NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Vüqar Rəhimzadə: Zəngəzur dəhlizi regionda yeni imkanları yaradacaq

...

Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizin nəqliyyat imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da bu sahədə liderliyini qorumasını şərtləndirir. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdə qərarlaşır. Bu sahəyə qoyulmuş vəsait ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Proqramında bu mühüm məqam öz əksini tapır ki, son dövrlər regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda yaranmış problemlər Azərbaycan ərazisindən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində kəskin artıma səbəb olub. Artan tələbatın qarşılanması, Azərbaycanın tranzit potensialının daha da gücləndirilməsi, eləcə də ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün qısa və orta müddətli perspektivdə həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sənədin hazırlanmasına ehtiyac yaranmışdı. Bununla əlaqədar hazırlanmış Fəaliyyət Planı nəqliyyat sahəsində, xüsusilə tranzit yükdaşımalarında qlobal trendləri nəzərə almaqla mövcud vəziyyətin təhlilini və ölkəmizin tranzit potensialının daha da artırılması üçün hədəf göstəriciləri, məqsədləri, prioritet istiqamətləri və tədbirlər planını özündə ehtiva edir.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə söyləyib.

Ölkəmizin, o cümlədən regionların və paytaxt Bakının inkişafının, artan əhali sayının nəqliyyat infrastrukturunun yenilənməsini, imkanların artırırlmasını tələb etdiyini vurğulayan deputat deyib ki, Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanın nəqliyyat imkanlarından, nəqliyyat infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi istiqamətində atılan addımlardan, eyni zamanda, hazırkı dövrün əsas çağırışlarından olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri fonunda həyata keçirilən mühüm nəqliyyat layihələrindən geniş danışdı.

Vüqar Rəhimzadə qeyd edib ki, son 20 ildə reallığa çevrilən nəqliyyat layihələri sırasında Bakı-Tbilisi-Qars xüsusi yer tutur. Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən və qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirib. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranıb.

Deputat bildirib ki, Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təsadüfi deyil. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Ölkəmiz Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün vacib hissəsidir. Hadisələrin inkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq.

“Müşavirədə səsləndirilən fikirlər onu deməyə əsas verir ki, ölkəmizin bütün ərazilərində, o cümlədən azad edilmiş ərazilərdə nəqliyyat layihələrinin icrası bundan sonra da sürətlə davam etdiriləcək. Azərbaycan hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Buna əsas verən təbii ki, düşünülmüş siyasətdir”, - deyə deputat vurğulayıb.

Nəşr edilib : 29.01.2025 16:30