Ərdoğan: Qəzaya uğrayan təyyarənin qara qutusu tap...
15:59 12.11.2025
0
0
0
NAXÇIVAN :
12 Noyabr 2025, Çərşənbə
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionda sülhə doğru atılmış növbəti vacib addımdır.
Prezident İlham Əliyev Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra qalib ölkənin rəhbəri kimi revanşizmə deyil, məhz sülhə üstünlük verdiyini açıq şəkildə bəyan edib. Ölkəmiz hər zaman beynəlxalq hüquqa, ədalətə və qarşılıqlı hörmətə əsaslanan sülh gündəliyini irəli sürüb. Azərbaycanın təklif etdiyi beş əsas prinsip – qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşdirilməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, kommunikasiyaların açılması və digər fundamental yanaşmalar bu gün bölgədə sabitliyin bərqərar olması üçün möhkəm əsas yaradır.
Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə etibarlı və balanslı tərəfdaş kimi qəbul edilir. Azərbaycan nəinki dialoqa açıqdır, hətta bu dialoqun təşəbbüskarına çevrilib. Bu gün beynəlxalq ekspertlər də etiraf edirlər ki, Cənubi Qafqazda sabitliyə aparan yolun xəritəsini məhz Azərbaycan cızır.
Bu gün Azərbaycan öz sözünü deyir, məsuliyyət daşıyır və sabit gələcək naminə real addımlar atır. Əgər bu yol qarşı tərəfdən də anlayışla qarşılanarsa, Cənubi Qafqazda gərginlik və qarşıdurma dövrü başa çatar, əməkdaşlıq və inkişaf mərhələsinə keçid başlaya bilər.
Eyni zamanda Əbu-Dabi görüşü sülh prosesində yeni mərhələnin başlandığını göstərir. Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Əbu-Dabidə vasitəçilərsiz görüşməsi danışıqlar prosesində yeni mərhələnin başlandığını göstərir. Ermənistan artıq real vəziyyəti və regionda dəyişən güc balansını qəbul edib. Liderlər arasında, təqribən, 5 saat ərzində həm geniş tərkibdə, həm də təkbətək formatda aparılan müzakirələr fundamental mövzuları əhatə edib.
Bu görüş Ermənistan-Azərbaycan münasibətləri tarixində ən vacib diplomatik addımlardan biri kimi yadda qaldı. Bu dəfə görüş heç bir beynəlxalq formatın çətiri altında baş tutmadı. Bu, tamamilə ikitərəfli prosesdir. Təşkil olunan görüş vasitəçisiz danışıqların praktik modelinə çevrildi və bu modelin gələcəkdə bölgədə sülhün əsas platforması olacağı aydındır.
Bütün bu proses Azərbaycanın aydın və prinsipial mövqeyi sayəsində mümkün olub. Bakı israrla bildirir ki, üçüncü tərəflərin iştirakına ehtiyac yoxdur, çünki problem varsa, bu yalnız iki dövlət arasında həll edilməlidir. Vasitəçilərin məqsədi özlərinin varlıqlarını ortaya qoymaq və əldə edilə biləcək razılaşmada öz maraqlarını təmin etmək idi. Təbii ki, bu cür yanaşma Azərbaycanın milli və dövlət maraqlarına uyğun gəlmir. Ona görə də bir neçə ildir ki, Azərbaycan danışıqların vasitəçilərin iştirakı olmadan baş tutması variantını irəli sürürdü.
Ermənistan da artıq bu məntiqli yanaşmanı qəbul etməyə başlayıb və Azərbaycanın sülh konsepsiyasını əsas baza kimi tanıyır. Azərbaycanın diplomatik üstünlüyü də ondadır ki, nəinki döyüş meydanında həm də diplomatik masada oyunun qaydalarını özü müəyyənləşdirir və bu qaydalar region üçün real və əhəmiyyətli gələcək vizyonu təklif edir. Bu da göstərir ki, ikitərəfli və vasitəçisiz dialoq formatı özünü doğruldur və işlək mexanizmə çevirilir. Əbu-Dabi görüşü bütün hallarda uğurlu bir hadisədir.
Bu görüş Cənubi Qafqazda Azərbaycanın siyasi iradəsinin və mövqeyinin həlledici olduğunu göstərir. Açıq etiraf olunmasa da, hər kəsə bəllidir ki, bu prosesləri idarə edən rəsmi Bakıdır. Nəticə isə göz önündədir... Bu da cənab Prezidentin siyasi iradəsinin, diplomatik yanaşmasının, beynəlxalq müstəvidəki nüfuzunun qələbəsi olmaqla nəhəng diplomatik uğurdur.
Digər bir uğursa, görüşdə Azərbaycanın diktə edən tərəf olmasıdır. Hətta Prezident İlham Əliyevin görüşə gələn Ermənistanın nümayəndə heyətinə etdiyi diplomatik jest medianın gözündən qaçmadı. Manşetləri bəzəməklə bizim hər birimizə qürurlu anlar yaşatdı. Bu faktın özü də onu göstərir ki, Azərbaycan ikitərəfli danışıqlarda aparıcı tərəfdir.
İstənilən halda bu görüş uğurdur. Çünki ən pis sülh danışığı müharibədən daha yaxşıdır. Detallar açıqlanmasa da, müşahidələr göstərir ki, Ermənistan tərəfi Azərbaycanın tələbləri qarşısında geri çəkilib. İrəvanın mövqeyindəki yumşalma ölkəmizin hərbi, iqtisadi və diplomatik gücünün sayəsində mümkün olub. Qarşılıqlı olaraq açıq qalan sualların və bir çox məsələlərin iki ölkə arasında birbaşa həlli hər iki tərəf üçün məqsədəuyğundur.
Sadalanan məqamlara nəzər salaraq deyə bilərik ki, Əbu-Dabi görüşü məntiqin, siyasi iradənin və gələcəyə baxışın addımlarıdır.
Məmməd BABAYEV
Digər xəbərlər