Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində ...
09:28 29.01.2025
0
0
0
NAXÇIVAN :
29 Yanvar 2025, Çərşənbə
Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasından 32 il ötür.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin elə bir dövründə yaradıldı ki, ölkə çox ağır bir dövrdən keçirdi. Ölkədə dərin böhran hökm sürür, siyasi hərc-mərclik baş alıb gedir, ölkə xaosa sürüklənirdi. Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi.
Tarixin belə mürəkkəb bir dövründə 1992-ci ilin oktyabr ayında 91 nəfər Azərbaycan ziyalısı Ümummilli Lider Heydər Əliyevə müraciət göndərərək Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərlik ediməsini təklif etdilər. Sonradan tarixə “91-lər”in müraciəti kimi daxil olan sənəddə qeyd olunurdu: “Hörmətli HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz...”
Ulu Öndər Heydər Əliyev Azərbaycan ziyalılarına göndərdiyi cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və partiyaya rəhbərlik etməyə razılıq verdi.
1992-ci ilin noyabr ayının 21-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması barədə qərar qəbul edildi və Heydər Əliyev partiyanın sədri seçildi. Bununla da müstəqil Azərbaycanın siyasi tarixində silinməz izlər qoyan fenomen bir partiyanın əsası qoyuldu.
Partiyanın yaranmasından 6 ay sonra partiyanın sədri Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcı oldu.
Bu gün Yeni Azərbaycan Partiyası 32 illik şərəfli bir yol keçərək güclü siyasi təşkilata çevrilmişdir. Partiyanın yaradıldığı ilk gündən bəri əsas məqsədi müstəqilliyimizin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların müstəqil dövlətçilik ideyası və Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsi olmuşdur.
Üzərinə götürdüyü tarixi missiyanı uğurla yerinə yetirən partiya müxtəlif dövrlərdə keçirilən seçkilərin mütləq qalibi oldu. Çünki Azərbaycan xalqı onları işıqlı gələcəyə aparacaq siyasi qüvvənin Yeni Azərbaycan Partiyası olduğunu çox yaxşı bilirdi. Xalqın sevgisinin digər səbəbi isə lider faktoru idi. Yeni Azərbaycan Partiyasına XX əsrin ən böyük siyasətçilərindən birinin – Ulu Öndər Heydər Əliyev kimi dahi bir şəxsiyyətin rəhbərlik etməsi xalqın partiyaya rəğbətinin ən böyük səbəblərindən biri idi.
Yeni Azərbaycan Partiyasının fəaliyyətini, onun ölkəmizin siyasi həyatındakı mühüm rolunu, üzərinə götürdüyü tarixi missiyanı Ümummilli Lider Heydər Əliyev belə ifadə edirdi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.
Bəli, Yeni Azərbaycan Partiyası dünənimizin xilaskarı, bu günümüzün təminatı, gələcəyimizin isə qarantıdır.
Bu gün isə Ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası siyasi arenada böyük gücə çevrilib. Partiyanın 730 mindən çox üzvü var. Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizi gənclərdir. O gənclər ki, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək cəbhədə vuruşaraq torpaqlarımızı işğaldan azad etdilər, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər, bizə qələbə sevincini yaşatdılar.
Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra yaranmış yeni reallıqların işığında ölkəmiz Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla irəliləyəcəkdir.
Əjdər Əliyev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər