NAXÇIVAN :

18 Aprel 2025, Cümə

Yazın şəfalı müjdəçiləri

...

Öz rəngini Günəşin zərrin şəfəqlərindən alan, yaşıl dona bürünərək yenicə torpaqdan baş qaldırmış şəfalı otlar və yaz pencərləri ilə bəzənmiş təbiət baharın müjdəçisidir. Naxçıvan sakinləri də bu torpaqda yetişən min bir dərdin dərmanı olan şəfalı otlar və yaz pencərləri yığaraq həm süfrələrini bəzəyir, həm də qış üçün tədarük edirlər. Hansı ki bu nemətlərdən ilboyu faydalanmaq mümkündür. Təbiətin qoynunda yetişən bitkilər – qazayağı, cincilim, unnuca, xıncılovuz, çiriş, əvəlik, kəklikotu, uşqun, bolu, cacıq, çaşır, dağ göbələyi, yarpız, nanə və daha sadalamadığımız onlarla belə bitkilər şəfa qaynağıdır. 

Biz də “Şərq qapısı” komandası olaraq  zəhmətkeş insanlarla birgə üz tuturuq çöllərə. Babək rayonunda yurdumuzun qonaqpərvər insanları ilə görüşüb onlarla bərabər peçər yığırıq. Zəhra Mehdiyeva deyir ki, artıq illərdir, yaz aylarında qohum-qonşu qadınlarla birgə şəfalı bitkilər toplayırıq. Bu bitkiləri toplamaq sizə heç də asan gəlməsin. Elə onunla birlikdə biz də kənd ərazisindəki sahədə gəzərək yolboyu pencərlərin yığılma qaydasından və necə bişirilməsindən danışdıq. Müsahibimiz deyir ki, bu sahələrdə də növbənöv pencərlər yetişir: “Bizdə çaşırından, qazayağıdan, cacığından, çirişindən, dağ kəvərindən yığırıq. Ailələr var ki, bu pencərlərdən  yığıb sataraq qazanc əldə edirlər.  Təbiətin bizə bəxş etdiyi  gözəl mənzərələr fonunda  bitkiləri yığmağın maraqlı tərəfi və  sağlamlığa faydası var.  Bu dəqiqə bazarda ən qiymətli bitki elə burada yetişən pencərlərdir. Yaşlı nəsil olaraq daha çox  sevir və istifadə  edirik. Ətrafa nəzər salan zaman görərsiniz ki, başqa kəndlərdən  də bu bitkiləri yığmaq üçün gələnlər çoxdur. İndi bazarlarımızda yazın bu yaşıl neymətləri piştaxtaları bəzəyir. Hər biri də münasib qiymətə.  Bu günlərdə ən çox tələbat da elə bu  qida bitkilərinədir. Hətta aralarında cacıqdan, çirişdən, qazayağıdan alıb qışa tədarük görənlər də var”.

Xeyli pencər yığaraq evə üz tutduq. Topladığı pencərlərdən hazırlanan yeməyin qaydasından da danışır Zəhra Mehdiyeva: “Qazayağını yaxşı təmizlədikdən sonra kiçik ölçülərdə doğrayıb qaynadırıq ki, acı suyu təmizlənsin. Sonra qazanda yağda qovrulan soğanın üzərinə əlavə edirik. İçliyə zövqə görə duz, istiot, bir də başqa növ göyərtilər də əlavə etmək olar. Qış üçün tədarük etdiyimiz bu pencərləri Naxçıvan qovurması ilə bişirəndə daha ləzzətli olur. Bu da yeməyə ayrı ləzzət qatır”.

Bir az  dincəldikdən sonra milli mətbəximizin dadlı yemək növlərindən olan pencər kətəsinin hazırlanır. Zəhra nənə kətəni hazırlayarkən söhbətə davam edir: “Biz kətəni uzun illərdir, sac üstündə bişiririk. Hər kəs ocaq üzərində sacda bişən kətəni daha çox sevir. Bu fəsildə də kətənin içliyi  yaz pencərlərindən olduğu üçün daha fərqli və dadlı olur. Bişdikdən sonra arasına kərə və ya bitki yağı qoyularaq süfrəyə verilir.  İstifadə etdiyimiz şəfa mənbəyi olan  bu bitkilərdən həm də bir çox xəstəliklərin müalicəsində istifadə edilir”.

Biz də elə isti ocaq başında bişən bu nemətlərin dadına baxıb qonağı olduğumuz evdən  “Allah  süfrənizi bol, işlərinizi avand etsin”, – deyib ayrılırıq.

Bülbül QULİYEVA

Nəşr edilib : 11.04.2025 14:51