NAXÇIVAN :

29 Oktyabr 2026, Cümə axşamı

İnsan duyğularından rəssam fırçasına...

...

Rəssamların sənət dünyası mənə hər zaman sirli-sehrli nağıllar aləmini xatırladıb. Bu aləmin dərinliklərində hələ kəşf olunmamış rənglərin sirləri, danışılmamış həyat hekayələri, insan qəlbinin və ruhunun dərinliklərindən süzülən duyğular gizlənir. Fırçanın toxunmadığı, rənglərin hələ sözə çevirmədiyi neçə-neçə dünya var. Gənc rəssamların yaradıcılığında bu dünyalar özünəməxsus məna qazandıqca, tablolarından tamaşaçının qəlbinə yol tapır. Fırçanın hər toxunuşu sanki gizli bir hekayənin pərdəsini aralayır, hər rəng insan ruhunun dərinliklərində gizlənən duyğuları oyadır.

Müsahibim ixtisasca psixoloqdur. İnsanların həyat hekayələrini dinləmək, onların yaşantılarına şahid olmaq gündəlik həyatın yorğunluğu bəzən onu rənglərin dünyasına çəkir. Fırça onun üçün, sadəcə, yaradıcılıq vasitəsi deyil, həm də daxili dünyasına açılan bir qapıdır. Kətan üzərinə həkk etdiyi hər bir detal ona özünü bir qədər də yaxından tanıdır. Rənglər vasitəsilə hisslərini, duyğularını, düşüncələrini, bəzən sözlə ifadə edə bilmədiyi yaşantılarını üzə çıxarır. Hər əsər onun üçün sıradan bir rəsm deyil, ruhunun bir parçası, daxili dünyasının rənglərə çevrilmiş hekayəsidir...

Müsahibimiz Çinar Hacıyev 2001-ci ildə Ordubad rayonunda anadan olub. 2018-ci ildə orta məktəbi bitirib və Naxçıvan Müəllimlər İnstitutunda Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində akademik məsləhətçi kimi başlayıb. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisində çalışır. Azərbaycan Rəssamlar İttifaqının Gənclər bölməsinin və Naxçıvan Rəssamlar Birliyinin üzvüdür. 2019-cu ildə “İlin gənc rəssamı” seçilib. Müxtəlif respublika və muxtar respublika səviyyəli rəsm müsabiqələrində dəfələrlə I yerə layiq görülüb. 2022-ci ildə “Psixoloqun miniatür rəngləri” adlı fərdi sərgisi keçirilib. 2021-ci ildən psixo-pedaqoji fəaliyyətlə məşğul olan Çinar Hacıyev, eyni zamanda təlimçi kimi də fəaliyyət göstərir.

– Çinar bəy, ixtisasca psixoloq olsanız da rəssamlıqla məşğul olursunuz. Bu iki sahə arasında seçiminizi necə etmisiniz? Rəssamlığa marağınız nə vaxtdan başlayıb?

– Bəli, ixtisasca psixoloqam. Və uzun müddətdir ki, bu sahədə də fəaliyyət göstərirəm. Rəssamlığa marağım isə uşaqlıq illərindən başlayıb. Mübaliğəli səslənsə də özümü dərk edəndən şəkil çəkirəm. Bu, mənim üçün məşğuliyyət deyil, həm də rahatlamaq və sakitləşmək üsuludur. Psixologiyada da sənət terapiyasından geniş istifadə edilir. Rəsm çəkmək insanın daxili dünyasını ifadə etməsinə, emosional gərginliyini azaltmasına kömək edir. Bir sözlə, ixtisasım nəinki rəssamlıq sənətinə, bütün həyatıma təsir edir.

– Ümumiyyətlə, insanların ruhunu müşahidə etmək rəsmlərinizə yansıyırmı?

– Əlbəttə. Düşünürəm ki, hər iki sahə bir-biri ilə vəhdətdədir. Ümumiyyətlə, psixologiya müasir dünyada insanın toxunduğu, demək olar ki, hər sahədə özünü göstərir – siyasətdə, incəsənətdə, ədəbiyyatda, iqtisadiyyatda. Bir sözlə, bir çox sahələrdə psixologiyanın təsirini görmək mümkündür. Bununla yanaşı, insanları müşahidə etməyi sevirəm, çünki hər bir insan unikaldır və özünəməxsusdur. Bəzən çox kiçik görünən bir travma belə insanın həyatını, dünyaya və özünə baxışını tamamilə dəyişə bilər. Bu səbəbdən rəsmlərimdə də psixologiyadan, daha dəqiq desək, insan amilindən, insan həyatından, onun duyğu və düşüncələrindən geniş istifadə edirəm. Hətta bunun bir çox məşhur rəssamların yaradıcılığında da özünü göstərdiyini düşünürəm.

– Hansı rəssamlıq üslubunda işləmək sizə daha çox zövq verir?

– Məncə, hər bir yaradıcı insan əlindən gəldiyi qədər milli-mənəvi dəyərləri qoruyub saxlamalı, öz əsərlərində bunu yaşatmalıdır. Bu düşüncə mənim də həyatımın hər bir sahəsinə, o cümlədən incəsənətə də aiddir. Məhz buna görə  tarixi mədəni irsimizin mühüm bir hissəsi olan miniatür sənətinə tez-tez müraciət edirəm. Bu üslub mənə xüsusi bir zövq verir. Artıq 10 ildən çoxdur ki, yaradıcılığımda Təbriz miniatür məktəbini əsas baza kimi götürür və bu üslubun ənənələrindən bəhrələnərək əsərlər yaradıram. Əsərlərimin böyük bir hissəsini bu üslubda işləmişəm.

– Hər hansı bir mövzunun ideyası düşüncələrinizdə necə yaranır?

– İdeya gündəlik qarşımıza çıxan hər hansı bir səhnə, fraqment ola bilər. Bu, bir neçə saniyə içində yaranır və sonra yox olur. O ideya gələndə unutmamaq üçün daim yanımda kağız-qələm gəzdirirəm. O düşüncə yaranan kimi cəld qaralama edir, qeydlərimi yazıram. Kağız-qələm olmadıqda, mobil telefonumda qeydlər aparır, sonra onu kağıza köçürürəm. Bu ideyalar toplanır və sonrakı emosional vəziyyətə görə onlardan birini seçir və kətana köçürməyə başlayıram. Əvvəlcə əsərin mövzusuna və vermək istədiyim mesaja uyğun olaraq rəngləri və simvolları seçirəm. Bu elementlər əsərin yalnız vizual tərəfini deyil, onun emosional və psixoloji dərinliyini də formalaşdırır, işi daha baxımlı və mənalı edir. Daha sonra hissə-hissə rəsm əsərini ərsəyə gətirirəm.

– Sizin üçün rəng nədir: estetik seçim, yoxsa emosiyanın dili?

– Mənim üçün rəng emosiyaların dilidir. Bunun nə qədər vacib olduğunu çox sadə bir nümunə ilə izah etmək olar. Məsələn, Xocalı soyqırımına həsr olunmuş bir əsərlə şanlı Zəfərimizə həsr olunmuş əsəri müqayisə etsək, rənglərin yaratdığı emosional fərqi aydın şəkildə görə bilərik. Hər iki mövzunun özünəməxsus ruhu, emosiyası və mesajı var və rəng bu mesajın tamaşaçıya çatdırılmasında mühüm rol oynayır. Buna görə də mən rəngi yalnız estetik vasitə kimi deyil, əsərin emosional və fəlsəfi məzmununu ifadə edən bir dil kimi qəbul edirəm.

– Heç olubmu ki, çəkdiyiniz əsəri sonradan bəyənmiyəsiniz? Belə hallarda onu məhv etmək istəmisinizmi?

– Əsərlərimdən hər hansı birini məhv etmək istəməmişəm. Çünki hər işin arxasında çəkilən əziyyət, sərf olunan zaman və verilən əmək var. Amma bəyənmədiyim, düşündüyüm kimi alınmayan işlər çox olub. Bəzən iş bitir, imzanı atırsan və bir addım geri çəkilib əsərə kənardan baxırsan. O an hiss edirsən ki, müəyyən çatışmazlıqlar var. Ya tam istədiyin kimi alınmayıb, ya da təsəvvüründə olanla ortaya çıxan arasında fərq var. Belə anlarda işi silmək və ya məhv etmək yox, ondan nəsə öyrənmək daha vacibdir. Mən düşünürəm ki, hər uğursuz iş də insanın yolunun bir hissəsidir.

– Bir əsərin “tamamlandığını” necə müəyyənləşdirirsiniz? Hansı məqamda artıq ona əlavə nəsə etmək istəmirsiniz?

– Ağlımdakı ideyanı, insanlara çatdırmaq istədiyim nüansların hər birini detallı şəkildə işləyib hazırladıqdan və əsərlə bağlı beynimdəki bütün suallara cavab verdikdən sonra onu tamamlanmış hesab edirəm. Mənim üçün əsərin tamamlanması yalnız sonuncu detalın işlənməsi deyil, həm də düşündüyüm fikrin və hissin tam şəkildə kətana köçürülməsidir.

– Rəssam həmkarlarınız yaradıcılığınızı necə qiymətləndirilir? İndiyədək hansı uğurlara və mükafatlara layiq görülmüsünüz?

– İndiyədək əsərlərim ciddi tənqidə məruz qalmayıb. Əlbəttə, yaradıcılıqda hər zaman öyrənməyə və inkişaf etməyə ehtiyac var. Bu sahədə mənimlə birgə çalışan peşəkar fırça ustaları tərəfindən işlərim yaxşı qiymətləndirilib. “Ordubadda Novruz” adlı işim 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təşkil edilən “Öz dünyanı boya” adlı I Respublika Rəng Festivalında I yerə layiq görülüb. “Dədə Qorqud” adlı əsərim də “Azərbaycanım” adlı III Respublika Uşaq Festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgisində II yerə layiq görülüb.

– Sonda rəssamlığa yeni başlayan gənclərə nə tövsiyə edərdiniz?

– Rəssamlıq sahəsi, hər şeydən əvvəl, səbir və zövq tələb edir. Ümumiyyətlə, yaradıcılıq dünyası uzun bir yoldur. Biz, sadəcə, ömrümüzün sonuna qədər bu yolun müəyyən bir hissəsini qət edə bilirik. Bu səbəbdən gənc rəssamlarımız əllərindən gəldiyi qədər bu sahədə özlərini inkişaf etdirməlidirlər. Ən əsası isə daim axtarışda olmalı, yeni üslub və yanaşmaları öyrənməkdən çəkinməməlidirlər. Çünki sənətdə inkişafın son nöqtəsi yoxdur; hər yeni əsər rəssam üçün özünü yenidən kəşf etmək fərqli ifadə yolları tapmaq imkanıdır.

– Səmimi söhbətə görə təşəkkür edir, sizə yeni yaradıcılıq uğurları arzulayırıq.

– Təşəkkür edirəm, diqqətiniz üçün sağ olun.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 29.10.2026 17:06