NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Vüqar Kərimov: “Azərbaycan sağlam dünya naminə əhəmiyyətli təşəbbüslərlə çıxış edir”

...

Təəssüflər olsun ki, Azərbaycan da iqlim dəyişmələrinin təsirlərini  hiss edən həssas ölkələrdəndir. Son 30 ilə yaxın dövrdə respublikamızın su ehtiyatları 15 faizə qədər azalıb və 2050-ci ilə qədərki dövrə aid proqnozlar da ürəkaçan deyil. Belə ki, su ehtiyatlarının daha 20 faizə qədər azalması gözlənilir. Həm ölkə ərazisində, həm də ölkəyə transfer olunan çayların keçdiyi ərazilərdə yağıntıların miqdarının azalması su qıtlığına yol açan əsas amillərdir. Əlbəttə ki, istiləşmə, su ehtiyatlarının azalması, torpaqların deqradasiyası meşələrin seyrəlməsi və məhv olması ilə nəticələnir.

“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda konfransdan sonra jurnalistlərə müsahibəsində Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. 

O qeyd edib ki, kənd təsərrüfatı iqlim dəyişilmələrinə ən çox bağlı olan sahədir. Həm su ehtiyatlarının azalması, həm də torpaqların deqradasiyası məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Kənd təsərrüfatı həm iqlim dəyişilmələrindən zərər çəkən, həm də iqlim dəyişilmələrinə təsir edən sahədir. Belə ki, iqlim dəyişilmələrini şərtləndirən, qlobal istiləşməyə səbəb olan istilik effekti yaradan qazları formalaşdıran əsas sahələrdən biri də kənd təsərrüfatıdır. Metan qazı daha çox bu sahənin istifadəçiləri tərəfindən ətraf mühitə, atmosferə atılır. Müxtəlif kimyəvi maddələrdən, pestisid və gübrələrdən istifadə olunması torpaqların keyfiyyətini aşağı salır. Məhz COP29-da da bütün bu təsirlərin aradan qaldırılması ilə bağlı çağırışlar oldu.

“Azərbaycan COP29-da 14 təşəbbüslə çıxış etdi. Bu təşəbbüslərdən biri də harmoniya təşəbbüsü oldu ki, məhz bu təşəbbüs fermerlərlə birgə Azərbaycanın kənd təsərrüfatı sahələrinin iqlim dəyişmələrinə adaptasiyası, uyğunlaşması ilə bağlı tədbirlərin gələcək dövrdə həyata keçirilməsini nəzərdə tutur. Azərbaycan, əlbəttə ki, iqlim dəyişmələrinin təsirlərinin aradan qaldırılması ilə bağlı bütün çağırışlara qoşulmağa dəstək olan ölkədir. Buna baxmayaraq, özü də sağlam dünya naminə bir çox əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Baxmayaraq ki, qlobal istiləşməyə təsiri olan karbon emissiyalarının yaradılmasında Azərbaycanın payı çox kiçikdir. Ancaq ölkəmiz ümumdünya naminə bütün gücünü səfərbər etməyə hazırdır və mühüm töhfəsini verməyə qadirdir”, – deyə Vüqar Kərimov əlavə edib.

Nəşr edilib : 29.11.2024 17:06