“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Asiya ilə Avropanın qovuşağında yerləşən ölkəmiz müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir, onlar arasında körpü rolunu oynayır. Azərbaycanın iqtisadi, siyasi, beynəlxalq, humanitar mərkəz kimi tanınması da ölkəmizin bütün sahələrdə zəngin təcrübəyə malik olmasından irəli gəlir. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xarici ölkələrə səfərləri də dövlətimizin xarici siyasətinin prioritetlərinə bir daha işıq salır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu günlərdə Müqəddəs Taxt-Taca-Vatikana rəsmi səfəri ölkə və dünya mətbuatında geniş şərh edilir. Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşmasına və möhkəmlənməsinə, tarixi mədəni irsin qorunmasına yönələn addımları, həyata keçirdiyi layihələr hər zaman beynəlxalq ictimaiyyətin diqqətindədir və təqdir edilir. Sözügedən səfər də özündə bütün bu məqamları ehtiva etdi. Hər bir səfər, eyni zamanda, Azərbaycanın tarixinin və mədəni irsinin, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Azərbaycan zəngin tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri ilə seçilən ölkədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva səfər çərçivəsində ailə üzvləri ilə birlikdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak etdi və həyata keçirilmiş bərpa işləri ilə tanış oldular. Qeyd etdiyimiz kimi, bu addımlar Azərbaycanın mədəni irsin qorunması və dünya sivilizasiyasına hörmət prinsipinə əsaslanan humanitar fəaliyyətinin əsas tərkib hissələrindəndir, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsinə, qarşılıqlı anlaşma və tolerantlıq ənənələrinin təşviqinə yönəlir. Mehriban xanım Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində katakombaların açılışı ilə əməkdaşlığımızın yeni bir səhifəsi yazıldı. Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu vurğulayan Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırdı. Bu reallıq bir daha önə çəkildi ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkandır. Bu prinsiplər həm dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Şərq qapısı"na açıqlamasında bildirib.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək. Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək, onun dövlətlərimiz arasında yüksələn xətlə inkişaf edən dostluğun və əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğuladı. Azərbaycanın vitse-prezidenti səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışında iştirak etdi. Müqəddəs Taxt-Tacın dünyada bir milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Milli Məclisin deputatı bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vatikana səfəri iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı, Azərbaycanın humanitar diplomatiyasının növbəti parlaq nümunəsi kimi dəyərləndirilir. Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vatikana səfəri barədə "X" hesabında etdiyi paylaşımında bu məqama toxunub. Prezidentin köməkçisi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini ifadə etməsinə diqqət çəkib. Bildirib ki, bu səfər Azərbaycanın mədəni və humanitar diplomatiyasının parlaq nümunəsidir. Azərbaycanın katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı ölkənin tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqləyir. Müsəlman əhalinin çoxluq təşkil etdiyi, eyni zamanda, xristian, yəhudi və digər dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı dünyəvi Azərbaycan bu gün inklüzivlik, dözümlülük və multikultural harmoniyanın parlaq nümunəsidir.
Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə qeyd edib ki, səfər Azərbaycanın beynəlxalq aləmdə sülh, mədəniyyət və mənəvi dəyərlərin qorunmasına yönəlmiş siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirdi.
Digər xəbərlər