Babək rayonunda idarəetməni itirən sürücü qəza tör...
18:44 02.02.2025
0
0
0
NAXÇIVAN :
02 Fevral 2025, Bazar
Hər il fevral ayının 2-si ölkəmizdə “Gənclər Günü” kimi qeyd olunur. Bu günün təsis olunması, ümumiyyətlə, müstəqil Azərbaycanda məqsədyönlü gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər ölkəmizdə siyasi hakimiyyətin müxtəlif dövrlərində gənclərə güvənib, onlara cəmiyyətin bütün sahələrində qol-qanad verib. Onun siyasi irsini öyrəndikcə Azərbaycan gəncliyinə necə böyük diqqət və qayğı göstərdiyinin şahidi oluruq. Ümummilli Liderimizin imzaladığı bir çox sərəncamlar da gənclər hərəkatının hərtərəfli inkişafına geniş imkanlar yaradıb.
“Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir”. Ümummilli Liderimiz Heydər Əliyevin bu fikirləri Azərbaycan gəncliyinə göstərilən etimadın bariz nümunəsidir. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır. Dahi rəhbərin təşəbbüsü ilə hələ sovetlər birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasının əsası qoyulmuşdur. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmiz müstəqillik qazandıqdan sonra milli kadr təminatında əsas amil olmuşdur.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılmışdır. Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixdə imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.
Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə dövlət başçısına dəstəyinin bariz nümunəsidir.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuzillik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı həm də gənclərin üzərinə böyük məsuliyyət qoyur. Prezident İlham Əliyevin dediyi kimi, “Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır”. Bu gün Azərbaycan gənci qürurludur. Üzərinə düşən ən böyük məsuliyyəti dərk edərək işğal altında olan torpaqlarımızı qanı, canı bahasına azad etdi, gənclərimizin səsi müharibə bölgələrindən eşidildi, minlərlə gəncimiz Vətən torpaqlarının azadlığı uğrunda şəhid oldu. Son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Vətənpərvər ruhda tərbiyə almış Azərbaycan gənci hər qarış torpağın müdafiəsində dayandı. Vətən savaşında şücaət göstərərək düşmənə dönməzliyini sübut edərək Vətən qarşısında öz borclarını vermiş oldular. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.
Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi.
Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər