Bəzi rayonlarda qısamüddətli leysan xarakterli yağ...
11:14 16.07.2025
0
0
0
NAXÇIVAN :
16 Iyul 2025, Çərşənbə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev “Şərq qapısı” qəzetinə açıqlamasında bildirib ki, 2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun növbəti təsdiqi olmaqla yanaşı, həm də işğaldan azad edilmiş torpaqlarımızda yeni reallıqların və quruculuq mərhələsinin bariz ifadəsidir.
Deputatın sözlərinə görə, bu mötəbər beynəlxalq tədbirin məhz Xankəndidə – işğaldan azad edilərək sürətlə yenidən qurulan şəhərdə keçirilməsi Azərbaycanın siyasi, iqtisadi və mənəvi qələbəsinin rəmzidir: “Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər hər bir azərbaycanlı üçün fəxr doğurur. Bu gün biz təkcə ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də sübut etmişik ki, Azərbaycan öz tarixini, mədəniyyətini, milli ləyaqətini və inkişaf yolunu qətiyyətlə müdafiə edən, qoruyan və irəli aparan dövlətdir”.
Qəzənfər Abdullayev qeyd edib ki, dövlət başçısının işğal dövründə erməni vandalizmi nəticəsində törədilən dağıntılar, mədəni və dini irsimizə qarşı edilən hörmətsizlik, bir milyondan çox mina təhlükəsi, bütün bu mənəvi və fiziki zərbələrə baxmayaraq, bu gün Azərbaycanın həmin torpaqlarda “Böyük Qayıdış” proqramını həyata keçirməsi dünya üçün nümunədir.
“Xankəndi Zirvə görüşündə, həmçinin qərbi azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı Prezidentin ifadə etdiyi qəti mövqe göstərdi ki, Azərbaycan təkcə öz torpaqlarına deyil, tarixə, ədalətə və insan hüquqlarına da sahib çıxır. Bu həm də beynəlxalq hüququn aliliyinə çağırış idi”, – deyə deputat əlavə edib.
Deputat Qəzənfər Abdullayev vurğulayıb ki, Azərbaycanın ECO məkanında apardığı təşəbbüslər, o cümlədən bu il ilk dəfə keçirilən “ECO Həftəsi” çərçivəsində Şuşa, Ağdam və Laçında keçirilən forumlar ölkəmizin regional inteqrasiyada mühüm rol oynadığını sübut edir.
Sonda deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət, milli maraqlara əsaslanan mövqeyimiz və qətiyyətli liderliyimiz Azərbaycanın qələbələrinin əsas təminatıdır. Xankəndidə keçirilən bu Zirvə görüşü isə həm diplomatik zəfər, həm də mənəvi ədalətin təntənəsidir.
Digər xəbərlər