NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi 07:16

Xeyirxahlıq, şəfqət, birlik və bərabərlik rəmzi – Ramazan bayramı

...

Tarixboyu öz mənəvi dəyərlərini uca tutmuş Azərbaycan xalqı dünya müsəlmanlarının mübarək günlərindən biri olan Ramazan bayramını  müstəqillik illərindən məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində qeyd etməyə başlayıb. Ulu Öndərimiz xalqımızın Ramazan bayramını böyük coşqu və sevinclə qeyd olunması kimi müqəddəs bir ənənəsini bərpa edib. Dini dəyərlərimizin yaşadılması və təbliğinə xidmət edən bu müdrik siyasət Prezident cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Bunun nəticəsidir ki, respublikamızda din-dövlət münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Bu gün Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Dövlətimizin başçısı ölkəmizdə mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərildiyini bildirərək demişdir: “Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu bizim böyük sərvətimizdir”.

Ramazan bayramının xalqımızın qəlbində ayrıca bir yeri var. Bu ayda müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. İslam dininə görə, oruc tutanlar Allahın sevgisini qazanmış olurlar. Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir.

Orucluğun başa çatdığı gün Ramazan bayramı kimi qeyd olunur. Həmin gün bütün müsəlmanlar bir-birini təbrik edir, vəfat edənlərin məzarlarını ziyarətə gedir, ruhlarına dualar oxuyurlar. Bayram günləri həm də küsülülər barışar, ailə üzvlərinə bayramlıqlar hədiyyə edirlər. Bir ay boyunca oruc tutmaq hər bir müsəlman üçün vacib olduğu kimi, Ramazan bayramında da imkanlıların fitrə vermələri vacibdir. Peyğəmbərimizin hədislərindən birində deyilir ki, Allah bəndəsindən tələb olunan sədəqə verilməyənədək Ramazan ayında tutulmuş oruc yerlə göy arasında asılı qalar.

Ramazan bərabərlik ayıdır. Bu ay varlıdan kasıba kimi hamı Allahın bəndəsi olduğunu anlayır. Çünki iftar vaxtı gəlməyənədək suyu belə içə bilməyən insan bu vəsilə ilə Yaradanın böyüklüyünü dərk edib ona şükür edir. Ramazan bayramı maddi dünyanın deyil, mənəvi aləmin təntənəsi, coşqusudur. 

Müqəddəs Ramazan bayramı hər il dünya müsəlmanları tərəfindən böyük təntənə ilə qeyd olunur. Bu bayram bütün İslam aləminin həmrəylik və qardaşlıq  timsalına çevrilmişdir. Bayram günlərində insanlar arasında Allaha inam, Vətənə, torpağa, xalqa bağlılıq hissindən doğan bir nikbinlik əhvali-ruhiyyəsi yaşanır.

Azərbaycan Respublikası Prezidentinin  28 mart 2025-ci ildə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyilir: 

"Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir”

Bütün fəsillərin, ayların ruhunu və onlardan süzülüb gələn mənaları bizə təqdim edən bu bayramı hər il böyük sevinclə qarşılayırıq. Əlbəttə, bayram günü ən birinci valideynlərimizi təbrik etməli, qulluqlarında durmaqla onlara əsl bayram sevinci yaşatmağa çalışmalıyıq. Allah-Təala “Qurani-Kərim”də valideynlərə hörmət etməyi buyurub. Xüsusilə bayram günlərində ailə üzvlərini sevindirmək, onlara qarşı səmimi məhəbbət nümayiş etdirmək bu bayramın şərtlərindəndir. Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikasında da milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız ən yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunur. 

Hər il Ramazan ayının fəzilətlərinin həyata keçirilməsi, köməyə ehtiyacı olan insanlara yardım edilməsi adət halını alıb. 

Ramazan ayı insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə də xidmət edir. Birlik, həmrəylik hər zaman dövlətimizin daha da güclənməsinə səbəb olan əsas amillərdən olub. Biz məhz birliyimiz sayəsində yumruğa dönüb düşmənin başında şimşək kimi çaxıb işğal altındakı torpaqlarımızı azad etdik. Bu gün Azərbaycanın hər yerindən azan səsi ucalır, insanları Tanrıya şükür etməyə dəvət edir.  Bayramı öz evində qeyd edən Qarabağ sakinləri bu günləri bizə bəxş edən Tanrıya şükür edir, ordusuna güc-qüvvət diləyir, şəhidlərinə minnətdarlığını bildirir. Azərbaycan xalqı respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın unudulmaz xatirəsini ehtiramla yad edir, hər yerdə şəhidlərimizin ruhuna dualar oxunur. 

Bütöv Azərbaycan, qəlbləri ilahi hikmətlə nurlandıran, insanları sülhə, əmin-amanlığa və həmrəyliyə çağıran Ramazan bayramın  mübarək! 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 29.03.2025 23:58