Naxçıvanda avtomobil piyadanı vurub
17:33 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Prezident İlham Əliyevin apardığı çoxvektorlu xarici siyasət, məharətli diplomatiya respublikamız tərəfindən irəli sürülən təşəbbüs və layihələrə böyük inam və etibar yaratmaqla yanaşı, Azərbaycan liderinə beynəlxalq nüfuz və dərin siyasi etimad, hörmət qazandırıb. Dövlət başçımızın ən mötəbər tədbirlərə, forum və sammitlərə fəxri qonaq qismində dəvət alması və çıxışlarının dünya mediasının gündəminə çevrilməsi bunun əyani, bariz göstəricilərindəndir. Prezident İlham Əliyevin oktyabrın ilk 15 günündə 4 (Avropa Siyasi Birliyinin Sammiti, Türk Dövlətləri Təşkilatının Sammiti, MDB Sammiti, Yaxın Şərq Sülh Sammiti) beynəlxalq əhəmiyyətə malik sammitdə iştirakı, onlarla lider və siyasi, iqtisadi təşkilat rəhbəri ilə görüşlər keçirməsi Azərbaycanın universal, balanslı diplomatiyasının təntənəsidir. Oktyabrın 13-də Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə məhz Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə çağırılan Yaxın Şərq Sülh Sammitində iştirakı isə Azərbaycanın beynəlxalq səviyyədə sülhü dəstəkləyən, barışdırıcı mövqeyi ilə seçilən etibarlı tərəfdaş ölkə kimi kifayət qədər rəğbət və inam qazandığını sübut edir.
Məlum olduğu üzrə oktyabrın 9-da İsrail və Fələstinin HƏMAS hərəkatı Yaxın Şərqdə vəziyyətin nizamlanması üçün sülh planı çərçivəsində ilk razılaşmaları imzalayıb. Bu razılaşmaya əsasən HƏMAS bütün girovları azad etməli, İsrail isə qoşunlarını razılaşdırılmış xəttə çəkməlidir. Artıq oktyabrın 10-da İsrail ordusunun qüvvələri anklavdakı müəyyən olunmuş xətlərə ilkin çıxarılmanı başa çatdırıblar. Oktyabrın 13-də HƏMAS 20 israilli girovun hamısını Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Fələstin hərəkatı hələ ölmüş 28 girovun meyitini də təhvil verməlidir. İsrail isə 1,9 mindən çox fələstinli məhbusu azad etdiyini açıqlayıb. Tərəflər arasında rəsmən atəşkəs elan edilsə də, hələ də həll olunmamış bir çox məsələlər qalmaqdadır. Bu baxımdan, oktyabrın 13-də Misirin Şarm əş-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitinin çağırılması prosesin nizama salınması istiqamətində fikir mübadiləsinin aparılması, eləcə də nəticəyönümlü ciddi addımların atılması məqsədi daşıyırdı və bu məqsədə böyük mənada çatdığını söyləmək olar. Sammit çərçivəsində Qəzza zolağında atəşkəslə bağlı yekun sazişin imzalanması Yaxın Şərqin taleyində dönüş nöqtəsi kimi bu fikirləri daha da qüvvətləndirir. Donald Tramp haqlı olaraq Qəzza sazişini ən böyük və ən mürəkkəb saziş adlandırdı: “Onlar həmişə Yaxın Şərqdə III Dünya müharibəsinin başlayacağından danışırlar, lakin bu, baş verməyəcək. Biz bunun heç bir yerdə başlamasını istəmirik və bu, baş verməyəcək”.
Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət alması dövlətimizin sülh, humanizm siyasətinin və xalqımızın milli maraqlarının beynəlxalq səviyyədə dəstəkləndiyini bir daha göstərir. Digər tərəfdən nəzərə alsaq ki, Türkiyə Yaxın Şərqdə münasibətlərin tənzimlənməsində əsas aktorlardan biridir, o zaman qardaş ölkənin strateji müttəfiqi kimi, Azərbaycanın da mövqeyi önəmlidir və sammit göstərir ki, bu önəm mütləq şəkildə nəzərə alınır. Vurğulamaq yerinə düşər ki, ölkəmizin xarici siyasətindəki çoxvektorlu, balanslı yanaşma onun eyni anda həm İsraillə, həm də Fələstinlə yüksəksəviyyəli əlaqələrinin qurulmasına maneə yaratmamaqla yanaşı, tərəflər arasında münasibətlərin bərpasında obyektiv vasitəçi missiyasını yerinə yetirməyə də imkan verir.
Ümumiyyətlə, respublikamızın barışdırıcı mövqeyinin coğrafiya və istiqamət baxımından əhatə dairəsi olduqca genişdir. Azərbaycan zaman-zaman həm İsrail-Türkiyə, həm Rusiya-Ukrayna, eləcə də Suriyadakı vəziyyətlə bağlı mütərəqqi addımlar atıb, tərəflər arasında münasibətlərin nizama salınmasında barışdırıcı aktor kimi çıxış edib. Azərbaycanın sülh, humanizm siyasəti özünü 14 illik vətəndaş müharibəsindən çıxmış Suriyaya qaz nəqlində, müharibə şəraitində yaşayan, acınacaqlı vəziyyətdə olan Ukraynaya humanitar yardımda, Fransanın neokolonializm, müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqlara, iqlim dəyişmələrindən fəsad görən kiçik ada dövlətlərinə hərtərəfli dəstəkdə göstərir. Respublikamızın BMT-dən sonra ikinci ən böyük təsisat sayılan Qoşulmama Hərəkatına 4 il sədrlik dönəmində, xüsusilə də COVİD-19 pandemiyası ilə mübarizədə, həmçinin ötən il 200-ə yaxın ölkənin yekdil qərarı ilə Bakıda keçirilən COP29 konfransında diplomatiyamızın sülh, ədalət prinsipləri bariz formada, qəti şəkildə ortaya qoyulub.
Prezident İlham Əliyevin ən böyük sülhsevər missiyası, sözsüz ki, məhz 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli sülhlə bitməsinə nail olmaq idi. Beş il bundan öncə 2020-ci il sentyabrın 27-dən etibarən 44 gün davam edən müharibədə ədalətli zəfər qazanan ölkə başçımız 5 il sonra - bu il avqustun 8-də Vaşinqtonda sülh masası arxasından diplomatik zəfərlə qalxdı. Məhz bütün bu reallıqları yaratmağın nəticəsidir ki, bu gün Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitinə dəvət olunmuş sayılıb-seçilən liderlər arasındadır və dünya əhəmiyyətli münaqişənin həllinin fəal iştirakçısıdır. Siyasi qətiyyətin, məharətli diplomatiyanın təntənəsidir ki, dünyanın ən güclü ölkəsi ABŞ-nin rəhbəri Prezident İlham Əliyevin ünvanına rəğbət dolu ifadələr səsləndirir, nəcib jestlərlə öz hörmətini ifadə edir. Sammitdə Donald Trampın Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunması və “Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi?” deməsi dünyanın ən güclü ölkəsinin başçısının Azərbaycan liderinə, onun mövqeyinə inamının, etimadının göstəricisidir.
Yaxın Şərq Sülh Sammiti göstərdi ki, qəzzada sülhün əldə olunması istiqamətində atılacaq addımlarda ABŞ və Türkiyənin xüsusi fəallığı fonunda Azərbaycanın dəstəyi və təşəbbüsləri də mütləq nəzərə alınır. Prezident İlham Əliyevin belə ciddi və mötəbər tədbirə dəvət alması beynəlxalq ictimaiyyətə vacib siyasi mesaj ünvanlayır: Respublikamız davamlı sülhün, ədalətin və bütün münaqişələrin dayanıqlı həllinin tərəfdarıdır, dünya düzəninin nizama salınmasında, bölgədə sabitliyin bərpasında fəal rola malikdir.
Nail ƏSGƏROV
Digər xəbərlər