NAXÇIVAN :

20 May 2026, Çərşənbə

WUF13 Azərbaycanın qlobal diplomatik nüfuzunun növbəti göstəricisidir

...

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və ölkəmizdə hökm sürən sabitliyin növbəti təsdiqidir. Dünyada mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrdə Bakı müxtəlif ölkələri və xalqları bir araya gətirən etibarlı əməkdaşlıq və dialoq platforması kimi ön plana çıxır. Bu gün Bakı dünyanın mühüm diplomatik mərkəzlərindən biri hesab olunur. Belə mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və uğurlu siyasətin nəticəsidir. WUF13-ün Bakıda təşkili ölkəmizin beynəlxalq etimad qazandığını bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışında Bakının tarixi ilə müasir inkişafı arasında mövcud harmoniyanı xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki: Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz – vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır.

Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu həqiqətən, əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir”.

 Forumun yüksək səviyyədə təşkili və beynəlxalq iştirakçıların Azərbaycana verdiyi müsbət qiymət ölkəmizin artan nüfuzunu bir daha təsdiqləyir. Bu cür mötəbər tədbirlər Azərbaycanın yalnız uğurlu ev sahibi deyil, həm də qlobal problemlərin müzakirəsinə və həllinə töhfə verən etibarlı tərəfdaş oluğunu göstərir.

WUF13 bir daha nümayiş etdirdi ki, Bakı artıq təkcə regionun deyil, dünyanın əsas beynəlxalq dialoq mərkəzlərindən birinə çevrilib.

Gülxarə TARVERDİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 20.05.2026 14:27