NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

“Vətən üçün yaşayanlar – şəhidlərimizi tanıyaq və anaraq yaradaq” adlı tədbir keçirilib

...

16 iyul 2025-ci il tarixdə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Mədəniyyət Nazirliyinin “Yayın sehrli səhifələri” layihəsi çərçivəsində Vətən uğrunda canından keçmiş şəhid Aslan Mirzəyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. “Vətən üçün yaşayanlar – şəhidlərimizi tanıyaq və anaraq yaradaq” adlı tədbirin məqsədi gənc nəslə vətənpərvərlik hisslərini aşılamaq, qəhrəmanlarımızı tanıtmaq və onların əziz xatirəsini yaşatmaq olub.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Ruzi Süleymanov açaraq şəhidlərin müqəddəs amal uğrunda göstərdikləri şücaətdən bəhs edib, belə tədbirlərin uşaqların Vətənə bağlı ruhda formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayıb
"Naxçıvan Qaziləri" İctimai Birliyinin sədri Təbriz Zeynalov “Vətən müharibəsi şanlı tariximizdir” mövzusunda çıxış edərək şəhid Aslan Mirzəyevin döyüş yoluna və ümumilikdə, qəhrəman qazilərimizin igidliyinə diqqət çəkib. Kitabxananın əməkdaşı Tərlan Məsumlu isə “Ən ülvi duyğudur Vətən sevgisi” adlı çıxışında Vətənə bağlılığın milli-mənəvi dəyərlərimizdəki yerindən bəhs edib.
Tədbir uşaqların şəhidlərə həsr olunmuş şeirlər səsləndirməsi ilə davam edib, daha sonra “Qəhrəmanımı çəkirəm” adlı yaradıcılıq hissəsində balaca oxucular vətənpərvərlik və qəhrəmanlıq hisslərini rəsmlə ifadə ediblər. Sonda şəhid Aslan Mirzəyevin həyat və döyüş yolunu əks etdirən videoslayd nümayiş olunub.
Tədbirdə "Naxçıvan Qaziləri" İctimai Birliyinin üzvləri, şəhid Aslan Mirzəyevin ailə üzvləri, kitabxana əməkdaşları və oxucular iştirak edib.

Nəşr edilib : 16.07.2025 17:43