NAXÇIVAN :

08 Noyabr 2024, Cümə

XVII-XVIII əsrlərdə Naxçıvanda ədəbi mühit

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinin böyük təntənə və silsilə tədbirlərlə qeyd edilməsi həm də muxtar respublikanın ədəbi-mədəni mühitinin də dərindən öyrənilməsi kimi mühüm vəzifələr müəyyənləşdirir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan torpağı tarixin müxtəlif mərhələlərində ədəbiyyatın, ümumən, mədəniyyətin inkişafı baxımından diqqətəlayiq olub. Burada yetişən və fəaliyyət göstərən alimlər, şairlər, incəsənət adamları və başqaları təkcə ölkə daxilində deyil, habelə ölkənin sərhədlərindən kənarda tanınmış və geniş şöhrət sahibi olmuşlar. Akademik İ.Həbibbəylinin qeyd etdiyi kimi: “Tarixin bütün dövrlərində Naxçıvan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında öz çəkisi ilə seçilib. Bütün bunlar bölgənin ədəbi mühitinin inkişafına da öz təsirini əhəmiyyətli dərəcədə göstərib”. Azərbaycanda, ümumən, XVI əsrdən sonra, yəni Azərbaycan Səfəvilər dövlətinin yaranmasından sonra bütün sahələr kimi ədəbiyyat sahəsi də inkişaf etmiş, ədəbi mühitin canlanması və inkişafı üçün münbit şərait yaranmışdır. I Səfəvi hökmdarı Şah İsmayıl özü elmə, sənətə, mədəniyyət və ədəbiyyata maraqlı olan və onun inkişafına dəstək verən çox istedadlı və qüdrətli bir hökmdar olmuşdur. Bu inkişaf Şah İsmayılın oğlu I Təhmasibin dönəmində uğurla davam etmişdir. Ədəbi inkişaf XVII-XVIII əsrlərə də daşınmışdır. Təsadüfi deyil ki, məhz bu əsrlərdə Azərbaycan ağız ədəbiyyatı güclü intibah dönəmini yaşamışdır. Çox istedadlı və təbli ustad aşıqlar üzə çıxmış, aşıq yaradıcılığı ənənələrinin uğurlarını şərtləndirən dastan yaradıcılığı pərvazlanmış, çoxsaylı qəhrəmanlıq və məhəbbət dastanları yaranmışdır. Yazılı ədəbiyyat sahəsində Molla Pənah Vaqif və Molla Vəli Vidadi kimi qüdrətli söz ustaları yazıb-yaratmışlar. Vaqifin xalq şeiri ənənələri üzərində gətirdiyi ədəbi ənənələr kamilliyə çatmış və möhkəm özülə malik olmuş, yazılı ədəbiyyatda yeni ənənələr formalaşdırmışdır. 
Bəhs olunan dövrdə Naxçıvanda elm, mədəniyyət, ədəbiyyat inkişaf edən sahələrdən olmuşdur. Hətta Naxçıvana səyahət edən, bu diyarın gözəllikləri və zənginliklərindən ağızdolusu bəhs edən məşhur türk səyyahı Övliya Çələbi özünün “Səyahətnamə” əsərində ümumiləşdirilmiş şəkildə Naxçıvanda bütün elm sahələrində mükəmməl biliyə malik olan alimlər və şairlərin olduğunu göstərmişdir. Naxçıvan hakimi ilə görüşən Övliya Çələbiyə onunla tanış və həmsöhbət olması üçün 40-50 nəfərə qədər uzaqgörən alim və nədim, müdrik adamlar dəvət edildiyi qeyd edilmişdir. Bu barədə qaynaqlar da müəyyən məlumatları əks etdirir. Müxtəlif təzkirə, cüng və başqa qaynaqlarda, o cümlədən “Məcməül-xəvas”, “Töhfeyi-Sami”, “Daneşməndani-Azərbaycan” və başqa mənbələrdə ciddi məlumatlara rast gəlmək mümkündür. Faktlar göstərir ki, Naxçıvanda çox sayda yetişən elm və müxtəlif sənət adamlarının bir qismi müəyyən səbəblərlə bağlı ölkəni tərk edərək başqa ərazilərə getmiş, orada fəaliyyət göstərmişlər.
Səfəvilər dövründə yetişən və yüksək rütbələrə çatan görkəmli alimlərdən biri olaraq Xacə Ətiq Ordubadinin adı çəkilir. Xacə Ətiq Ordubadi I Şah İsmayılın sarayında yaşayaraq burada dəftərxanada katiblik təcrübəsi almış və “Tüğrayi-şah” adlanan yazını ixtira etmişdir. XVII əsrdə yaşamış Məhəmməd İbrahim Nəsiri də dövrün tanınmış alimlərindən olub. Nəsiri sarayda salnaməçi olmaqla bərabər, ədəbi yaradıcılıqla da məşğul olmuşdur. Şeirləri ilə də tanınan Məhəmməd İbrahim Nəsirinin dövrünün tanınmış şəxslərindən olan Məlik Bəhram Ordubadinin nəvəsi olduğu haqqında da bəhs edilmişdir. Məhəmməd Nəsiri Şah Sultan Hüseynin hakimiyyətindən bəhs edən və 500 səhifəlik bir həcmə malik olan  “Dəsturi-Şəhriyarən” (“Şahların qanunları”) əsərini yazmışdır. Bu dövrün digər tanınmış alimlərindən biri, tibb sahəsində tanınmış alimlərdən olan İbrahim  İbn Zeynəddin Naxçıvani idi. Belə ki, bu mötəbər şəxs XVII əsrdə yaşayıb-yaradaraq “Təbiblər rəisi” kimi şöhrət qazanmışdır. İbrahim Naxçıvani, həmçinin tibb sahəsindən başqa fiqh elmi ilə də məşğul olmuş, özünü din alimi kimi də tanıtmışdır. 
XVI əsrdən sonra ölkədə formalaşan ictimai-mədəni şərait elm və digər sahələrin inkişafına rəvac vermiş, Naxçıvanda da müxtəlif sahələrə aid  elm adamları yetişib ortaya çıxmış, dövrünə ciddi elmi töhfələr vermişlər. Əlbəttə, bu inkişaf özünü həm də ədəbiyyat sahəsində təzahür etdirmiş, ciddi ədib və şairlərin ortaya çıxmasına stimul olmuşdur. Qeyd edildiyi və mənbələrdə də təsdiqini tapdığı kimi, Səfəvilər dövründə bütün bölgələrlə bərabər Naxçıvanda da inkişaf özünü təzahür etdirmişdir. Bu da maraqlıdır və qeyd edilməlidir ki, həmin dövrdə Ordubad ədəbi mühiti az qala bir ayrıcalıq təşkil etmiş, xeyli inkişaf yolu keçərək zəngin bir ədəbi-mədəni mühitə malik olmuşdur. Naxçıvanın ədəbi simaları arasında Ordubaddan olan müəlliflər çoxluq təşkil etmişdir. 
Qeyd edilən dövr və ya ədəbi mərhələnin təməlini təşkil edən XVI əsrə aid Naxçıvanın tanınmış ədəbiyyat adamlarından biri Mirzə Sadiq Ordubadi olub. Yaradıcılığında rübai  janrına daha çox rəğbət göstərən Mirzə Sadiq Ordubadi orijinal əsərlər yazıb ortaya qoymuşdur. Onun rübailəri haqqında orijinal və nəzirə olmaq üzrə iki qrupa bölərək bəhs açırlar. Şair nəzirə olaraq yazdığı rübailərini Şərqin iki böyük şairi olan Əbdürrəhman Cami və Cəlaləddin Dəvvaninin rübailərinə cavab olaraq yazmışdır. 

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, 
filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Nəşr edilib : 22.09.2024 20:04