NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

Xalqa həsr olunan ömür

...

Ulu Öndərin milli mədəniyyətə göstərdiyi qayğı hər birimiz üçün böyük məktəbdir

Ümummilli Lider Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Ulu Öndərin qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında görkəmli dövlət xadiminin dəyərli ideyalarından bəhrələnib. Dahi şəxsiyyət Heydər Əliyev həm də mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Ulu Öndərin qayğısı nəticəsində “Sosialist Əməyi Qəhrəmanı” kimi SSRİ-nin ən yüksək fəxri adını almışlar. Xalqımızın böyük oğlu bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərinməzmunlu nitqi iştirakçıların alqışlarıyla qarşılanırdı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilirdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Dahi şəxsiyyət özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman Ulu Öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi.
Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən insanların üzünə açdı. Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başlanırdı. Teatrlarımız öz    fəaliyyətlərini genişləndirdi. Ümummilli Lider teatrı çox sevirdi. O, həmişə tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyə və tapşırıqlarını verirdi. Ulu Öndər deyirdi: “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”. 
Ümummilli Liderimiz öyrədirdi ki, mədəniyyət özündə əməkdaşlıq, müxtəlif sivilizasiyalara qarşılıqlı hörmət, mehriban qonşuluq, müxtəlif xalqlara ehtiram kimi prinsipləri ehtiva edir. “Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir”, – deyən Ümummilli Liderin ölkəyə hər iki rəhbərliyi dövründə mədəniyyətimiz böyük diqqət və qayğı ilə əhatə olunmuşdu. “Kitabi-Dədə Qorqud” eposu, Xaqani, Nizami dühası, Füzuli dünyası, Əcəmi Naxçıvani sənəti, Gəmiqaya rəsmləri, Qobustan, İçərişəhər, Atəşgah, Əshabi-kəhf abidə kompleksləri, Nəsimi, Vaqif, Cavid, Mirzə Cəlil, Müşfiq, Səməd Vurğun, Aşıq Ələsgər, Bəxtiyar Vahabzadə, Məmməd Araz ədəbi-bədii düşüncəsi, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyovun rəng düzümü, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tofiq Quliyev, Müslüm Maqomayev, Arif Məlikovun musiqi dünyası, bir sözlə, bütün bu dəyərli xəzinə Ulu Öndərimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Onun sərəncamları ilə bəstəkar və musiqişünaslara Prezident təqaüdü verilmiş, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişlər.
Dahi rəhbərin mədəniyyətə, incəsənətə belə qayğı və diqqəti, hamilik etməsi Vətənə, xalqa bağlılığında idi. Qeyd etmək lazımdır ki, Azərbaycanda görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi ənənəsi də bu dahi insanın adı ilə bağlıdır. Bir çox böyük şəxsiyyətlərimizin yubileyləri Ulu Öndərin hakimiyyəti illərində yüksək səviyyədə qeyd olunmuşdur. Müstəqillik illərində “Dədə Qorqud” eposunun 1300 illiyinin dünya səviyyəsində qeyd olunması Ulu Öndərin xidmətidir. Böyük şəxsiyyətlərin Bakıda və respublikamızın başqa şəhərlərində əzəmətli heykəl və abidələrinin ucaldılması dahi rəhbərin həm də Azərbaycan mədəniyyətinə sonsuz məhəbbətinin ifadəsidir.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti uğurla davam etdirilir. Yeni mədəniyyət müəssisələri, konsert salonları inşa olunur, teatrlarımız, muzeylərimiz, kitabxanalarımız təmir olunur, sənət adamlarına böyük qayğı göstərilir. Ulu Öndərin bu sahədə yaratdığı ənənələr davam etdirilir, mədəniyyət sahəsində böyük layihələr həyata keçirilir.
Dövlət başçımız cənab İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar respublikamızda bu sahələrin müasir dünya standartlarına uyğunlaşmasında böyük rol oynamışdır. “Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqdır”, – deyən Prezident xalqın milli xüsusiyyətlərinin və milli dəyərlərinin dünyada yayılmasında ədəbiyyatın və mədəniyyətin böyük rolunu xüsusi qeyd etmişdir. Son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində elm, təhsil və mədəniyyətin ayrı-ayrı problemlərinə həsr olunmuş çoxsaylı Dövlət Proqramları hazırlanıb təsdiq olunmuşdur.
Mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondunun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri   Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, eləcə də işğaldan azad edilmiş ərazilərdə mədəniyyət ocaqlarının, tarixi abidələrin bərpası, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində apardığı davamlı tədbirlər olduqca əhəmiyyətlidir. 
Naxçıvan hər zaman mədəniyyət, sənət, ədəbiyyat beşiyi olub, dünya mədəniyyətinə onlarla qüdrətli sənətkarlar bəxş etmişdir. Doğma yurdu Naxçıvanın mədəniyyəti, incəsənəti, musiqisi də Ulu Öndərin daim diqqət mərkəzində olmuşdur. “Əsrarəngiz gözəlliyə malik olan, dünya elminə, ədəbiyyatına, diplomatiyasına dahilər bəxş etmiş Naxçıvan həm də görkəmli musiqiçilər diyarıdır”, – deyən Ümummilli Lider Heydər Əliyev Naxçıvan musiqi mədəniyyətinə böyük qayğı göstərmiş, onun inkişafı üçün əlindən gələni əsirgəməmişdir. 
Dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə ilk musiqi məktəbinin açılması, Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrinin Naxçıvanda fəaliyyət göstərməsi, Naxçıvan Dövlət Konsert Briqadasının yaradılması, Niyazinin, Bülbülün, Rəşid Behbudovun və bir çox musiqiçilərin Naxçıvan musiqiçiləri ilə yaradıcılıq əlaqələri bu qədim diyarda ifaçılıq və bəstəkarlıq sənətinin yüksəlməsinə böyük təsir göstərməyə bilməzdi. Ulu Öndər Naxçıvanda ixtisaslı musiqiçi kadrların yetişməsi, istedadlı gənclərin musiqi təhsilinə cəlb olunması, milli musiqi alətlərinin, xalq mahnılarının yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının əsərlərinin öyrədilməsi ideyası ilə 1975-ci ildə Naxçıvanda yeni təhsil ocağı Orta İxtisas Musiqi məktəbinin yaradılmasını məqsədəuyğun hesab etmişdir. Bu tədris müəssisəsinin yaradılması ilə Naxçıvanın mədəni həyatında yeni bir mərhələnin başlanğıcı qoyuldu.
1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyində iştirak edən Ümummilli Lider yekun konsertdən sonra musiqiçilərin çıxışları haqqında demişdi: “Sevinirəm ki, Naxçıvanda, bu qədim diyarda belə gənc incəsənət ustaları yetişir. Musiqiçilər, müğənnilər tərəfindən həm milli musiqimiz, həm də Avropa musiqisinin ifası, kamera orkestri, xor kopellasının çıxışları çox xoş təsir bağışladı. Burada gördüklərimizin hamısı onu göstərir ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq demokratiya, dünyəvi dövlət quruculuğu, hüquq, haqq yolu ilə gedir”. Unudulmaz rəhbərin dediyi bu sözlər Naxçıvan musiqiçilərinin çıxışlarına verdiyi yüksək qiymət, təməli Heydər Əliyev tərəfindən qoyulan, musiqi mədəniyyətimizin inkişafına aparan yolların doğruluğuna, seçilən xəttin ardıcıllığına işarə idi.  
Bu gün Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi təkcə ürəklərdə deyil, sənət əsərlərində, musiqidə əbədiləşərək tarixin yaddaşına köçüb.  Onun ömür yolu hələ neçə-neçə sənət əsərlərinə qanad verəcək, neçə-neçə musiqi əsərində Heydər Əliyevin şəxsiyyəti canlanacaq. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fenomenal adı, siyasəti  və əməlləri tarix bizdən uzaqlaşdıqca daha da möhtəşəm təsir bağışlayır. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir”.
Ömrünü xalqa həsr edən dahi şəxsiyyətin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı və diqqət heç vaxt yaddan çıxan deyil. Ulu Öndərin milli mədəniyyətə, mənəviyyata göstərdiyi münasibət və mövqe hər birimiz üçün böyük məktəbdir.

Məhəbbət BABAYEVA
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar 
Respublikasının Əməkdar müəllimi

Nəşr edilib : 06.04.2025 10:27