NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Yeni dövrdə turizmin inkişafı üçün qarşıya ciddi vəzifələr qoyulub

...

Müasir cəmiyyət həyatında yerinə yetirdiyi funksiyalarla turizm regional inkişafın vacib mexanizmi və sosial-mədəni həyatın mühüm tərkib hissələrindən biridir. Rekreasiya və yaradıcı əmək fəaliyyəti bir-biri ilə sıx bağlı olduğundan turizmin inkişafından dövlətin gözlədiyi nəticələr arasında asudə vaxtın səmərəli keçirilməsi, insanların fiziki və mənəvi sağlamlığı və turizm destinasiyası timsalında ölkənin beynəlxalq aləmdə tanıdılması kimi mühüm hədəflər vardır. Odur ki, hazırkı dövrdə ölkəmizdə, eləcə də onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlətimiz tərəfindən müəyyən olunmuş prioritet inkişaf istiqamətləri arasında turizmin yer tutması təsadüfi olmayıb, bu sahənin yeni dövrün tələbləri arasındakı mövqeyi ilə izah olunur.

Hazırkı isti yay fəslində əhalinin, xüsusən də balacaların istirahət günlərində müxtəlif istiqamətlərə üz tutanların sayı daha çox olur. Eləcə də turizm sahəsində iş görənlər də bu mövsümdə daha çox komfortlu xidmət sata bilmək üçün müxtəlif biznes ideyaları üzərində çalışmaqla bu geniş imkanlı sektorda öz yerlərini tutmağa çalışırlar. Naxçıvanın davam edən mövcud blokada vəziyyətində turizmə verilən diqqət isə, hər şeydən əvvəl, buradakı zəngin turizm ehtiyatlarına, bölgənin əlverişli tranzit mövqeyinə, ümumi turizm infrastrukturunun vəziyyətinə və yerli əhalinin yüksək qonaqpərvərliyinə əsaslanır. Buna görə də, xüsusən son illərdə Naxçıvanda yaranmış sərbəst iqtisadi fəallıq mühitində turizmin inkişafından danışdıqda əhalinin çoxdan arzuladığı komfortlu sosial-mədəni xidmətlərə çıxışının asanlaşması, xüsusən ucqar dağlıq ərazilərdə həm turistlərin, həm də yerli əhalinin istifadə edə biləcəyi rekreasiya, istirahət, əyləncə və tanışlıq məzmunlu servislərin sayının və çeşidinin çoxaldılması problemləri yada düşür. Ayrıca olaraq turizmin çoxşaxəli fəaliyyət növü olması, burada turistlərin maraqlarının dövlət, region, yerli icma, bələdiyyə və özəl sektor mənafeləri ilə düzgün əlaqələndirilməsi, habelə ekoloji tələblərə əməl olunması və sahədə dayanıqlılığa nail olunması kimi ciddi problemlər turizmin inkişafında qarşıya qoyulmuş vəzifələrdəndir. Bütün bunlar və digər mühüm məsələlərin əhəmiyyətini və həlli yollarını isə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda görmək mümkündür.

Naxçıvanın istər təbii, istərsə də tarixi-mədəni turizm ehtiyatları sarıdan kifayət qədər zəngin resursları vardır. Bunları bitkin turizm potensialı şəklində son məhsula çevirib turistlərə təklif edə bilmək üçün yeni layihələr həyata keçirilməsi, xarici təcrübənin öyrənilməsi günün aktual məsələlərindəndir. Turizm canlı servislərə və qonaqpərvərlik elementlərinə həssas olduğundan gələcəkdə bura süni intellektin tətbiq ehtimalı da zəif, dolayısı ilə yeni startaplara da geniş meydan aça bilən sahədir. Ayrıca olaraq turistlərin tipologiyası və ölkə mənşəyi kimi mühüm faktorlar burada yaradıcı təşəbbüsləri, hər cür yenilikci ideyaları irəli aparmaqla sahəni cazibədar hala gətirir. Məhz buna görə də ölkəmiz də turizm işinin təşkili və digər ixtisaslar üzrə müxtəlif ali təhsil müəssisələrində, o cümlədən Naxçıvan Dövlət Universitetində kadr hazırlığının aparılması bu sahənin inkişafında mütəxəssis hazırlığına qarşısında qoyulmuş vəzifələrin əhəmiyyətindən xəbər verir. Gələcəkdə Naxçıvanda yaradılacaq turizm-rekreasiya zonaları üzrə planlaşdırma və idarəetmə məsələlərinin həllində ixtisaslı kadrların gücündən istifadə turizmdən arzuedilən nəticələrin əldə olunmasında mühüm şərt kimi dövlətimiz tərəfindən irəli sürüməkdədir. Turizmin idarəolunmasının bu sahə üzrə ali təhsil almış gənclərə həvalə olunması burada təşəbbüskarlığı və tələbkarlığı müəyyən edən şərtlərdəndir. Bu məqamda işğaldan azad olunmuş ərazilərimizdə də turizmin prioritet sahələrdən biri olduğunu qeyd edərək Qarabağ Universitetində Turizm ixtisası üzrə bu il 120 dövlət sifarişi yeri olduğunu da misal çəkmək yerinə düşər.

Naxçıvan Muxtar Respublikasında yeni iş yerlərinin yaradılması və iqtisadi fəallığın artırılması istiqamətində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün turizmə verilən diqqət, ümumilikdə, bu sahədən gözlənilən nəticələrlə görmək mümkündür. Əhalinin asudə vaxtının səmərəli təşkili bu gün sosial həyatın mühüm məsələlərindən biri olduğundan burada qarşıya qoyulan əsas vəzifə bütün əhali təbəqələrinin, xüsusən gənclərin bu istiqamətdə olan tələbatlarının ödənilməsində turizmin aparıcı rolundan maksimum istifadə edilməsi ilə əlaqədardır. Turizm iqtisadi fəallığın artırılmasında və sosial həyatın canlandırılmasında mühüm funksional gücə malik olduğundan onun bir prioritet sahə kimi Naxçıvanın inkişafı ilə bağlı Dövlət Proqramında yer alması da təsadüfi deyildir. Regiondakı iqtisadi fəallıq, son nəticədə, özünü servislərin əlçatanlığında, çeşidi və keyfiyyətində təzahür edərək, əhalinin daimi məşğulluğu və məskunlaşmasında özünü göstərir.

Hazırda regionumuzda turizmin inkişafı məqsədilə qarşıda Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planının hazırlanması və müvafiq qiymətləndirmənin aparılması və yekunda turizm klasterlərinin formalaşdırılması kimi vəzifələr dayanır. Hesab olunur ki, muxtar respublika ərazisində müəyyən coğrafi ərazidə cəmlənmiş, birbaşa və ya dolayı yollarla turizmə cəlb olunmuş resurslar və məkanlar, biznes təyinatlı və digər müxtəlif müəssisələr turizm klasterləri formalaşdırmaqla turizmin inkişafı üzrə mövcud dünya təcrübəsinin tətbiqinə imkanlar yaradacaqdır. Turizm üzrə ekspertlərin yekun rəyləri əsasında Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planının hazırlanmasında istifadə olunacaq xəritələrin hazırlanması məqsədilə turizm potensialı yüksək olan tarixi abidələrin və mehmanxanaların yerləri müəyyənləşdirilmişdir. Xəritə üzərində qeyd olunmuş turizm resursları və cəlbedici turizm obyektləri muxtar respublikanın turizm potensialını vizual olaraq vahid xəritə üzərində toplamaqla turizm klasterlərinin təkmilləşdirilməsi və turizm rekreasiya zonalarının yaradılması zamanı qərarvermə proseslərində istifadə olunacaqdır. Bütün bunlar isə çox vacibdir. Belə ki, təxminən, 15-20 il əvvəl Naxçıvanda yeni fəaliyyətə başlayan turizm şirkətləri bölgənin turizm marşrutları və yaxud turistlərə təklif olunacaq tur zərflərin tərkibindəki yemək menyusu üzərində düşündükləri halda artıq muxtar respublikada rekreasiya zonalarının xəritələnməsi müzakirələri aparılmaqdadır.

Bu gün dünyanın gözü Azərbaycanda, onun qardaş Türkiyəyə, oradan da Avropaya açılan qapısı Naxçıvandadır. Əminliklə demək mümkündür ki, yaxın gələcəkdə ölkəmizin əsas hissəsi ilə kommunikasiyaların tam bərpa olunmasından sonra Naxçıvana da gediş-gəlişin dəfələrlə asanlaşacağından bu gün həyata keçirilən planlaşma işlərinin əhəmiyyəti bir daha görünəcəkdir. Hazırda isə görünən odur ki, artıq qarşıdan daha qaynar payız turizm mövsümü gəlir və bu mövsümdə turistləri qarşılamaq üçün hazır olmalıyıq.

Əli CABBAROV

Nəşr edilib : 26.08.2024 15:19