Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəv...
12:24 01.11.2026
0
0
0
NAXÇIVAN :
01 Noyabr 2026, Bazar
1920-ci ilin iyun gecəsi idi. Tiflisin kerosin lampaları ilə işıqlanan köhnə küçələrinə yağışdan sonra qəribə bir sakitlik çökmüşdü. Binaların damlarından süzülən su damcıları yerdəki palçıq gölməçələrinə düşərək gecənin sükutunu pozurdu.
Faytondan bir kişi düşdü. Əynində dövrün dəbinə uyğun açıq rəngli kətan kostyum, altında isə yaxası bir qədər açıq ipək köynək vardı. Küçə lampalarının solğun işığı onun geyiminə düşürdü. Addımlarını arxayınlıqla atır, heç yerə tələsmədən irəliləyirdi.
Qəfildən qaranlıq döngədən üç silahlı adam çıxdı. Onlara başçılıq edən komissar Smirnov keçmiş çar zabitlərinə xas təkəbbürü indi bolşevik mundirinin altında gizlətməyə çalışırdı. Əlini kəmərindəki “Mauzer”in taxta dəstəyinə qoyaraq istehzalı təbəssümlə kişiyə baxdı.
Naməlum kişi isə gələnlərə əhəmiyyət vermədən yoluna davam etmək istədi.
Smirnov qəfil qəhqəhə çəkdi. Səsi boş küçədə əks-səda verdi.
– Noldu, cənab? Dayan görək! – deyə rusca səsləndi. – Bəs sizin iyirmi üç aylıq Cümhuriyyətiniz hanı? Parisdə, Londonda dövlət adamı kimi gəzmək asan idi, eləmi? Hanı o ingilisləriniz, fransızlarınız? Niyə gəlib sizi xilas etmirlər? İndi qanunları kim yazır, bilirsinizmi? Biz!
Kişi ayaq saxladı. Yavaşca dönərək Smirnova baxdı. Baxışlarında elə bir soyuqqanlılıq, elə bir qürur vardı ki, komissarın üzündəki istehzalı təbəssüm bir anlığa yox oldu.
Kişi cibindən gümüş portsiqarını çıxardı, sakitcə siqaretini yandırdı. Tüstünü havaya üfürüb dilləndi:
– İngilisləri də, fransızları da bir kənara qoyaq. Sən mənə onu de görüm, hökumətiniz sənə heç olmasa bir cüt normal çəkmə verə bilməyib? Ayaqqabının vəziyyətinə bax, amma gəlib burada dövlətdən danışırsan. Vaxtilə Rusiya imperiyasının Bakının neftinə nə qədər ehtiyac duyduğunu yaxşı bilirik. İndi bir neçə silahlı adamla şəhərə daxil olmusunuz deyə elə düşünürsünüz ki, tarix də sizinlə başlayır? Mən dövlət quruculuğu ilə məşğul olanda sən hələ idarələrdə kağız daşıyırdın.
Smirnovun sifəti qəfildən dəyişdi. Gözlərini qıyaraq ağır addımlarla kişiyə yaxınlaşdı. Qarşısında dayananda nəfəsindən tütün və ucuz arağın kəskin qoxusu gəlirdi.
– Çox dik danışırsan, bəy balası, – deyə pıçıltıyla dilləndi. – Sizin Cümhuriyyət dediyiniz bir kağız parçası idi. Biz o kağızı cırıb atdıq. Sən də mənim üçün, sadəcə, keçmişin adamısan. İndi nə dövlətin var, nə də arxanda dayanan bir qüvvə.
Kişinin qəlbində ağır sözlər qaynayırdı. Qurulmasında iştirak etdiyi dövlətin, uğrunda mübarizə apardığı millətin taleyinin belə istehza mövzusuna çevrilməsi onu daxilən sarsıdırdı. Ancaq özünü itirmədi. Üzündə acı bir təbəssüm yarandı. Smirnovun gözlərinin içinə baxaraq dedi: – Cıra bilərsiniz, Smirnov. O kağızı min dəfə də cıra bilərsiniz. Amma tarixi silə bilməzsiniz. Mən və mənim kimilər bu yoldan çəkilsək də, bir həqiqət dəyişməyəcək: bu millət bir dəfə azadlığın nə olduğunu gördü. Müstəqil dövlət qurdu, öz bayrağını qaldırdı, dünyaya öz adını tanıtdı. Siz silah gücünə hakimiyyət qura bilərsiniz, amma bir millətin yaddaşını və azadlıq iradəsini məhv edə bilməzsiniz.
O, bir anlıq susdu, sonra sözlərini daha qətiyyətlə tamamladı: – Get ağalarına de ki, Azərbaycan Cümhuriyyətini süngü ilə devirə bilərsiniz, amma onun ideyasını öldürə bilməzsiniz.
Smirnovun üzündəki ifadə sərtləşdi. Qarşısındakı kişinin nə qorxduğunu, nə də geri çəkildiyini görmək onu daha da qəzəbləndirirdi. O, əlini qaldıraraq arxadakı qaranlıqda dayanan silahlı adama işarə verdi. İki atəş səsi gecənin sükutunu parçaladı.
Güllələr kişinin kürəyinə dəydi. Əlindəki siqaret yerə düşdü, köz palçığın içində yavaş-yavaş söndü. Kişinin addımları büdrədi. Bir anlıq dayanmağa çalışsa da, gücü tükəndi və soyuq küçənin daşları üzərinə yıxıldı. Ağ köynəyinə yayılan qan yağış suyuna qarışdı.
Smirnov ehtiyatla irəli gəldi. Yerdə hərəkətsiz qalan kişinin qarşısında dayandı. Üzündə istehza ilə qarışıq bir ifadə vardı.
– Nazir… – deyə astadan dilləndi. – Bir vaxtlar dövlət idarə edən adam indi qarşımda belə uzanıb.
O, bir müddət susdu. Qarşısında uzanan insanın kim olduğunu, hansı mövqedən gəldiyini və hansı ideyanın daşıyıcısı olduğunu anlayırmış kimi baxışlarını ondan çəkmədi.
– Sizə qalib gəlmək üçün əvvəlcə dövlətinizi dağıtmaq lazım idi, – deyə əlavə etdi.
– Çünki üz-üzə gələndə insanın qarşısında yalnız silahı olan biri dayanmır. Qarşısında inamı, iradəsi və məğlubiyyətlə barışmayan bir xalq dayanır.
Smirnov cibindən dəsmal çıxarıb “Mauzer”in lüləsini sildi. Yerdəki gümüş portsiqarı götürüb bir müddət əlində çevirdi, sonra cibinə qoydu. Sonuncu dəfə arxaya baxdı.
– Gedək, – deyə yoldaşlarına əmr etdi. – Bu gecəlik kifayətdir.
Onlar qaranlıq küçədə gözdən itdilər.
Yağış yenidən gücləndi. Səmadan süzülən damcılar küçənin daşlarını yuyur, qan izlərini yavaş-yavaş silirdi. Ancaq o gecənin həqiqəti yağış sularına qarışıb yoxa çıxmayacaqdı. Fətəli xan Xoyskinin həyatı sona çatırdı, amma onun təmsil etdiyi müstəqillik ideyası yaşayırdı. Silah bir insanın səsini kəsə bilərdi, bir dövlətin fəaliyyətini dayandıra bilərdi, lakin azadlıq arzusunu tarixin yaddaşından silə bilməzdi.
Bəzən bir güllə insanın həyatına son qoyur. Ancaq elə güllələr də var ki, açıldığı an öz sahibinin mənəvi məğlubiyyətini tarixə yazır.
Bu, arxadan vurulan güllə idi.
Yusif ƏHMƏDZADƏ
Jurnalistika ixtisasının II kurs tələbəsi
Digər xəbərlər