Türkiyədə Qars-Bakı birbaşa aviareyslərinin açılma...
15:30 09.05.2026
0
0
0
NAXÇIVAN :
09 May 2026, Şənbə
9 May – faşizm üzərində qələbənin 81-ci ildönümü ərəfəsində Culfa rayonunun Yaycı kəndində, kiçik bir həyət evində 103 yaşlı Abdulla baba ilə üz-üzə əyləşmişəm. Onun üz cizgilərində müharibənin dəhşətləri hələ də yaşamaqdadır. Abdulla Səfərov İkinci Dünya müharibəsinin iştirakçısı və muxtar respublikada həyatda olan tək veterandır.
1941-ci ilin qızmar yayında, cəmi 18 yaşı olarkən Abdulla kişi evini, ailəsini və dağların ətəyindəki həyatını arxada qoyaraq doğma Yaycıdan uzaq düşmüşdü. Mozdok istiqamətində müharibəyə başlayan gənc əsgər tezliklə qanlı döyüşlərin burulğanına düşdü. Barıt tüstüsü, Qafqaz dağlarının qarlı keçidləri, saysız-hesabsız şəhər və kəndlərdə gedən amansız döyüşlər... O hər birini görüb keçirdi.
1943-cü ildə ağır yaralanaraq hərbi xəstəxanaya düşdü. Ölümün soyuq nəfəsini boynunda hiss etdiyi o günlərdə belə o, doğma yurdunu düşünürdü. Çünki o bilirdi: əgər alman faşistləri qalib gəlsə, ilk hədəflərindən biri məhz Bakı olacaqdı. Azərbaycanın qara qızılı, bir sözlə, nefti olmadan onlar müharibədə SSRİ-yə nisbətdə gücsüz idi. Bu torpaq onlar üçün, sadəcə, coğrafiya deyil, strateji həyat mənbəyinə çevrilmişdi.
Lakin onlar qalib gələ bilmədilər. Çünki qarşılarında Həzi Aslanov kimi igidlər, Abdulla Səfərov kimi minlərlə azərbaycanlı əsgər dayanmışdı. Uzaq torpaqlarda, doğma evindən minlərlə kilometr aralıda olsa belə onları ayaq üstə saxlayan şey məhz Vətən sevgisi idi. Qarlı səngərlərdə donarkən, güllələr yağış kimi yağan zaman, yaddan çıxmayan Vətən eşqi.
Bu gün Abdulla kişi həyətində oturub keçmişə boylananda gözləri dolur. Amma təkcə kədərdən yox. Dövlətin onlara göstərdiyi qayğıya, Prezidentin diqqətinə görə də minnətdardır.
Bu il 9 Mayda onun kimi qəhrəmanların xatirəsini yad edərkən bir daha başa düşürük: faşizm üzərində qələbə təkcə tankların və topların gücü ilə qazanılmayıb. O həm də uzaq kəndlərdən gələn sadə oğlanların Vətənə bağlılığı və mətinliyi ilə qazanılıb.
Rafiq TƏHMƏZ
Digər xəbərlər