Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətini...
17:37 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
3-4 iyul tarixlərində Xankəndi şəhərindən beynəlxalq aləmə Türk dünyasının qardaşlığının, həmrəyliyinin, birliyinin növbəti mesajları ünvanlandı. Xankəndi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünə ev sahibliyi etdi. Bu, qədim Azərbaycan şəhərində keçirilmiş dünya miqyaslı ilk böyük tədbir idi. Xankəndinin Türkiyə, İran, Pakistan, Qırğızıstan, Tacikistan və digər ölkələrin rəhbərlərini, onları müşayiət edən böyük nümayəndə heyətlərini qarşılaması hər birimizdə qürur, fəxarət hissi yaşatdı. Xankəndidə yeni inşa edilmiş Konqres Mərkəzində təşkil olunmuş Zirvə görüşü Azərbaycan dövlətinin azad edilmiş torpaqlarda yaratdığı şəraitin ən gözəl sübutudur. Xankəndi Zirvə görüşü nəinki diplomatik uğur, həm də Azərbaycanın əzmini, strateji baxışını və gələcəyə inamını göstərən hadisədir. İllər əvvəl sülhə, sabitliyə həsrət qalan bu şəhər indi əməkdaşlığın, birlik və inkişafın simvoluna çevrilir. 30 il davam edən işğal dövrünün əsas hədəfi olan “Azərbaycan Bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil” Prezident İlham Əliyevin çağırışı artıq reallığa çevrilməklə yanaşı, bu torpaqlarda dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqları Azərbaycan Bayrağı ilə birlikdə dalğalanır. Bu cənnət məkanda beynəlxalq tədbirlər keçirilir, Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya mühüm mesajlar ünvanlanır.
Azərbaycan bu gün işğaldan azad olunmuş torpaqlarında beynəlxalq tədbirlər keçirir, öz sözünü deyir və sülh, inkişaf ədalət üzərində reallıqlar yaradır. Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışında “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” müraciəti harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün də məhz bu qədim şəhərdə təşkili xalqımızın əzminin və mübarizliyin növbəti təntənəsi oldu.
Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı tarixi ədalətin, dövlət iradəsinin ali tribunadan dünyaya çatdırılması idi. Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı, həmrəyliyi də Zirvə görüşünün diqqətçəkən mühüm məqamlarından biri oldu.
Azad Qarabağ daha möhtəşəm, qürurlu anlarını yaşadı. Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində bu məkanda ECO-nun üzv dövlətlərinin başçıları və digər rəsmiləri ilə çoxsaylı görüşlərinin hər biri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında yeni səhifə açdı. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında “Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir” söyləyərək budəfəki Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu bildirdi.
Azərbaycan artıq regionda sabitlik və rifahın aparıcı qüvvəsinə çevrilmişdir. Xankəndi Zirvə görüşü ölkəmizin ECO daxilində yüksək etimada, təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi. Zirvə görüşü həm də dünyanın diqqətini Qarabağda gedən müsbət dəyişikliklərə yönəltdi. Qarabağ artıq münaqişə deyil, sülh, sabitlik və iqtisadi dirçəliş məkanıdır. Dövlət başçısının çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərindən danışdı. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı nəticəsində artıq minlərlə insan doğma yurduna qayıdaraq orada yaşayır, işləyir və təhsil alır. Qarabağda nəqliyyat infrastrukturunun bərpası və Zəngəzur dəhlizinin açılması perspektivləri fonunda bu Zirvə görüşü regional bağlantıları daha da gücləndirmək üçün yeni imkanlar yaradacaqdır. Nəqliyyat dəhlizləri yalnız ticarəti asanlaşdırmayacaq, həm də insanlar arasında əlaqələri möhkəmləndirəcək və regionun ümumi inkişafına töhfə verəcək. Xankəndidə keçirilmiş Zirvə görüşü diplomatik, iqtisadi əməkdaşlıq, geosiyasi və mənəvi baxımdan tarixi bir dönüş nöqtəsidir.
Gülxarə TARVERDİYEVA
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər