkün olacaq. Yeni ixtisasların açılması həm də Naxçıvan Dövlət Universitetinin bir çox ölkələrin nüfuzlu özəl və dövlət qurumları ilə olan əməkdaşlığına da öz töhfəsini verəcəkdir. 

Bülbül Quliyeva
 

Nəşr edilib : 03.02.2025 10:05