NAXÇIVAN :

02 Yanvar 2025, Cümə axşamı

Yeni ildə nə hədiyyə edək?

...

Bayramların ən gözəl özəlliklərindən biri, bəlkə də, birincisi insanları bir-birinə daha yaxın etməsidir. Bayram əhvali-ruhiyyəsi insanlarda o qədər xoş duyğular yaradır ki, hər kəs bu soyuq qış günlərində kimlərinsə qəlbini isitməyə can atır. Hədiyyələri sevməyən yoxdur. Hədiyyə verməkdən də zövq alanlar var, hədiyyə qəbul etməkdən də. Hər iki halda sevdiyimiz, dəyər verdiyimiz insanların üzündə təbəssüm yaratmaq özü belə bir xoşbəxtlik gətirir adama. Bəs hədiyyə seçimi necə olmalıdır? Qış günlərində ən çox hansı hədiyyələrə üstünlük verilir? Əminliklə demək olar ki, indi hər kəs ən yaxşı hədiyyəlik axtarışındadır. Öncəliklə hədiyyənin böyüyü-kiçiyi olmaz, – deyiblər. Həqiqətən də, bəzən öz əməyinlə sevə-sevə hazırlanan ən kiçik hədiyyə belə ən bahalı hədiyyədən dəyərli olur. Hədiyyə seçərkən, ilk növbədə, hədiyyə veriləcək insanın xarakteri, nələri sevdiyi, həyatımızda hansı yeri tutduğu və sair nəzərə alınır. Yeni ilin ən məşhur hədiyyələrindən biri qar kürəcikləridir. Tarixi XIX yüzilliyin sonlarına söykənən bu əşyanın içərisindəki fiqurlara görə anlatdığı duyğular fərqlidir. Bəziləri sevgini, bəziləri ümidi, bəziləri gedə bilmədiyimiz ölkələri  içinə alıb ovuclarımıza buraxır. Bu kürəcik insanın daha çox saf və təmiz duyğularla xatırlanması anlamını daşıyır.

Soyuq qış günlərində ən yaxşı hədiyyələrdən biri isə sevdiklərimizin əllərini isti tutacaq bir cüt əlcək, başını soyuqdan qoruyacaq qalın papaq və bir cüt yun corab da ola bilər. Köhnə ildə yaşanılan gözəl günlərin əbədiləşdirilmiş fotoşəkillərindən ibarət albom, isti geyimlər, ətirlər, çay fincanları, yeni ildə içinin pulla dolu olması nəzərdə tutularaq alınmış pul qabları, zinət əşyaları, qol saatları, suvenirlər, şokoladlar və sair sevilən hədiyyəliklər sırasındadır.

Maddi dəyərindən asılı olmayaraq, bütün hədiyyələr gözəldir. Bəzən, sadəcə, düşünmək belə kifayət edir. Sevdiklərimizi sevindirmək isə çox asandır və bu öz əlimizdədir. Çalışaq təkcə bayramlarda deyil, digər günlərdə də bir-birimizi arayaq, axtaraq, əzizləyək, sevindirək. Çünki dünyanı birlik, həmrəylik və sevgi xilas edəcək.

                                   Türkanə ƏSƏDOVA

Nəşr edilib : 30.12.2024 17:30