NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

...

Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşündə iştirak etmək məqsədilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Keniyanın Dövlət Prokurorluğunun direktoru Renson Mulele İnqonqa ölkəmizə səfərə gəlib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 29-da Baş prokuror Kamran Əliyev keniyalı həmkarının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokuror nümayəndə heyətinə beynəlxalq tədbirdə iştiraklarına görə təşəkkürünü bildirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və qanunun aliliyinin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Baş prokuror Azərbaycanda korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsinin, korrupsiya hüquqpozmalarının qarşısının alınması və aşkar edilməsi üzrə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. O, korrupsiyanın müxtəlif formalarda və transmilli xarakter daşımaqla təzahür etdiyi müasir şəraitdə bu cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılması üçün dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsinin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinin vacibliyinə diqqət çəkib.
Görüşdə Azərbaycan ilə Keniya arasında əlaqələrin inkişafı, prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın genişləndirilməsi və 2024-cü ilin sentyabrında imzalanmış Anlaşma Memorandumunun icrası məsələləri müzakirə olunub. Baş prokuror iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın praktiki məzmununun zənginləşdirilməsinin, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Renson Mulele İnqonqa səmimi qəbula görə təşəkkürünü bildirərək, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşünün yüksək səviyyədə təşkil olunmasını təqdir edib. O, beynəlxalq və regional tədbirlər çərçivəsində, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının Afrika və Hind okeanı regionu üzrə məsələlərdə Azərbaycan Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək, qurumlar arasında peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 29.10.2026 18:59