NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Vətən üçün canını fəda etdi

...

İsmayıl Fəzail oğlu Yüzbaşyev 

(01.04.1997-09.11.2020)

Övladımın haqqında nə qədər danışsam, söhbətim tükənməz. Uşaqlığında bizə heç əziyyət verməyib. Ağıllı-kamallı uşaq idi. Səssiz-səmirsiz, içinə qapalı, heç kimlə də işi olmazdı. Nə desəydik, deyərdi, baş üstə. Hərbi xidməti bitirdikdən sonra evə qayıtdı. Bir müddət sonra dedi ki, hərbidə işləmək istəyirəm. Açığı atası da, mən də razı deyildik. Sözümüzdən çıxmadığı halda, bu dəfə bizdən xəbərsiz gedib hərbiyə yazılmışdı. Bir gün gördük əlində sənədlə gülə-gülə gəlir. Dedi ki, gedib yazılıb gəldim. Dedik ki, Allah xeyirli etsin. Hara getsəydi haqqında tərif eşidərdik. Hamı deyirdi, halal olsun ki, bu cür övlad böyütmüsünüz. 
11 ay hərbidə işlədikdən sonra müharibə başladı və döyüşlərə getdi. Burada işləyirdi deyə düşünmürdük müharibəyə gedər. Qıvraqda olarkən yazılmışdı xüsusi təyinatlı dəstəyə. Çox sevirdi Vətənini. Çalışırdı ki, döyüşlərdə iştirak etsin və istəyinə də çatdı. Sonuncu dəfə oktyabrın 21-i zəng etdi. Soruşdu ki, ana, məndən nigaran olma. Müharibədə deyil, Gəncədəyəm. Arxa cəbhədəyik. Sonralar bildim ki, mən narahat olmayım deyə yalan deyirmiş. Dedim, bala, qorxma, yaxşı olacaq. Dedi ki, ana, niyə qorxuram?! Mən döyüşdəki yoldaşlarımdan artıq deyiləm. Qorxmuram! İsmayıl, doğrudan da, çox qorxmaz idi. 

Müharibəyə getməmişdən qabaq qardaşına demişdi ki, oğlunu gətirsin əmisi onu görsün. Müharibə hazırlığı idi deyə gəlib evə məni görmək istəmişdi. Bilirdi ki, gedəcəklər. Evə gəlib əl-üzünü yudu. Çarpayıda uzanmışdı ki, zəng gəldi. Komandiri idi, deyirdi, tez gəlin. Bu dəfə evdən çıxanda üz-gözümdən öpərək boynuma sarıldı. Dedi ki, gedirik təlimə. Zəng etməsəm, narahat olmayın. Bir ay sonra qayıdacağam. Qayıtmağı da bu cür oldu. Balam arzusuyla getdi, şərəflə dönüşü oldu. İsmayılı sağ-salamat qarşılamağı gözləsəm də, gözlədiyimizin əksi oldu. Vətən üçün can atırdı, Vətən üçün də canını fəda etdi. Allah bütün şəhidlərimizin ruhunu şad etsin.
 

Nəşr edilib : 15.11.2024 20:50