NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Xaricdə yaşayan həmvətənlərimiz Novruzu böyük coşqu ilə qeyd edir

...

Milli dəyərlərinə hər zaman sadiq qalan xalqımız illərdir, Novruz bayramını qoruyaraq nəsildən-nəslə ötürüb. Bəs zəngin adətləri ilə insanları daim sevgiyə, yoldaşlığa, paylaşmağa çağıran Novruz bayramını xaricdəki həmvətənlərimiz necə keçirirlər? 
Biz də onlardan biri ilə telefon əlaqəsi saxlayıb bu barədə həmsöhbət olduq. Əslən naxçıvanlı olan Cəmilə Fərəcova bildirdi ki, 2013-cü ildən İspaniyanın Santiaqo de Kompostela şəhərində yaşayır.  Burada yaşamağa qərar verməyinin əsas səbəbi təhsil və iş imkanlarının daha geniş olması idi. Doktorantura təhsili almaq üçün oraya gedib,  hazırda Santiaqo və Viqo şəhərlərində ingilis dili müəllimlərinə koordinatorluq edir və təlimçi kimi çalışır. Deyir ki, Madrid və Barselona kimi böyük şəhərlərdə Azərbaycan icması Novruz bayramında hər il böyük şənliklər təşkil edir. Onlar buradakı xarici dost və tanışlarını da həmin şənliklərə dəvət edirlər. Cəmilə xanım da bir neçə dəfə Novruz bayramında belə böyük tədbirlərdə iştirak edib. Onun dediyinə görə, Novruz adət-ənənələrimiz  xarici ölkə vətəndaşlarının da diqqətini çəkir. Onların ən çox  marağına səbəb isə Novruz xonçasında bəzənən səməni və ətrafındakı paxlava, şəkərbura, boyanmış yumurtalar olur. Həmişə qonaqlar bunların nə məna daşıdığını soruşurlar.  
Cəmilə xanım onu da qeyd etdi ki, ümumiyyətlə, xarici ölkələrdə Novruz şənlikləri və bunun kimi digər tədbirlər Azərbaycan mədəniyyətini, ənənələrini tanıtmaq, bizə öz köklərimizi və milli ruhumuzu yaşatmaq üçün çox əhəmiyyətlidir. Novruz şənliyində milli geyimlərimizdə rəqs edən, Azərbaycan dilində bayram mahnıları oxuyan həmvətənlərimiz əsl bayram ab-havasında adət-ənənələrimizi təbliğ edirlər.   Hətta gələn xarici qonaqlara əvvəlcədən hazırladıqları Novruza aid atributlardan olan  hədiyyələr verərək ölkəmiz və Novruz bayramı  haqqında məlumatlar verirlər.  Bu da hamı üçün xoş bir xatirə olaraq yadda qalır. 
Müsahibimiz onu da bildirir ki, Novruz bayramında ən çox sevdiyi iş evi təmizləmək və səmənisi olan bayram süfrəsi hazırlamaqdır: “Evi təmizləmək alışdığımız, etməli olduğumuz bir haldır, lakin bunu Novruzda etmək mənim üçün fərqli məna kəsb edir: sən ruhunu yeniləyirsən, yenidən doğulursan, yeni üfüqlər və ümidlər doğulur. Bu mənada, Novruzun mənəvi və ruhsal tərəflərini görmək çox gözəl bir duyğudur. Eyni zamanda hər bir nemətin xüsusi məna daşıdığı bir bayram süfrəsi hazırlayarkən illərin dəyişdiyini, lakin milli ənənənin davam etdiyini görürsən. Biz də hər il olduğu kimi, bu bayram da  ailə üzvlərimizlə birgə Novruz süfrəsi  arxasına əyləşib dost və tanışlarımızı dəvət edir, onlarla bayram ab-havasını paylaşmağa çalışırıq. Burada Naxçıvandakı kimi süfrə hazırlamaq çətin olsa da, azərbaycanlı olaraq çalışırıq ki, öz milli ənənəmizə uyğun Novruz süfrəsi hazırlayaq”. 
Cəmilə Fərəcova deyir ki, İspaniyada yaşadığı üçün, bir tərəfdən, öz mədəniyyətimizi və adət-ənənələrimizi yaşatmaq ona çox böyük məmnuniyyət verir. Eyni zamanda bu ona Azərbaycanın Novruz bayramının dərin mənalarını başqalarına da çatdırmaq və onları bu möhtəşəm bayram haqqında məlumatlandırmaq imkanı yaradır.  Sanki sən həmin ölkələrin vətəndaşlarına  “Bizim də çox gözəl adət-ənənəmiz var”, – deyə səslənmək və onlarla da bu gözəlliyi paylaşmaq istəyirsən: “Bu bayram bizim üçün yalnız adət-ənənələrin yerinə yetirilməsi deyil, həm də birlik və həmrəylik simvoludur. Bu bayramda bir-birimizə qarşı daha mehriban olmağımız, birliyimizi qorumağımız çox önəmlidir. Bu adətləri qorumaq xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərə olan sevgisinin təzahürüdür”.

Bülbül Quliyeva

Nəşr edilib : 20.03.2025 21:23