NAXÇIVAN :

16 Iyul 2025, Çərşənbə

Xankəndi zirvəsi Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın aparıcı qüvvəsi olduğunu göstərdi

...

Prezident İlham Əliyev 2025-ci il iyulun 4-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında Xankəndidə bu mötəbər beynəlxalq tədbirin təşkilinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Bu, həm Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirdiyi nəhəng quruculuq işlərinin təntənəsidir, həm də dünyaya verilən açıq mesajdır: Qarabağ əbədi Azərbaycan torpağıdır!
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin depuatı Xəzəngül Orucova deyib.
Deputat qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə, ardınca isə Böyük Qayıdış proqramının icrası, Şuşada, Laçında, Ağdamda keçirilən beynəlxalq tədbirlər bu uğurun davamlı olduğunu göstərir: "Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq 50 mindən çox vətəndaşımız öz ata-baba yurduna qayıdıb, yeni şəhərlərdə yaşayır, çalışır və təhsil alır. Bu, tarixi ədalətin bərpasıdır. Zirvə görüşündə dövlət başçımız işğal dövründə ermənilərin törətdiyi vəhşilikləri, o cümlədən mədəni və dini irsimizə qarşı vandallığı, bir milyondan çox minanın basdırılmasını, minlərlə azərbaycanlının həyatına və sağlamlığına vurulan zərəri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların dədə-baba yurdlarına sülh yolu və qayıdışı ilə bağlı qətiyyətli mövqeyi ölkəmizin humanist və beynəlxalq hüquqa əsaslanan siyasətinin davamı kimi dəyərləndirilməlidir. Bu məsələdə İslam Əməkdaşlıq Təşkilatının yekdil qərarları da beynəlxalq dəstəyin göstəricisidir".
"Azərbaycanın ECO çərçivəsində təşəbbüsləri, o cümlədən Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu, eləcə də Şuşanın 2026-cı ildə “ECO-nun Turizm paytaxtı” elan olunması, ölkəmizin bu təşkilatdakı fəal və lider mövqeyinin göstəricisidir. Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan enerji və nəqliyyat sahələrində də mühüm tranzit mərkəzlərindən birinə çevrilib. Bu gün 12 ölkəyə qaz ixrac edən, strateji nəqliyyat dəhlizlərinə ev sahibliyi edən ölkəmiz ECO məkanında etibarlı tərəfdaşdır. Xankəndi Zirvə görüşü Azərbaycanın yeni tarixinin, yeni reallıqlarının rəsmi təsdiqi oldu"- deyə Xəzəngül Orucova əlavə edib.

Nəşr edilib : 05.07.2025 12:40