NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Xatirələri məni ovundurur

...

Budaqov Rufiz Şirzad oğlu

(12.07.1977-29.09.2020)

Övlad itirmək ağırdır. Mən də bu taleyi yaşayıram. Qismət belə imiş. Saatlarla onun haqqında danışa bilərəm.

Uşaqlığı gözlərim önündən getmir. Tərbiyəli uşaq idi. Məktəbdə də hər zaman tərbiyəli olduğunu deyirdilər. Həyət-baca işlərində bizə yaxından kömək edərdi. Qohumcanlı idi.  Qohumlarımız da xətrini çox istəyirdilər. Çoxlu dostları var idi. 18 yaşını tamam edən kimi hərbi xidmətə yollandı. Qısa müddətdə özünü nümunəvi əsgər kimi göstərə bilmişdi. Tez-tez əlaqə saxlayırdı. Xidmətdə olarkən xəbər verdi ki, ana, mən burada qalacağam. Elə məktəbdə oxuyanda hərbiyə marağını hiss etmişdik. Hərbidə tankçılığı oxudu. 4 il evə gəlməmişdi. Vəziyyət elə idi. Ancaq telefonla danışırdıq. Heç vaxt narazı danışmadı. Uşaqlıqdan kimisə narahat etmək istəməzdi. Xasiyyəti elə idi. Deyirdi ki, ana, darıxma. Mən heç kimin övladından artıq deyiləm. Belə böyümüşdü oğlum. 2016-cı ildə Aprel döyüşlərində də iştirak etmişdi. Ona “Alov” ləqəbini vermişdilər. Bundan mən də bir ana kimi sevinirdim. Aprel döyüşlərində yaralanmışdı. Yaranın da düyün kimi izi qalmışdı. Ailəli idi. 3 övladı var. Sonuncu dəfə ayın 26-sı danışdım. Zəng etdim. Dağda idi. Dedi ki, ana, hər şey yaxşıdır. Darıxma, tezliklə görüşərik. Ancaq görüşə bilmədik sağlığında. Bu gün özü həyatda olmasa da, xatirələri məni ovundurur. Hərdən düşünürəm ki, indi qapı açıla, içəri girə. Bağrıma basam. Ancaq bilirəm ki, belə şey ola bilməz. Ruhu şad olsun deyirəm ki, mənə şəhid anası adını qazandırdı.

Nəşr edilib : 27.08.2024 17:37