NAXÇIVAN :

26 Aprel 2025, Şənbə

Vətənə fəda edilmiş ömür

...

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn dahi şəxsiyyət Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş ittifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır. 1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Ulu Öndərə etibar etdi. Bu, böyük Qayıdış idi və Ümum­milli Lider müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətlərdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
Nə qədər ki Azərbaycan yaşayır, dahi şəxsiyyət Heydər Əliyev də yaşayacaq və var olacaqdır. O, “Azərbaycan mənim həyatımın mənasıdır”, – deyirdi. Azərbaycanımız qüvvətləndikcə, ölkəmizin iqtisadi qüdrəti artdıqca, suverenliyi, ərazi toxunulmazlığı bərpa olunduqca, hər bir vətəndaşımızın rifah halı yaxşılaşdıqca, Onun mənəvi ömrü də uzanacaq, daim bizimlə olacaqdır.
Ümummilli Lider Heydər Əliyev xalqımıza iki əmanət qoyub getdi: Azərbaycanı və özü qədər inandığı, yarımçıq qalmış işlərini başa çatdırmağı etibar etdiyi cənab İlham Əliyevi.
Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. O bu əsərin tamamlanması, daxili və xarici müdaxilələrdən qorunması, özünə layiq yer tutması üçün bütün enerjisini sərf edirdi. Azərbaycançılıq yolu Onun üçün müqəddəs yol idi. Hətta lazım gələrsə, bu yolda canını qurban verməyə də hazır idi. Məhz bunun sayəsində, heç kimin təsəvvürünə gətirə bilmədiyi fədailiyi nəticəsində O, Azərbaycan adlı ümumi evimizi tikib başa çatdırdı, tarixin səhnəsindən silinməyə qoymadı. Möhkəm dövlətçilik təməlinə və ənənəsinə söykənən müstəqil Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımızın bugünkü və gələcək nəsillərinə ən qiymətli töhfəsidir. 

Azərbaycan xalqı öz Ümummilli Liderini qoruyub yaşatdığı kimi, dahi şəxsiyyət Heydər Əliyev də Azərbaycanı hifz edib, yaşadıb, ən yüksək zirvələrə çatdırıb. Onun siyasi tərcümeyi-halı Azərbaycanın 35 illik quruculuq tarixini əhatə edir. Bu tarixi inkişafın altında yalnız bir şəxsin, xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin möhürü vardır. Haqlı olaraq bu dövr tarixdə “Heydər Əliyev dövrü” adlandırılır. Məhz bu zaman kəsiyində Azərbaycan özünün həqiqi inkişafına və sabitliyə nail olub, güclü ordusu, iqtisadiyyatı, milli dövlətçiliyi, peşəkar kadrları, illik büdcəsinə bərabər valyuta ehtiyatları olan, dünyanın aparıcı dövlətlərinin regional maraqlarını özünün milli maraqlarına tabe etdirməyi bacaran dövlətə çevrilib. Xalqımız bu inkişafı dahi Heydər Əliyevin tarixi quruculuq missiyasının bəhrəsi kimi yüksək qiymətləndirərək öz böyük oğlunun yoluna sadiq qalacağını daim nümayiş etdirib, bu gün də nümayiş etdirir. Azərbaycan-Heydər Əliyev,   Heydər Əliyev-Azərbaycan mənəvi bağlılığı elə möhkəmdir ki, onları bir-birindən ayırmaq mümkün deyil.
Ümummilli Liderimiz Heydər Əliyev öz xalqının gələcəyi uğrunda apardığı mübarizədə bütün çətinliklərə sinə gərərək hər bir azərbaycanlının firavan istiqbalını, rifahını, azadlığını təmin etdi. Dahi rəhbər xalqımızın milli-mənəvi şüurunu alovlandıraraq, məqsədyönlü tədbirlər, hərtərəfli islahatlar həyata keçirərək ölkəmizin qısa müddətdə inkişafını və dünyada tanınmasını təmin etdi. Bu gün Azərbaycan adı səsləndikcə, bayrağımız yüksəklərdə dalğalandıqca xalqımızın qurtuluşu, azadlığı, rifahı bütün dünya dövlətləri arasında yaxşı mənada müzakirə edilir.
Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisinə görə özünü Ulu Öndərimizə borclu sayır. Bu da bir həqiqətdir ki, Heydər Əliyev dönəmi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrilib. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən Ümummilli Liderin yaratdığı Azərbaycan Onun müəyyənləşdirdiyi yolla inamla irəliləyir. Xalqımız Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir.
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.
Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini Onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi,  ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Üçrəngli bayrağımız yenidən bütövləşən Vətən torpağında qürurla dalğalanmağa başladı.
Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə başlıca qayəsini müstəqillik, Azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ulu Öndərimizin apardığı siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Ümummilli Liderimizin bütün ömrü mənsub olduğu xalqa təmənnasız xidmətdə keçmişdir. O nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etmişdir, həm də əsasını qoyduğu dövlətçilik xəttini davam etdirməyə qabil böyük bir idarəçilik məktəbi formalaşdırmışdır. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etmişdir. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin   rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, Azərbaycanın daha qüdrətli dövlətə çevriləcəyinə ürəkdən inanır. Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz – Ulu Öndərin davamçıları Onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”.

Turan MƏMMƏDLİ

Nəşr edilib : 13.12.2024 18:45