NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Xocalı: soyqırımından böyük qayıdışa

...

Xocalı dünyanın ziddiyyətli talelər yaşamış azsaylı şəhərlərindəndir. Bu şəhərin xoşbəxt taleyi idi ki, 4 min il bundan əvvəl formalaşmış qədim bir mədəniyyətin beşiyi olmuş, elmi ədəbiyyatlarda “Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti” kimi qeyd edilmişdir.

33 il əvvəl – 1992-ci ilin 26 fevral tarixindən tamamilə fərqli və ürək ağrıdan daha bir tale yazıldı alnına. Xocalı şəhərinin və onun sakinlərinin başına gətirilən ağır faciə XX əsrdə bəşəriyyətin şahid olduğu ən dəhşətli hadisələrdəndir. 1991-ci ilin statistikasına əsasən Xocalının 7000 sakinindən o gecə yalnız 1000 nəfər xilas ola bilmişdir. Həmin dövrdə Xocalıdan Ağdama gətirilmiş 181 meyit (130 kişi, 51 qadın, onlardan 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilərkən müəyyən edilmişdir ki, 151 nəfər güllə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülmüşdür. Beləliklə, o gecə törədilən cinayət nəticəsində əhalinin 90 faizi xüsusi amansızlıqla məhv edilmişdir.

Fevralın 25-dən 26-na keçən gecə Xocalının bütün əhalisi qəhrəmanlıq nümunəsi göstərdilər. Onların bəzisi düşmənə inadlı müqavimət göstərərək, bəziləri hər cür məşəqqətlərə dözərək sağ qalmaq mücadiləsi edərək, bəziləri isə şəhid olaraq qəhrəmanlıq zirvəsinə ucaldılar. Onları üç qrupda komplektləşdirmək olar: hərbçi qəhrəmanlar, sivil qəhrəmanlar və kiçikyaşlı qəhrəmanlar.

Birinci qrupa şəhəri son nəfəsinədək qoruyan və şəhid olan qəhrəmanlar daxildir. Onların qısa sürən həyat xronikasına nəzər salanda nə qədər bir-birinə bənzədiklərinin şahidi oluruq. Onların sona qədər müqavimət göstərmələrini, arxalarında yarımçıq arzularını, ağlar körpələr və göz yaşları buraxmalarını, nəhayət, Xocalı qaziləri kimi əbədiyyətə qovuşmalarını görürük.

İkinci qrupa daxil olan sivil qəhrəmanlar da sonadək mübarizə aparmışlar. Kətik meşəsinə pənah gətirən dinc əhali donaraq ölməyi düşmən əlinə keçməkdən üstün tutmuşlar. Onların üzlərindəki iztirabı, təhqir olunmuş meyitlərini ilk dəfə lentə alan Çingiz Mustafayev olmuşdur. 1992-ci ildə hönkürə-hönkürə lentə aldığı Xocalı qurbanlarının donmuş, təhqir olunmuş meyitləri və erməni terrorizminin əsl simasını dünyaya göstərdi. Beynəlxalq aləm Xocalı qətliamını onun kamerasının gözü ilə tanıdı.

Üçüncü qrupu bu faciənin kiçikyaşlı qurbanları təşkil edir. Yaşları 1-10 arasında olan bu uşaqlar xüsusi amansızlıqla qətlə yetirilmişlər. Ən dəhşətlisi odur ki, öldürülənlərin içərisində yaşyarımlıq, 2 yaşlı körpələr də olmuşdur. Onlardan 11 nəfərinin taleyi məlum deyil. Statistik məlumatlara görə, girovluqda saxlanılan insanların əksəriyyəti uşaq ikən götürülənlərdir. Onlardan 168 nəfəri 1996-cı ildə yaradılmış “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın fəaliyyəti nəticəsində azad edilsə də, gözləri qarşısında baş verən cinayətlərin təsirindən psixoloji sarsıntı keçirmişlər. Yalnız 2 nəfər dəhşətli faciədən sonra sağ qala bilmişdir. Onlar Xocalının kiçikyaşlı canlı şahidləridir.

Xocalının hər 3 qrupdan olan qəhrəmanlarının – hərbçi, sivil və uşaq şəhidlərinin işgəncələrə məruz qalması göstərir ki, burada, sadəcə, qırğın törədilməmiş, Azərbaycanın genofondunu hədəf alan kütləvi soyqırımı aksiyası həyata keçirilmişdir. Bu cinayəti törədənlərin cəzalandırılmasının vacibliyini qeyd edən Ümummilli Lider Heydər Əliyev bu barədə demişdir: “Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən də bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin etdiyi cinayətlər nəticəsində və hətta deyə bilərəm, xəyanətlər nəticəsində olubdur. Ona görə də biz bu soyqırımını pisləmək, ermənilərin bu vəhşiliyini dünyaya göstərmək, yaymaq, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda özümüzün özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik”.

Bütün bu xəyanət və biganəlik fonunda həyata keçirilən qətliam Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi, əksinə milli birliyə çağırış oldu. Bu baxımdan Xocalı soyqırımı tariximizin daha bir qəhrəmanlıq səhifəsidir. 2 körpəsini Vətənə əmanət edib şəhid olan Əlif Hacıyevin, Aqil Quliyev, Hikmət Nəzərli, Nail Nəsirli kimi igidlərin müqəddəs qanıyla yazılmış qəhrəmanlıq dastanı Vətənimizin müxtəlif bölgələrində öz əks-sədasını tapdı. Bu, “Kitabi-Dədə Qorqud” dastanından hamımıza məlum olan bir epizodu yada salır: Yandırılmış tonqal kimi oğuz igidlərinə Vətənin dara düşdüyü xəbərini yaydı. Və təkcə Vətənimizdən deyil, Vətəndən uzaqda yaşayan soydaşlarımız da səs verdilər bu çağırışa. Fərhad Hümbətov, Allahverdi Bağırov, Asif Ağakişiyev Xocalının ayrı-ayrı kəndləri uğrunda döyüşərək şəhid olan qəhrəmanlardır. Onların sırasına Naxçıvandakı könüllülərdən ibarət 4 taborla birlikdə Qarabağa yola düşən Asəf Quliyev, Hüseyn Heydərov, Elxan Əliyev kimi onlarla qəhrəman da daxil olmuş, son damla qanlarına qədər döyüşərək 90-cı illərin çoxsaylı şəhidləri sırasına qoşulmuşlar.

Xocalı soyqırımına hüquqi-siyasi qiymət isə 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş və 26 fevral tarixi “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuşdur.

Beynəlxalq çərçivədə isə bu hadisəyə qiymət verilməsi hələ də tam həllini tapmamışdır. Baxmayaraq ki, tarixin bu qanlı səhifəsində beynəlxalq hüququn ümumtanınmış normaları ilə qorunan insan hüquq və azadlıqları kobudcasına pozulmuşdur. Xocalıda baş verən hadisələrdə azərbaycanlıların təbii hüquqları – xüsusilə yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət hüquqları tapdanmışdır. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımda insan hüquqlarını qoruyan bir sıra beynəlxalq miqyaslı hüquq normaları – 1948-ci il 10 dekabrda elan olunan BMT-nin Baş Məclisinin İnsan hüquqlarının Ümumi Bəyannaməsinin hər kəsin azad yaşaması və şəxsi toxunulmazlığı hüququ, insan ləyaqətini alçaldan, qəddar hərəkətlərin qadağan edilməsi, özbaşına həbslərin, qovulmaların, insanın əmlakından özbaşına məhrum edilməsini qadağan edən 2-ci, 3-cü, 5-ci, 9-cu və 17-ci maddələri tamamilə pozulmuşdur. Eyni zamanda BMT-nin Baş Məclisinin 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilən və 1976-cı il 23 martda qüvvəyə minən BMT-nin “Mülki və Siyasi hüquqlar haqqında Pakt”ının insan hüquqlarını qoruyan yaşamaq hüququ, zorla dustaq edilməni, insanlıqdan kənar davranış və işgəncələri, şəxsin razılığı olmadan onun üzərində tibbi-elmi təcrübə aparılmasını, köləlikdə saxlanılmağı, köləlik və quletmənin bütün növlərini qadağan edən 6-cı, 7-ci, 8-ci, 9-cu maddələrinə məhəl qoyulmamışdır. “İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının hər bir insanın həyat hüqüqunun qanunla mühafizə olunması, məhkəmə qərarı ilə verilən ölüm hökmünün icrası istisna olmaqla qəsdən həyatdan məhrum edilmənin qadağan edilməsi, köləlik və məcburi vəziyyətdə saxlanılmanın qadağan edilməsi, insanın şəxsi və ailə həyatına hörmət edilməsi, mənzil toxunulmazlığı haqqında 2-ci, 3-cü, 4-cü, 5-ci və 8-ci maddələri də pozulmuşdur. Xocalının siyasi, demoqrafik, sosial və təsərrüfat həyatına zərbə vurulması da xüsusi qeyd olunmalıdır. Şəhər talan edilmiş, yandırılmış və 3 məktəb, 1 xəstəxana, 3 tibb məntəqəsi, 3 klub, 3 uşaq bağçası və digər tikililər tamamilə dağıdılmışdır. Xocalı şəhəri məhv edilən zaman dövlət əmlakına və şəxsi əmlaka milyardlarla zərər dəymişdir. Bu hadisənin adı hansı prizmadan baxılır baxılsın eynidir: ümumbəşəri cinayət. Təəssüf ki, bəzən dünyanın ədalət qoruyucusu kimi çıxış edən güc dövlətləri bu ümumbəşəri cinayətə 30 ilə yaxın bir müddətdə biganə qalmışlar.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Azərbaycanda dövlət səviyyəsində müxtəlif istiqamətli tədbirlər həyata keçirilmişdir. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası məhz belə genişmiqyaslı layihələrdən biri olmuşdur. Bu layihənin sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın bir sıra ölkələri Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul etmiş, Azərbaycan həqiqətlərindən xəbərdar olmuşlar. Bütün bu fəaliyyətlərin başlıca yekunu isə doğma torpaqlarımızın azad edilməsi uğrunda 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək aksiyalarında özünü göstərdi. Çünki Azərbaycan işğal altındakı torpaqlarını azad edərkən dinc əhaliyə bir güllə belə atmamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “... Apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq”.

2023-cü il sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra ölkə Prezidentinin göstərişinə əsasən, ilk növbədə, bu qədim yurd yerində xocalılıların evlərinin bərpa edilməsinə başlanmışdır. Həmin il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırılmışdır.

Bu gün Xocalı tarixinin üçüncü mərhələsini yaşayır: bu, Böyük Qayıdış və quruculuq mərhələsidir. Xocalıda görülmüş işlər, həyata keçirilmiş məqsədyönlü siyasət onun simasını tamamilə dəyşmişdir. Xocalı bu gün yenidən qurulur.

Zeynəb QULİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 26.02.2025 16:48