NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Gənc tədqiqatçıdan türklük şüuruna dair yeni elmi nəşr

...

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun gənc əməkdaşı Əli Tağıyevin Türkiyə türkcəsində “Azerbaycanda türklük şuuru: Milliyetçiliğin doğuşu ve gelişimi” adlı kitabı nəşr olunub.
Tədqiqatın əsas məqsədi Qafqaz türklərinin çar Rusiyasının müstəmləkə siyasətinə qarşı fəaliyyətini, müstəqillik uğrunda mübarizəsini, sovet işğalına və ruslaşdırma siyasətinə qarşı türk oyanış hərəkatını, dövrün aydın və ziyalılarının bu istiqamətdəki səylərini sistemli öyrənməkdir.
Kitabda XIX əsrdən etibarən Azərbaycanda türkçülük ideologiyasının təşəkkülünə təsir göstərmiş daxili və xarici amillər, türklük milli şüurunun yaranması, keçdiyi inkişaf yolu və bu yolda aparılan mübarizələr sistemli araşdırılmışdır.
Üç fəsildən ibarət kitabın ilk fəslində araşdırmanın əhatə dairəsi müəyyənləşdirilmiş, mövzunun daha aydın olması üçün əsrlərboyu tez-tez işlədilən millət, xalq-dövlət, etnik kimlik, millətçilik və milli dövlət kimi anlayışlara aydınlıq gətirilmişdir. Millət şüurunun yaranması, millət və millətçiliyin hansı dövrdə və necə meydana çıxması mövzusu liberal, realist, mühafizəkar və digər nəzəri yanaşmalar çərçivəsində təhlil olunmuşdur.
Əsərin ikinci fəsli “Azərbaycanda türk milliyyətçiliyinin doğuşu və inkişafı” başlığı daşıyır. Sözügedən fəsildə Azərbaycan adının etimologiyası, ölkənin coğrafi mövqeyi, dil faktoru, tarixən bölgə əhalisinin sitayiş etdiyi dinlər, millət şüurunun formalaşmasında təsiri olmuş Eldənizlər, Səfəvilər, Əfşarlar, Qacarlar Azərbaycanı kimi maraqlı mövzular işıqlandırılmışdır. Çarizm və sovet əsarəti dönəmində Azərbaycanda baş verən siyasi, sosial və mədəni dəyişikliklər fonunda türk etnik kimliyinin məhv edilməsinə qarşı xalqın göstərdiyi müqavimətdən, rus imperializmindən xilas olmaq üçün görülən işlərdən bəhs olunmuş, elmi və fəlsəfi düşüncəyə əsaslanan təhlillər, mühüm tarixi hadisələr, xarici təsirlər və başqa faktorların fonunda Azərbaycanda türklük milli şüurunun formalaşma prosesi araşdırılmışdır.
Kitabın son fəsli XX əsrin əvvəllərində Azərbaycanda türklük milli şüurunun formalaşmasında əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər və partiyalar barədədir. Burada Turançılıq fəlsəfəsinin əsas ideoloqlarından olan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl Qaspıralı, Hüseyn Cavid, Əhməd Cavad, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqalarının fəaliyyəti diqqətdə saxlanmışdır.
Müəllif əsərin sonunda istifadə etdiyi elmi mənbələrin siyahısını təqdim etmiş və mövzu üzrə gəldiyi nəticələri ümumiləşdirərək oxuculara təqdim etmişdir.

Nəşr edilib : 14.05.2025 14:02