İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azə...
22:32 22.01.2026
0
0
0
NAXÇIVAN :
23 Yanvar 2026, Cümə
O evdən bir vaxtlar üç uşaq səsi gəlirdi – iki qardaş, bir bacının səsləri. Balaca yaşlarından bir-birlərinə dayaq olan, eyni həyətdə böyüyüb boya-başa çatan üç uşaq... Ana-atanın səsi, qardaşların sevinci o ocağı həm yaşadar, həm də isidərdi. 44 günlük Vətən müharibəsi yalnız cəbhənin taleyini deyil, evlərin taleyini də dəyişdi. Həmin şanlı tarixi günlərdə canını Vətənə qurban verən oğulların doğulduğu evlər ziyarətgaha, şəhidlərin məzarları xalqımızın and yerinə çevrildi. O evlərdən biri də şəhid Asiman Əliyevin ocağıdır.
Ordubad rayonunun Düylün kəndində dünyaya göz açan Asiman 1 fevral 1987-ci ildə doğulmuşdu. Uşaqlıqdan cəld, mehriban, güvən verən biri idi. Şəhidimizin bacısı İmmi Əliyeva o günləri belə xatırlayır: “Asiman elə uşaqlıqdan bizi qoruyan, arxamızda dayanan qardaş idi. Böyüdüyümüz bu illərdə onun dəstəyi heç vaxt azalmadı”.
Uşaqlıqdan hərbiyə böyük həvəsi olan Asiman Əliyev arzusuna doğru ilk addımını atdı və hərbi liseyə qəbul oldu. Ailəsindən ilk dəfə uzaqda yaşamağa başlaması onun üçün asan deyildi. Amma bütün çətinliklərə baxmayaraq, Asimanın məqsədi Vətəninə xidmət etmək, gələcək nəsillərə örnək olmaq idi.
Qardaşından fəxrlə bəhs edən bacısı İmmi Əliyeva deyir: “Qardaşım həm davranışı, həm də tərbiyəsi ilə seçilirdi. Biz həmişə onunla fəxr etmişik. O yalnız yaxşı bir qardaş deyildi, ailəsinə sahib çıxan yaxşı ata, evinin dayağı və Vətəninə qürurla xidmət edən əsl hərbiçi idi”.
Müharibə başlayanda o, hərbi liseydə kurs rəisi işləyirdi. Vətən müharibəsi başlayanda Asiman bir an belə tərəddüd etmədi. “Dostlarım oradadırsa, mən burada qala bilmərəm”, – deyərək ön cəbhəyə yollandı. Onu yola salan bacının içində nə qədər narahatlıq var idisə, bir o qədər də qürur vardı. O, döyüş yoldaşları ilə çiyin-çiyinə mübarizə apardı və 7 noyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Anası onun şəhadətə yüksəldiyi gündən 40 gün sonra son nəfəsini verib.
Şəhid bacısı deyir: “Mən iki qardaşın bacısı idim. Bütün uşaqlığımız, bütün xatirələrimiz sanki o gedəndən sonra rəngini itirdi. Onun ayaq səsləri hələ də qulağımdadır. Hərdən elə bilirəm, qapı açılacaq, içəri girib “Bacı, mən gəldim”, – deyəcək.
Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid Asiman Əliyevin igidliyi xidməti dövründə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə mükafatlandırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda və vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilıb.
Zəhra VƏLİYEVA
Digər xəbərlər