NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Xarici diplomlar hansı hallarda tanınmır?

...

Son illər xaricdə təhsil almaq istəyən gənclərin sayı sürətləartıb.Lakin bəzən bu diplomların ölkəmizdə tanınmaması tələbələrin planlarını alt-üst edir. Xaricdə təhsil almaq arzusunda olanlar üçün ən vacib məsələlərdən biri də məhz diplomun nostrifikasiyasıdır. Bəs xarici diplomlar hansı hallarda tanınmır? Bu suallara cavab tapmaq üçün təhsil üzrə ekspert Ramin Nurəliyevlə həmsöhbət olduq:

Nostrifikasiya nədir və nə üçün vacibdir?

Nostrifikasiya xarici ölkədə əldə edilən diplomun Azərbaycanda rəsmi olaraq tanınması prosesidir. Bu prosesdən sonra sənəd Azərbaycanda keçərli sayılır. Lakin xaricdə təhsil alan şəxs mütləq bizim ölkədə həmin ixtisası nəzərə alaraq oxumalıdır.  Bəzi ixtisaslar var ki, bizdə ekvivalenti olmadığı üçün tanınmır. Buna görə də xaricdə təhsil alanlar mütləq bizim ölkədə həmin ixtisasın uyğunluğunu müəyyənləşdirərək təhsil almalıdır. Nostrifikasiya üçün vətəndaş ilk olaraq xaricdə təhsil aldığı diplomu ölkədə apostil etdirərək həmin ölkədən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək ixtisasın tanınması ilə bağlı şəhadətnamə alır. Daha sonra TKTA-da diplomun tanınması ilə bağlı ərizə tətbiq edilir,sonrakı mərhələ artıq bu qurum tərəfindən müəyyənləşdirilir.

Xarici diplomlar hansı hallarda tanınmır?

Bayaq qeyd etdiyimiz kimi, ixtisas uyğunluğu olmadığı təqdirdə konkret olaraq həmin diplom tanınmır. Mütləq həmin ixtisas Azərbaycanda tədris olunmalıdır. Tədris müddəti ərəfəsində vətəndaş həmin xarici ölkədə tədris müddətinin yarısından çoxunun tədris prosesinə qoşulmalıdır. Həmçinin distant təhsil də Azərbaycanda tanınmır. Səbəb isə Azərbaycanda distant təhsil formasının icra olunmamasıdır. Hazırda bununla bağlı Ukraynada təhsil alan tələbələrdə ciddi problemlər var. Bəzi vətəndaşlarımız orada distant təhsilə qoşulur, amma unutmamalıdırlar ki, Ukraynada müharibədən sonrakı dövrdə distant təhsillə bağlı heç bir diplom tanınmır. Bu bir başa TKTA tərəfindən ictimaiyyətə elan edilən qərardır. Digər bir məsələ isə Türkiyədə qiyabi alınan heç bir diplom tanınmır, çünki Türkiyədə təhsil “açıq öyrətim” adlandırılır və bunun Azərbaycanda ekvivalenti yoxdur. Bu Türkiyənin qiyabi təhsil verən həm dövlət, həm də özəl universitetlərinə aiddir. Həmçinin Türkiyənin Anadolu Universitetinin  Bakı filialında keçirilən distant təhsil bizdə konkret olaraq tanınmır. Hər hansı bir xarici ölkədə pedaqoji ixtisaslarla bağlı qiyabi və distant təhsil də ölkəmizdə tanınmır.

Təhsil müddətinə görə diplom tanınmaya bilərmi?

– Bəli,hər hansı bir ölkənin tədris müddəti nə qədərdirsə, həmin müddətin yarıdan çoxunu vətəndaş həmin ölkədə olmalı və tədris prosesində mütləq iştiraketməlidir.

          Təhsil proqramı Azərbaycan standartlarına uyğun deyilsə, məsələn, bakalavr 3 illik, magistr 1 illikdirsə və bu proqramların məzmunu yetərli deyilsə, nostrifikasiya rədd edilə bilər.

Bəs saxta diplomlar necə aşkar olunur?

 Bu sual günümüzdə ictimaiyyəti maraqlandıran mühüm suallardandır. Vətəndaş  bizdətanınması üçün xarici ölkədən aldığı diplomu mütləq həmin dövlətdə apostil etdirməlidir. Apostil dedikdə isə həmin dövlətin diplomu qanuni olaraq tanıması nəzərdə tutulur.

Təəssüf ki, bəzən insanlar “diplom fabrikləri” kimi tanınan, rəsmi olmayan qurumlardan diplom alırlar. Təhsil Nazirliyi bu cür halları ciddi şəkildə yoxlayır. Əgər sənədin saxta olduğu aşkarlanarsa, heç bir halda tanınmır.

Tələbələr diplomun tanınacağına necə əmin ola bilərlər?

Ən önəmli məqamlardan biri də budur.İlk növbədə, bunu qeyd edim ki, təhsil eksperti kimi ictimaiyyətə məlumat verməyimizə baxmayaraq, bəzi valideynlər aldanaraq xaricdə təhsillə bağlı müəyyən qədər xərc çəkirlər,lakin diplom tanınmır. Xaricdə təhsil almaq qərarı verməzdən əvvəl mütləq Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) saytına daxil olub, hansı universitetlərin və proqramların tanındığı barədə məlumat əldə etməlidirlər. Vətəndaşlar buradakı sayta girərək Azərbaycan dövləti tərəfindən tanınan ali təhsil müəssisələrini müəyyənləşdirərəkgedilən təhsil müəssisəsi hansıların içərisindədirsə, ona uyğun addım atmalıdırlar.

Bəzən belə bir halda baş verir ki, diplom qismən tanınır. Məsələn, hər hansı bir ixtisasın bizdə ekvivalenti olsada, təhsil kreditində uyğunsuzluqlar ola bilir.Bu hal daha çox Hüquq ixtisasında baş verir. Hətta son zamanlarda belə bir hal baş verdi ki, xaricdə hüquq təhsili almış 113 nəfərdən yalnız 15-nin diplomu tanındı. Buna səbəb keçirilən dərslərin bizdə uyğunluq tapmamasıdır. Bir sözlə, qanunvericiliklər arasında fərq olduğu üçündür. Ona görə diplomlar qismən tanınır. Tam tanınması üçün isə 6 ayixtisası tədris edən müəssisələrə yönləndirilərək kurs keçirilir və  imtahanda iştirak etdikdənsonra tam tanınır.

– Sonda bu sahədə plan quran gənclərə nə tövsiyə edərdiniz?

İlk olaraq, qeyd etmək istəyirəm ki, hər hansı bir vətəndaşımız xarici ölkəyə təhsil almağa gedəcəksə, mütləq həmin yeri araşdırmalıdır və ona uyğun addım atmalıdır. Çünki bəzi hallarda valideynlər tanımadığı ali təhsil müəssisələrinə uşaqlarını göndərir, müəyyən qədər xərc çəkir, lakin diplom aldıqdan sonra vəziyyətin gərgin olduğunu görür və məyus olur.

Əgər gənclərimiz yaxşı nailiyyət əldə edibsə, yəni İELTS,olimpiya nəticəsi yaxşıdırsa, dövlət hesabına, ya da hökümətlərarası dövlət proqramı ilə gedə bilər. Bu iki hal təqaüdlə təhsilüçün bizim gənclərə faydalıdır. Əgər nailiyyətləri zəifdirsə, o zaman gedəcəyi müəssisəni TKTA saytından araşdırmalı və ona uyğun hərəkət etməlidir.

          Xüsusilədə gənclərimizə və valideynlərimizə hazırda Ukrayna universitetlərinə distant təhsillə bağlı qətiyyən müraciət etməmələrini tövsiyə edirəm. Universitet seçərkən təkcə reytinqə yox, rəsmi statusuna və proqramın tərkibinə də diqqət yetirsinlər. Həmçinin gələcəkdə ölkəyə qayıdıb bu diplomla işləməyi düşünürlərsə, mütləq nostrifikasiya şərtlərini əvvəlcədən araşdırsınlar.

Elnurə CƏFƏROVA

Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 21.04.2025 17:20