NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Yeni il inancları

...

Artıq yaxşısı, pisi, bizə gətirdikləri, bizdən apardıqları, uğurlarımız, məğlubiyyətlərimiz, həyatımıza müsbət, yaxud mənfi nələrinsə qatıldığı bir ili daha geridə qoyuruq. Yeni ilin pəncərəsindən köhnə ilin astanasına boylandığımız bu günlərdə hər birimizin duyğuları fərqlidir. Yeni il yeni arzular, yeni ümidlər, yeni duyğular doğurur qəlbimizdə. Təbii ki, hər birimiz özümüz, ailəmiz, yaxınlarımız üçün hər şeyin ən yaxşısını diləyirik yeni ildən və bu, dünyanın bütün xalqlarında eynidir. Məhz yeni ilin həyatımıza müsbət aura bəxş etməsi istəyi insanlar arasında müxtəlif inanclara yol açmışdır. Öncə başlayaq yeni ilin qarşılanmasından. Belə ki, xalq arasındakı inanca görə, köhnə ilin mənfi aurasından qurtulmaq, sadə dillə desək, köhnə ildə qalmamaq üçün mütləq saat 12-ni gözləmək lazımdır. Ölkəmizdə də bu bayram xüsusi ab-hava ilə qeyd edildiyindən hər kəs bu inanca sadiq olmağa çalışır. Köhnə ili yola salıb yeni ili qarşılamaq üçün insanlar evdə domino, dama, şahmat, loto, səssiz film kimi oyunlar oynayır, sevdikləri ilə birgə karaoke ilə əyləncəli anlar keçirir, yaxud bayram əhvali-ruhiyyəli verilişlərə və kinolara baxırlar. Digər bir qisim isə saat 12-nin gəlişini şəhərdə quraşdırılmış nəhəng şam ağacı ətrafında qarşılamağa üstünlük verir.

Qırmızı paltar geyinmək də bir növ bayram adəti sayılır. Belə ki, inanca görə yeni ildə qırmızı rəngli paltar geyinmək insana uğur və zənginlik gətirir. Bunlar bir çox dövlətlər arasında ortaq inanclardır. Lakin bir sıra ölkələr var ki, mövzu ilə bağlı onlarda müxtəlif inanclar mövcuddur. Məsələn, Rusiyada insanlar arzularını yazdıqları kağızları yandırır, yandırdıqları kağızları şəraba qatıb içərək həmin arzuların həyata keçəcəyinə inanırlar. Çində uğur gətirməsi üçün uşaqlara qırmızı zərflərdə pul paylanır və keçən ilə aid uğursuzluğu qovmaq üçün evlər təmizlənir. Danimarkada inanca görə bəxti gətirmək istəyən hər kəs evi qarşısında boşqab sındırır. İtalyada insanlar pəncərələrdən köhnə ev əşyalarını atmaqla pis fikirlərdən, uğursuzluqlardan azad olacağını düşünürlər. Ümumiyyətlə, yeni ilə yeni geyimlərlə daxil olmaq, uğursuzluq gətirməməsi üçün köhnə il bitməmiş təqvimi yeni ilə çevirməmək, yeni il axşamı paltar yumamaq, pul sıxıntısı çəkməmək üçün hər yerə bir az pul qoymaq və sair kimi müxtəlif inanclar mövcuddur.

Kimin hansı formada, hansı adət və ənənələr əsasında qarşılamasından asılı olmayaraq yeni ilin hər kəsə sağlamlıq, xoşbəxtlik, uğur gətirməsini arzu edir və elimizə-obamıza firavanlıq diləyirik. Bayramınız mübarək!

                   Türkanə ƏSƏDOVA

Nəşr edilib : 31.12.2024 22:14