NAXÇIVAN :

25 Aprel 2025, Cümə

Xalqı xalq edən, milləti millət edən onun ana dilidir

...

Hər bir xalqın milli-mənəvi dəyərlərini, kimliyini, mədəniyyətini və milli ruhunu yaşadan, inkişaf etdirən onun dilidir.  Azərbaycan dili qədimliyi, zənginliyi, ahəngdarlığı, axıcılığı və səlisliyi baxımından dünyanın seçkin dillərindən biridir. Dilimizin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı məhz Ümummilli Liderimiz Heydər Əliyevin  adı ilə bağlıdır. 70-ci illərdə sovet rejiminin milli dilləri sıxışdırdığı bir vaxtda ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk günlərdən ana dilinin qorunması və inkişafını dövlət siyasətinin prioritetlərindən hesab edir, Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, milli kadr potensialını formalaşdırır, Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirirdi.  Ana dilimizin gözəl bilicisi Ümummilli Lider, dönə-dönə qeyd edirdi ki, dil xalqın milli kimliyinin, mənəviyyatının və varlığının əsasıdır. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”.

1977-ci ildə SSRİ Konstitusiyasının qəbulundan sonra yeni Azərbaycan SSR Konstitusiyasının layihəsi hazırlanarkən Heydər Əliyev Azərbaycan dilinə dövlət statusunun verilməsi uğrunda qətiyyətli və prinsipial mübarizəyə başladı. Ümummilli Lider bütün təzyiqlərə və maneələrə baxmayaraq, öz mövqeyindən bir addım belə geri çəkilmədi.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndərin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Uzaqgörən rəhbərin qətiyyəti və iradəsi sayəsində Azərbaycan dilinin dövlət dili olması barədə müddəa Konstitusiyada öz təsdiqini tapdı... Maddədə deyilirdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, maarif müəssisələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir”.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu.

Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”.

1995-ci ildə məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.

Ulu Öndərin dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə, 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi təsis edilmişdir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində 2003-cü il 2 yanvar tarixli fərmanları dilimizin və dilçiliyimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur.

Ana dilinə həssas münasibət xalqımızın bütövlüyünün, milli-mənəvi dəyərlərin qorunması, azərbaycanlı milli kimliyinin təsdiqi, ölkənin qüdrətinin artırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Bu gün Azərbaycan dilinin dövlət statusunda azad və müstəqil şəkildə yaşaması, inkişaf etməsi, beynəlxalq aləmdə tanınması məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyev ana dilimizi yalnız qorumaqla kifayətlənmədi, onu yüksəltdi, hüquqi, siyasi və mənəvi status qazandırdı. Ulu Öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

Bu gün də ana dilimizin qorunması davam etdirilir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlardan irəli gələn addımlar ana dilimizin saflığının qorunması və daha da zənginləşməsinə xidmət edir. Prezident İlham Əliyev, həmçinin milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqət çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Ölkə rəhbəri müxtəlif çıxışlarında, insanlarla söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşıb.

Prezident İlham Əliyevin ana dilinə verdiyi dəyər, onun qorunması və inkişafı naminə göstərdiyi ardıcıl səylər xalqımızın mənəvi yaddaşının qorunmasına yönəlmiş böyük tarixi addımlardır. Azərbaycan dilinin müstəqil dövlətin rəsmi dili, beynəlxalq aləmdə tanınan bir ünsiyyət vasitəsi və milli-mənəvi irsimizin əsas sütunu kimi inkişaf etməsi gələcəyə yönəlik tarixi nailiyyətlərimizdir. Ölkə başçısının Azərbaycan dili haqqında fikirləri də  ana dilimizə hörmət və qayğının göstəricisidir: “Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”.

Milli varlığımızı özündə təcəssüm etdirən ana dilimizi göz bəbəyi kimi qoruyub saxlamaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Gülxarə TARVERDİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 25.04.2025 14:21