NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Vətənpərvər, cəsur, qorxmaz idi

...

İlkin İlyas oğlu Muradlı

(27.09.1995-09.11.2020)

İlkin xasiyyətcə o biri uşaqlarıma bənzəmirdi. Bəlkə də, ilk övladım olduğu üçün mənə bu qədər yaxın idi. Məni o qədər əzizləyirdi ki... Hətta deyirdi, dünyada bir gözəl qadın varsa, onu da atam alıb. Sənin kimi gözəl qadın yoxdur. Elə bir qız alacağam ki, gözləri sənin gözlərinə bənzəsin. Nənəsigilə də mənə anama bənzəyən qız gözaltı edin deyərək gülümsəyirdi. 
Həmişə deyirdi ki, ana, mən sənin üçün elə bir iş görəcəyəm ki, hər kəs qarşında baş əysin. Düşünürdüm ki, yəqin, yaxşı oxuyacaq, ali məktəblərin birinə daxil olacaq, öz işi, fəaliyyəti ilə başqalarına nümunə olacaq. Mən də onunla buna görə fəxr edəcəyəm. Ancaq ağlıma da gəlməzdi ki, mən onun şəhidliyi ilə fəxr edəcəm. Qismət belə imiş... 
Hara getsə deyərdi ki, ana, duanı məndən əsirgəmə. Sənin duaların mənə düşür. Sonuncu dəfə gələndə dedi ki, ana, gedək sənə paltar alaq. Dedim ki, ay bala, bu haradan ağlına gəlib? Dedi, gedək, gör sənə necə gözəl paltar alacağam. Getmədim... Bəlkə də, balamın ürəyinə nəsə damıbmış? İndi də peşmanlığını yaşayıram, kaş gedərdim, görərdim mənə necə paltarlar alır. 

Heç razı olmazdı ki, gözümdən yaş süzülə. Müharibə günlərində tez-tez  zəng edirdi. Deyirdi ki, özünüzdən muğayat olun. Qardaşı da döyüşlərdə idi. Bizə tapşırırdı ki, özünüzdən muğayat olun, biz qayıdıb gələndə sizi sağ-salamat görək. Sonuncu dəfə oktyabrın 26-sı danışdım. Yenə də o sözləri dedi. Atası ilə də ayın 28-i danışmışdılar. Sonra nə qədər zəng etdim, mesaj yazdımsa cavabsız qaldı. Şuşada olduqlarından telefon işləmirmiş. Orada əlbəyaxa döyüşlərdə olmuşdu. Döyüş yoldaşları bizi görməyə gələrkən mənə oğlumun qəhrəmanlıqlarından danışırlar. Qəlbim dağa dönür. 
Yoldaşları deyirlər ki, İlkin həmişə deyirdi, kaş bir quş olardım. Gedib anamı görüb gələrdim. Heç doymadıq bir-birimizdən. Çox ailəcanlı idi. Döyüşlərdə ola-ola qardaşı Heydərdən də çox nigaran qalırdı. Fikirləşirdi ki, birdən ona nəsə olar. 
Balaca qardaşı ilə telefonla danışarkən ona ad günü hədiyyəsi olaraq “Sənə Qarabağı alacağam”, – demişdi. Aldı və noyabrın 9-u şəhid oldu. Balamın şəhid olduğu yerə getdim.  Qismət olsa atası ilə yenə də gedəcəyik. O torpaqlar hər birimiz üçün müqəddəsdir.    

Nəşr edilib : 11.11.2024 22:30