NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Yaqub sanki şəhidliyə tələsirdi

...

Yaqub Məhəmməd oğlu Nəcəfov 

(07.07.2000-09.11.2020)

Yaqub haqqında danışmaq mənim üçün çox çətindir. Ailədə 3 qardaşdırlar. Hər üçü Vətənini sevən, Vətəni uğrunda canından keçməyə hazır olan övladlardır. Hər üçü Vətən müharibəsində iştirak edib. Yaqub isə şəhidliyə ucalıb.
Yaqub sanki şəhidliyə tələsirdi. Elə hey deyirdi ki, vaxtım azdır. Sonuncu dəfə ad gününü qeyd edirdik. Gətirdiyi tortun üzərində heç nə yox idi. Dedim, Yaqub, niyə tortun üzərinə heç nə yazdırmamısan? Cavab vermədi. Bircə onu dedi ki, ana, vaxtım azdır, mən tələsirəm. Hələ də dediyi “Vaxtım azdır, mən tələsirəm” sözləri qulağımdadır. İndi başa düşürəm ki, Yaqub niyə elə deyirmiş. Hər dəfə evə oynaya-oynaya gəlirdi. Deyirdi ki, ana, mən səni krallar kimi yaşadacağam.
Həyətimizdə tikinti gedirdi. Yaqub gələndə həmin hissəyə çoxlu torpaq tökmüşdülər. Tezdən saat 5-də durub orada işləyirdi. Atasına deyirdim, Yaquba de gəlsin, dincəlsin. Ancaq o yorulmadan çalışırdı. Deyirdi, burada bulaq tikək. Həqiqətən də, biz onun dediyi kimi etdik. Yaqub zəif cüssəli olmasına baxmayaraq, hər kəs onu qoçaq, işini sevən biri kimi xatırlayır.

Yaqub əsgərlərinə “Canavarlarım”, – deyə müraciət edərdi. Deyirdik, Yaqub, hər kəs “Pələng” deyir, bəs sən niyə elə deyirsən. Deyirdi, ana, pələngi əhliləşdirə bilirlər, o, bir tikə ətə boyun əyir. Amma canavarı əhliləşdirmək mümkün deyil. Canavar heç vaxt boyun əyməz. İnadından dönməz. Ona görə əsgərlərimə “canavar” deyirəm. 
Yaqub hər gün eyni saatda mənə zəng vururdu. Elə bil ki, saatı, dəqiqəni bilirdi. Mən məktəbdən evə çatan kimi zəng gəlirdi. Deyirdi ki, ana, mən rahat yerdəyəm. Sən narahat olma. Demirdi Füzulidəyəm. Deyirdi ki, çay qırağındayam. Hər şey yaxşıdır. Mən Şuşaya gedəndə əsgərlərindən biri həmin çay qırağını mənə göstərdi. Oğlumun dayandığı yeri. Mənim üçün müqəddəsliyə çevrilən yeri... 
Fəxr edirəm ki, övladlarım torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıq göstərib. Vətən sağ olsun!
 

Nəşr edilib : 01.12.2024 17:41