NAXÇIVAN :

22 Avqust 2026, Şənbə

Xalqın əziz oğlu

...

“Bu gün Azərbaycan müstəqil respublikadır. Biz indi azad insanlarıq. O illərdə çalışan, Azərbaycan elmini, təhsilini, səhiyyəsini, iqtisadi potensialını və sənayesini yaratmış insanlar Azərbaycanın bugünkü müstəqilliyinin əsasını qoymuşlar. Biz onları unutmamalıyıq, onları xatırlamalı, onların xidmətlərini lazımınca qiymətləndirməliyik. Bu insanlar arasında Əziz Əliyev də var".

Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri

Tarixi yalnız böyük hadisələr yaratmır. Bəzən bir insanın ömür yolu özü bütöv bir epoxanın mənzərəsinə çevrilir. Belə talelərdə fərdi bioqrafiya ilə xalqın taleyi bir-birindən ayrılmır; insanın keçdiyi yol onun yaşadığı zamanın sınaqları, mənsub olduğu mühitin dəyərləri və qarşısında dayanan tarixi məsuliyyətlə birlikdə mənalanır. Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Əliyevin həyatı məhz belə nadir bioqrafiyalardandır. Onun 1897-ci ildən başlayan və XX əsrin ən mürəkkəb siyasi, ictimai və mədəni hadisələrinin içindən keçən ömür yolu Azərbaycan tibb elminin, səhiyyə təşkilatçılığının, dövlət idarəçiliyinin və milli ziyalılıq ənənəsinin bir-birini tamamladığı parlaq salnamə təsiri bağışlayır.
20 avqust 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əziz Əliyevin anadan olmasının 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalaması Əziz Əliyev irsinə göstərilən böyük ehtiramın nümunəsidir. Belə yubileylər milli yaddaşda özünəməxsus yer tutan şəxsiyyətlərin irsini əbədiləşdirmək və gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Əziz Əliyevin irsi baxımından isə bu “vətəndaşlıq məktəbi” olduqca zəngindir: onun həyatında elm ilə dövlətçilik, peşəkarlıq ilə vətəndaşlıq, prinsipiallıq ilə insaniyyət bir bütövün tərkib hissələri kimi çıxış edir.
Görkəmli elm və dövlət xadiminin taleyinin ilk səhifələri qədim Azərbaycan torpağı olan İrəvanla bağlıdır. İrəvan quberniyasının Hamamlı kəndində dünyaya göz açan, uşaqlıq və yeniyetməlik illərini burada keçirən Əziz Əliyev hələ gənc yaşlarından iti zəkası və elmə olan tükənməz həvəsi ilə diqqəti cəlb edirdi. Onun İrəvandakı rus-tatar məktəbində, daha sonra isə gimnaziyada nümayiş etdirdiyi yüksək intellektual qabiliyyət parlaq gələcəyinin müjdəçisi idi. 1917-ci ildə gimnaziyanı əla qiymətlərlə bitirən gəncin ali tibb təhsili almaq arzusu həmin dövrün mürəkkəb tarixi-siyasi şəraiti fonunda məhz böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyi sayəsində reallığa çevrildi. Prezident cənab İlham Əliyevin Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərindəki abidəsinin açılışında vurğuladığı kimi, böyük mesenatın bu nəcib addımı gələcəkdə Əziz Əliyevin taleyində həlledici rol oynamış, onun Sankt-Peterburq Hərbi Tibb Akademiyasında təhsil almasına yol açmışdır.
Bununla belə dövrün təlatümləri və tarixin amansız sınaqları çox keçmədən gənc Əziz Əliyevin iradəsini sınağa çəkdi. 1918-ci ildə İrəvana qayıdarkən doğma yurdunda faciəvi mənzərə ilə qarşılaşan Əziz Əliyev ailəsinin məcburi köçkünlük həyatına qatlaşmalı, ağır itkilər və məhrumiyyətlərlə üzləşməli olur. O bu qırğınlardan xilas olmaq üçün çox böyük çətinliklə ailəsini Şərur-Dərələyəz qəzasının Şahtaxtı kəndinə köçürə bilir. Lakin daşnakların qırğınları Şərurdan da yan keçmir. Şahtaxtı əhalisi, o cümlədən Əziz Əliyevin ailəsi Şərurda törədilən qırğınlardan qurtulmaq məqsədilə Araz çayını keçərək Cənubi Azərbaycana sığınmaq məcburiyyətində qalırlar. Bu çətinliklər onun ali təhsilini yarımçıq qoymasına səbəb olsa da, onun həkim olmaq əzmini qıra bilmədi. Əksinə, müxtəlif müalicə müəssisələrində və əczaxanalarda fədakarlıqla çalışaraq qazandığı təcrübə onun xarakterini daha da möhkəmləndirdi. Həyatın bu sərt üzü Əziz Əliyevin ən çətin vəziyyətlərdə belə sınmayan iradəsinin və mübarizliyinin formalaşmasında müstəsna rol oynayır.
1921-ci ildə yenidən Şahtaxtıya qayıdan və 2 ilə yaxın bir müddətdə orta tibb işçisi və həkim köməkçisi kimi fəaliyyət göstərən Əziz Əliyev 1923-cü ilin mayında ali təhsilini davam etdirmək üçün ailəsi ilə birlikdə Bakıya köçür. Bu onun həyatında yeni mərhələnin başlanğıcı olur. Dövlət idarəçiliyində bir sıra məsul vəzifələrdə inamla irəliləyən Əziz Əliyev, eyni zamanda Bakı Dövlət Universitetinin Tibb fakültəsini 1927-ci ildə uğurla başa vuraraq çoxdankı arzusunu gerçəkləşdirdi. Lakin o sadəcə, ixtisaslı həkim olmaqla kifayətlənməyərək milli səhiyyə sisteminin konseptual əsaslarının yaradılması istiqamətində yorulmaz fəaliyyətə başladı. Xalq Səhiyyə Komissarlığı və Bakı səhiyyə şöbəsi sistemində rəhbər postlarda çalışarkən səhiyyəni dövlətin bütöv sosial siyasətinin nüvəsi kimi dəyərləndirirdi. Kabinet rəhbərliyindən uzaq olan bu böyük təşkilatçı respublikanın ən ucqar bölgələrinə səfər edir, xalqın səhiyyə problemlərini birbaşa yerində öyrənir və həyati əhəmiyyətli qərarlar qəbul edirdi.
Bu idarəçilik bacarığı özünü böyük ziyalının Azərbaycan tarixindəki ən mühüm xidmətlərindən biri olan Azərbaycan Dövlət Tibb İnstitutunun qurulması və inkişafı prosesində də göstərdi. 1930-cu ildə institutun təşkilatçılarından biri olan, daha sonra isə ona rektorluq edən Əziz Əliyev qarşıda duran ciddi problemləri – kadr qıtlığını, ana dilində tədris vəsaitlərinin yoxluğunu və maddi-texniki bazanın zəifliyini vahid, sistemli konsepsiya çərçivəsində həll etməyə nail oldu. O, dərindən dərk edirdi ki, həqiqi milli tibb məktəbi yalnız peşəkar həkim yetişdirməklə məhdudlaşmır. Bunun üçün zəngin elm və təhsil infrastrukturu, elmi mətbuat, ana dilində dərsliklər və fundamental kitabxana bazası da zəruridir. Məhz onun bilavasitə rəhbərliyi altında qısa zaman kəsiyində onlarla adda tibbi dərslik nəşr edildi, “Tibb nəşriyyatı” və sonradan “Təbib” adı ilə tanınan “Tibb kadrları uğrunda” qəzeti təsis olundu. İstedadlı tələbələrin inkişafı üçün Rektorluq Fondunun yaradılması, gənclərin ittifaqın qabaqcıl elm mərkəzlərinə göndərilməsi, elmi kadrların yetişdirilməsi və “Tibb şəhərciyi”nin inşası kimi fundamental addımlar onun təhsilə dövlətçi yanaşmasının bəhrəsi idi.
Bununla belə  genişmiqyaslı fəaliyyəti Əziz Əliyevin elmi axtarışlarına heç vaxt maneə törətmədi. Namizədlik və doktorluq dissertasiyalarını ardıcıl müdafiə edərək professor elmi adına layiq görülməsi onun elmə dərin sədaqətinin ifadəsi idi. O, elmi nəzəriyyə ilə səhiyyə praktikasının vəhdətini yaradan nadir alimlərdən biri idi. Məhz bu elmi-praktik vəhdətin ən aydın təzahürlərindən biri də ölkədə malyariya və traxoma kimi ağır infeksion xəstəliklərin tüğyan etdiyi dövrdə epidemiya əleyhinə hərəkata bilavasitə rəhbərlik etməsi, həmin çətin şəraitdə xüsusi dispanserlər şəbəkəsini genişləndirərək əhalinin sağlamlığının qorunması istiqamətində mühüm tarixi xidmətlər göstərməsi idi.
Əziz Əliyev həm də fitri istedada və yüksək idarəçilik qabiliyyətinə malik bir şəxsiyyət idi. Onun həyatının İkinci Dünya müharibəsi illəri, xüsusən də Cənubi Azərbaycan və Dağıstan mərhələlərində bunu daha aydın şəkildə görə bilirik. Belə ki, 1941-ci ildə Cənubi Azərbaycanda alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi xüsusi missiyaya rəhbərlik edən Əziz Əliyev öz ətrafında qabaqcıl ziyalılarımızı – Süleyman Rüstəm, Osman Sarıvəlli, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Qulam Məmmədli, Mehdixan Vəkilov və başqalarını birləşdirərək mürəkkəb siyasi, ideoloji və maarifçilik işləri aparırdı.
1942-1949-cu illərdə Dağıstana rəhbər təyin olunduğu dövrdə isə cəbhənin arxa təminatından tutmuş yerli iqtisadiyyatın bərpasına, təhsilin və elmin inkişafına qədər ən həssas sahələri məharətlə idarə edirdi. Məhz həmin dövrdə qətiyyətli və prinsipial mövqeyi sayəsində Dağıstan əhalisinin amansız sürgün təhlükəsindən xilas edilməsində mühüm rol oynayır. Cənab Prezidentin də xüsusi diqqət çəkdiyi bu tarixi fakt, eləcə də Dağıstanda yaradılan incəsənət ocaqlarına, Elmlər Akademiyasının filialına və təhsil müəssisələrinə Əziz Əliyevin adının verilməsi görkəmli dövlət və elm xadimini qonşu xalqın yaddaşında xilaskar və qurucu kimi həkk etmişdir.
Həmin illərdən söz açmışkən qeyd etmək lazımdır ki, həyatın növbəti ağrılı səhifələri, amansız siyasi repressiya dalğaları və haqsız təzyiqlər də bu polad iradəli şəxsiyyəti sarsıda bilmədi. 1950-ci illərin əvvəllərində yüksək dövlət vəzifələrindən uzaqlaşdırılaraq sıravi xəstəxana həkimi kimi çalışmağa məcbur edilsə də, Əziz Əliyev ləyaqətini, peşəsinə və xalqına olan sevgisini zərrə qədər də itirmədi. Ulu Öndər Heydər Əliyev illər sonra həmin mürəkkəb dövrü xatırlayarkən Əziz Əliyevin məruz qaldığı ədalətsizliklərə baxmayaraq, nümayiş etdirdiyi dəyanəti yüksək qiymətləndirmişdir. Təsadüfi deyil ki, tarixi ədalət tezliklə bərpa olunduqdan sonra o, yenidən rəhbər fəaliyyətə qayıdaraq 1956-cı ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etdi. Burada da milli tibb elminin inkişafı və elmi-tədqiqat bazasının zənginləşdirilməsi naminə yeni bir mərhələnin əsasını qoyur.
Əziz Əliyev həm də ,sözün əsl mənasında, dərin mənəviyyat sahibi və ensiklopedik biliklərə malik bir şəxsiyyət idi. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Bülbül, Qara Qarayev, Səməd Vurğun kimi Azərbaycan mədəniyyətinin korifeyləri ilə sıx dostluq əlaqələri onun intellektual zənginliyindən və geniş dünyagörüşündən xəbər verirdi. O, cəmiyyəti irəliyə aparan əsas qüvvənin elm, təhsil və mədəniyyət olduğuna dərindən inanırdı. Məhz bu ali dəyərlər üzərində qurduğu ailə mühiti də Azərbaycan xalqına bütöv bir ziyalılar pleyadası bəxş etdi. Onun ocağında yetişən akademik Zərifə xanım Əliyeva kimi dünya şöhrətli oftalmoloq, Tamerlan Əliyev və Gülarə xanım Əliyeva kimi görkəmli elm və sənət xadimləri bu nəcib ənənənin ləyaqətli davamçıları olaraq milli tariximizə öz adlarını qızıl hərflərlə yazdılar.
Bu gün dövlət və xalq qarşısında misilsiz xidmətlərinə görə ən ali orden və fəxri adlarla təltif edilən Əziz Əliyevin ən böyük mükafatı isə, şübhəsiz ki, xalqın qəlbində ucaltdığı mənəvi abidədir. Onun zəngin bioqrafiyası, bütövlükdə, vətənə, millətə və tərəqqiyə fədakarcasına xidmət edən, öz taleyini xalqın taleyi ilə birləşdirən vətənpərvər bir şəxsiyyətin həyat yoludur. Buna görə də Əziz Əliyev ən çətin tarixi sınaqlar qarşısında sarsılmayan, zamanın sərhədlərini aşan, cəmiyyətin inkişafına birbaşa təsir göstərən əsl şəxsiyyət etalonu kimi qəbul olunur. Cənab Prezidentin Sərəncamı ilə görkəmli dövlət və elm xadiminin 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması bir daha təsdiq edir ki, Əziz Əliyev irsi bu gün də milli mənəviyyatımıza, elmimizə və dövlətçiliyimizə xidmət edən, gələcək nəsillərə yol göstərən ölməz bir vətəndaşlıq məktəbidir.

Yusif Mirzəzadə

Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri

Nəşr edilib : 22.08.2026 10:02