"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş şa...
18:13 26.04.2025
0
0
0
NAXÇIVAN :
26 Aprel 2025, Şənbə
Hansı hallarda zəhərlənmə baş verə bilər?
Elə ki yaz ayları elimizə qədəm qoydu, yağıntıların başlaması ilə bərəkətli torpaqlarımızda hələ keçmişlərdən həm qida, həm də müalicəvi vasitə kimi istifadə olunan göbələklər boylanmağa başlayır. Sağlamlığımız üçün əvəzsiz qida sayılan göbələk zəngin tərkibə, çoxlu faydalara malikdir. Bəzən, hətta göbələyin əti əvəz etdiyini belə söyləyirlər. Bu ləzzətli tərəvəzin müxtəlifrəngli çeşidləri mövcuddur. Lakin bununla belə hər göbələyi də yığıb istifadə etmək düzgün deyil.
Araşdırmalardan məlum olur ki, immunitet sisteminin gücləndirilməsində, sümük, bağırsaq sağlamlığında, ürək-damar xəstəliklərinin, hüceyrə yaşlanmasının qarşısının alınmasında göbələyin faydası çoxdur. Göbələyin daha hansı faydaları var? Hansı göbələklərdən istifadə etmək olmaz? Nə zaman bu məhsuldan zəhərlənmə baş verə bilər? Bu və bu kimi suallara ətraflı cavab almaq üçün Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Toksikolologiya şöbəsinin həkim-toksikoloqu Ramin Qəmbərova müraciət etdik.
Əvvəlcə göbələyin sağlamlığımız üçün faydalarından bəhs edən müsahibim deyir ki, göbələyin tərkibində insan orqanizmi üçün enerji mənbəyi hesab edilən və maddələr mübadiləsində əvəzsiz rolu olan polisaxaridlər, aminturşular, zülallar, müxtəlif vitaminlər (məsələn, D vitaminin bir forması olan erqokalsiferol), antioksidantlar, müxtəlif minerallar vardır. Lakin bununla belə bəzən göbələkdən zəhərlənmə halları da qaçınılmaz ola bilir. Təbiətdə yetişən və təkibində toksiki maddələr (muskarin, iboten turşusu, musimol, koprin, siklopeptidlərdən amatoksin, fallotoksin, virotoksin, monometilhidrazin, psilosibin, psilosin, orellin və orellanin) olan zəhərli göbələklərin (solğun əzvay göbələyi, yalançı quzuqulağı göbələyi və sair) səhvən yeyilməsi zamanı zəhərlənmə baş verir.
“Bəs allergik reaksiyaları ola bilərmi?” sualımızı həkim-toksikoloq belə cavablandırdı: – Bəli, ola bilər. Çünki göbələyin tərkibində sadaladığımız kimyəvi maddələr (zülallar və aminturşular) və onlardan əlavə güclü allergen xüsusiyyətlərə malik haptenlər vardır. Hamımızın yaxşı tanıdığı antibiotik penisillin göbələklərdən alınır və bəzən çox güclü allergik reaksiyalar verir.
Düzgün qaydada bişirilməyən göbələklər də bəzən təhlükəli ola bilir. Ramin həkim deyir ki, zəhərli olmayan, təzə, dondurulmuş, qurudulmuş ya da konservləşdirilmiş faydalı göbələklərin (məsələn, şampinyonlar) saxlanması, emalı və bişirilməsi zamanı sanitar-gigiyenik qaydalara riayət edilməməsi nəticəsində toksiki maddələr əmələ gəlir, yaxud xəstəlik törədən bakteriyalarla çirklənərək zəhərlənməyə səbəb olur.
Müsahibimin sözlərinə görə, zəhərlənmə əlamətləri ən çox yaz və payız aylarında olur. Göbələyin tərkibində olan toksinin növünə görə əlamətlər özünü erkən dövrdə, (ilk 2 saat ərzində) yaxud gec (6 saatdan çox müddətdə) büruzə verir. Zəhərlənmə özünü mədə-bağırsaq pozğunluqları şəklində (ürəkbulanma, qusma, ishal) qaraciyərin, böyrəklərin, sinir sisteminin zədələnməsi əlamətləri ilə göstərir.
Həkim deyir ki, bu halda mütləq zəhərlənmə əlamətləri olan xəstələri təcili qaydada xəstəxanaya çatdırmalı, eyni yeməklə qidalanmış, lakin zəhərlənmə əlamətləri olmayan şəxsləri də nəzarətdə saxlamaq lazımdır. Bu zaman mümkün qədər tez müddətdə xəstələr qusdurulmalı, mədəsi yuyulmalı və zəhərlənmə əleyhinə intensiv müalicə aparılmalıdır.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər