NAXÇIVAN :

28 Oktyabr 2026, Çərşənbə

Naxçıvanda daha məhsuldar və dayanıqlı məşğulluğa keçid formalaşır

...

Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafında və əhalinin rifahının yüksəldilməsində mühüm rol oynayan məşğulluğun təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Son dövrlərdə həyata keçirilən investisiya layihələri, sahibkarlığa dəstək tədbirləri və özünüməşğulluq proqramları regionda yeni iş imkanlarının yaradılmasına, əmək resurslarından səmərəli istifadəyə və əhali üçün davamlı gəlir mənbələrinin formalaşdırılmasına xidmət edir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələri əmək bazarının göstəricilərində də əks olunur. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəsmi məlumatına əsasən 2026-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikada 1004 yeni iş yeri yaradılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 371 iş yeri və ya 59 faiz çoxdur.

Yeni yaradılan iş yerlərinin 697-si, yaxud 69 faizi qeyri-dövlət sektorunun, 307-si və ya 31 faizi isə dövlət sektorunun payına düşüb. İş yerlərinin 852-si yeni fəaliyyətə başlayan 117 müəssisə və təşkilatda, 152-si isə mövcud 31 müəssisədə yaradılıb. Bu göstəricilər yeni müəssisələrin fəaliyyətə başlamasının məşğulluğun genişlənməsində mühüm rol oynadığını, eyni zamanda özəl sektorun yeni iş yerlərinin yaradılmasında üstün mövqeyə malik olduğunu göstərir.

Qeyri-dövlət sektoruna dəstəyin genişləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və investisiya imkanlarının artırılması Naxçıvanda əmək bazarının inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Cari ilin yanvar-sentyabr aylarında qeyri-dövlət sektorunda yaradılan yeni iş yerlərinin sayı dövlət sektorundakı göstəricini iki dəfədən çox üstələyib. Bu, sahibkarlıq subyektlərinin əhalinin məşğulluğunun təmin olunmasında rolunun artdığını göstərir. Kiçik və orta sahibkarlığın dəstəklənməsi, istehsal potensialının genişləndirilməsi və yeni investisiyaların cəlb edilməsi isə məşğulluğun uzunmüddətli və dayanıqlı artımının əsas şərtlərindəndir.

Yeni iş yerlərinin yaradılmasına istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması, tikinti və infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilən investisiyaların artması da təsir göstərir. Bu baxımdan, sosial və infrastruktur layihələri çərçivəsində yaradılan iş yerləri xüsusi əhəmiyyət daşıyır. Belə ki, “Naxçıvan Regional DOST Mərkəzi”nin fəaliyyətə başlaması ilə 43, “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətində isə 223 yeni iş yeri yaradılıb. Bu müəssisə və təşkilatlarda məşğulluğun genişlənməsi ümumi göstəricilərin artımına töhfə verib.

Əhalinin məşğulluğunun təmin edilməsində özünüməşğulluq proqramları da mühüm mexanizm kimi çıxış edir. Bu proqramların əsas məqsədi işsiz şəxsləri yalnız mövcud iş yerlərinə yönəltmək deyil, həm də onların öz təsərrüfatlarını və kiçik bizneslərini quraraq müstəqil gəlir mənbəyi əldə etmələrinə şərait yaratmaqdır. Xüsusilə kənd təsərrüfatı, istehsal və xidmət sahələrində belə təşəbbüslər iqtisadi fəallığın artırılması, kiçik təsərrüfatların genişləndirilməsi və özünüməşğulluğun təşviqi baxımından əhəmiyyətlidir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən icra edilən Özünüməşğulluq Proqramı çərçivəsində 2026-cı ilin ötən dövründə muxtar respublikada öz biznesini qurmaq istəyən 114 işsiz şəxsə müvafiq aktivlər təqdim edilib. Onlardan 50 nəfəri qoyunçuluq, 44 nəfəri arıçılıq üzrə olmaqla, ümumilikdə, 94 nəfər kənd təsərrüfatı sahəsində, 20 nəfər isə istehsal və xidmət istiqamətində fəaliyyət göstərmək üçün əmlaklarla təmin olunub. İlin sonunadək proqram çərçivəsində əlavə məşğulluq imkanlarının yaradılması nəzərdə tutulur.

Göründüyü kimi, muxtar respublikada məşğulluğun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər əhalinin iqtisadi fəallığının yüksəldilməsinə və davamlı gəlir imkanlarının genişləndirilməsinə yönəldilir. Yeni fəaliyyətə başlayan müəssisə və təşkilatların məşğulluq payında çox yer tutması, qeyri-dövlət sektorunun yeni iş yerlərinin yaradılmasında üstün mövqeyə malik olması və özünüməşğulluq imkanlarının genişləndirilməsi əmək bazarında daha fəal və sahibkarlıq yönümlü modelin formalaşdığını göstərir.

Beləliklə, 2026-cı ilin doqquz ayında Naxçıvanda yeni iş yerlərinin sayının artması, qeyri-dövlət sektorunun məşğulluqda üstün mövqeyə malik olması və özünüməşğulluq imkanlarının genişləndirilməsi əmək bazarında müsbət meyillərin formalaşdığını göstərir. Qarşıdakı dövrdə əsas vəzifə yalnız yeni iş yerlərinin sayını artırmaq deyil, həm də onların davamlılığını təmin etmək, əmək məhsuldarlığını yüksəltmək və əhali üçün daha sabit gəlir imkanları yaratmaqdır. Məhz bu amillər məşğulluğun kəmiyyət göstəricilərinin keyfiyyət dəyişiklikləri ilə tamamlanmasına və regionda dayanıqlı iqtisadi inkişafın möhkəmlənməsinə zəmin yarada bilər.

Əli CABBAROV

Nəşr edilib : 28.10.2026 17:22