NAXÇIVAN :

17 Oktyabr 2024, Cümə axşamı

Vətən üçün canını sipər edən igid

...

Elton Baba oğlu Qənbərli

(01.02.1997-19.10.2020)

İnanın ki, çox çətindir. Düzdür, çox qürurluyuq. Oğlumla fəxr edirəm. Amma bala itkisi çox ağırdır. Təsvir edib demək, cümlələrə sığdırmaq, təbii ki, asan deyil. Azərbaycanın vətənpərvər, qeyrətli, torpaqlarımızı azad edən, bayrağımızı ucalara sancan oğlanları, o cümlədən Elton başımızı uca etdilər. Qanları, canları bahasına tarixdə iz qoydular. Ali Baş Komandan cənab İlham Əliyev də hər çıxışında onlara  minnətdarlığını bildirir. Naxçıvanlıların Qarabağ döyüşlərindəki qəhrəmanlıqlarını yüksək dəyərləndirir. Bir ana kimi sevinirəm ki, onların sırasında mənim də övladım olub. Ölümdən qorxmayıb. İgidlik göstərib. Torpaqlarımız uğrunda canından keçib. Bununla da Elton və onun igid dostları tariximizi daha da şərəfləndiriblər. 

Bu gün Eltonun əsgərləri onun haqqında gözəl xatirələrini danışırlar. Bu məni bir qəhrəman şəhid anası olaraq çox qürurlandırır. Allaha dualar edirəm ki, nə yaxşı, belə oğul qismət etmişdi mənə. Böyükdən-kiçiyə hər kəslə davranışında çox səmimi, mehriban idi. Bu gün qəhrəman şəhidlərimiz cismən bizim aramızda olmasalar da, ruhən, qəlbən bizimlədirlər. Həmişə də qəlbimizdə yaşayacaqlar. Elton əfsanəvi taborun qəhrəmanlarındandır. YAŞMA-da idi. Döyüşlər ərəfəsində imkan tapdıqca özlərindən sonra xatirələr qoyaraq videolar çəkiblər. Mən bir ana kimi əminəm ki, Azərbaycan durduqca qəhrəman şəhidlərimizin xatirəsi minnətdarlıqla anılacaq. 
Mənim bu müharibədə 3 qəhrəmanım oldu: Qənbərli Elton, İbrahimli Adil, bir də qızım Nargül. Bilirsiniz ki, o çətin, amma şərəfli, qürurlu günümüzdə onu Azərbaycanımızın Nigarı, Həcəri adlandırdılar. Onlar heç vaxt unudulmayacaq. Eltonun adını heç cür heç yerə sığdıra bilmirəm. Kasıbçılıqla böyütsəm də Eltonu, o mənə ən qiymətli adı bəxş etdi. Çətinliyimiz olsa da, üzündən təbəssüm əskik olmurdu. Mən çətinliklərə üzülməyim, narahatlıq yaşamayım deyə əlindən gələni edirdi. Gələcəyimiz üçün vədlər verirdi ki, ana, hər şey yaxşı olacaq. Verdiyi vədlər onun gələcək arzuları idi. Amma arzuları ürəyində qaldı. Ən böyük arzusuna çatıb. Bu, torpaqlarımızı geri qaytarmaq arzusu idi. Allah Prezidentimizi, ordumuzu, xalqımızı qorusun. Vətənimiz daim var olsun! Bu gün dövlətimiz qəhrəman oğullarımızın adını yaşatmaq üçün çox işlər görür. Təbii ki, mən də övladımın adı ilə fəxr edirəm. İnanın ki, bu fəxarət hissi canı könüldəndir. Çalışıram ki, Eltonun, Adilin adına layiq bir ana olum. Allahdan arzulayıram ki, onların adına layiq qürurla, fəxarətlə necə yaşayıramsa, ömrümün sonuna kimi də elə yaşayım. Bütün şəhidlərimizin ruhları şad olsun.

Nəşr edilib : 17.10.2024 21:17