Naxçıvanda daha bir mühüm konfrans
23:23 13.05.2025
0
0
0
NAXÇIVAN :
14 May 2025, Çərşənbə
Müasir dünyanın və Azərbaycanın yaxın tarixi dövrlərinə nəzər saldıqda, bir sıra xalq və dövlətlərin taleyində dönüş nöqtəsi olmuş liderlər görürük. Onların bəziləri tarixdə iz buraxsa da, çox azı, əslində, bütöv bir xalqın gələcəyini müəyyən edəcək qədər möhkəm təməl qoya bilmişdir. Azərbaycan xalqı üçün məhz belə əvəzsiz lider Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun xalq və dövlət qarşısındakı tarixi xidmətləri, böyük idarəçilik təcrübəsi, müdrik siyasəti bu gün də həyatın bütün sahələrində öz aktuallığını qoruyur.
Mayın 10-u – Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü, Azərbaycan xalqının siyasi yaddaşında və dövlətçilik ənənələrində xüsusi bir yer tutur. Bu təkcə bir liderin doğulduğu gün deyil, eyni zamanda milli dövlətçilik təfəkkürünün bərqərar olduğu, xalqın tarix səhnəsində öz suveren və müstəqil varlığını qoruyub saxlaya bildiyi bir yolun başlanğıcıdır.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən xalqımızın böyük oğlu Heydər Əliyev Sovet imperiyası şəraitində belə milli maraqları müdafiə etməyi bacaran nadir liderlərdən biri idi. Onun təşəbbüsü ilə respublikamızda sənaye və kənd təsərrüfatında modernizasiya, elmin, təhsilin və mədəniyyətin inkişafı sahəsində ciddi islahatlar həyata keçirildi.
Həmin dövrdə yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilməsi, elmi kadr hazırlığının gücləndirilməsi, milli kadrların rəhbər vəzifələrə irəli çəkilməsi, məhz Ümummilli Liderimizin uzaqgörən siyasətinin nəticəsi idi. O, milli kimliyi qoruyaraq, Azərbaycançılıq ideyasını sistemli şəkildə inkişaf etdirən ilk dövlət xadimi oldu.
SSRİ-nin dağılmasından sonra müstəqilliyini yenidən bərpa edən Azərbaycan böyük çətinliklərlə üzləşdi. Daxili qarşıdurmalar, siyasi sabitsizlik, Ermənistanla müharibə və iqtisadiyyatın iflic vəziyyəti xalqı çıxılmaz duruma salmışdı. Məhz belə bir zamanda xalqın inamı və təkidli tələbi ilə dahi rəhbər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdı.
Bu qayıdış Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Heydər Əliyev qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, dövlət strukturlarını bərpa etdi, ordu quruculuğuna başlanıldı. Məhz onun təşəbbüsü ilə atəşkəsə nail olundu və diplomatik münasibətlər sistemli şəkildə qurulmağa, Azərbaycan beynəlxalq aləmdə müstəqil və etibarlı tərəfdaş kimi tanınmağa başladı.
Dahi şəxsiyyətin uğurlu neft strategiyası Azərbaycanın iqtisadi inkişafının əsas sütununu təşkil etdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan dünyanın enerji bazarına çıxış əldə etdi və ölkəyə milyardlarla dollar sərmayə cəlb olundu. Bu təkcə iqtisadi deyil, həm də siyasi anlamda müstəqilliyimizin möhkəmləndirilməsi üçün çox mühüm bir addım idi.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi iri layihələr regional əməkdaşlıqda Azərbaycanın aparıcı rolunu təsdiqlədi və ölkəmizi Cənubi Qafqazda əsas enerji qovşağına çevirdi.
1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası Ulu Öndərin rəhbərliyi ilə hazırlandı və demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun təməlini qoydu. Dövlət-vətəndaş münasibətləri, insan hüquqları, mətbuat azadlığı və seçki sistemi kimi institutlar bu hüquqi sənəddə öz əksini tapdı.
Bundan başqa, görkəmli dövlət xadiminin təşəbbüsü ilə həyata keçirilən təhsil islahatları, mədəni irsin qorunması, gənclər siyasəti və Azərbaycan diasporunun formalaşdırılması prosesi Onun çoxşaxəli və uzaqgörən idarəçilik fəlsəfəsini əks etdirir.
Beş il əvvəl Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə, bununla da ərazi bütövlüyümüzün təmin olunması və Qarabağın azadlığı məhz Heydər Əliyevin illərlə qurduğu dövlətin və xalqla bir olan siyasətin nəticəsidir.
Azad edilən ərazilərdə bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramı, “ağıllı kənd” layihələri, beynəlxalq tədbirlərdə Azərbaycanın fəal mövqeyi – bunlar hamısı Ulu Öndərin irsinin bugünkü davamıdır.
Dahi rəhbər təkcə bir siyasətçi, dövlət başçısı deyil, həm də bir məktəb, bir ideologiya, bir yol idi. Onun yolu xalqın yoludur. Bu gün hər bir azərbaycanlı bu yolun davamçısı olaraq öz fəaliyyəti və mövqeyi ilə Ulu Öndərin irsinə sadiqdir.
Ulu Öndərin ideyaları yaşadıqca Azərbaycan yaşamaqda, inkişaf etməkdə və güclənməkdə davam edəcəkdir.
Xəzəngül ORUCOVA
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər