NAXÇIVAN :

03 May 2026, Bazar

Vaşinqton razılaşması və Cənubi Qafqazın yeni reallığı

...

SSRİ-nin dağılması ilə Ermənistanın Azərbaycana ərazi iddiaları zəminində başlayan qarşıdurmalar ölkəmizin torpaqlarının böyük bir hissəsinin itirilməsi ilə nəticələndi. Uzun illər davam edən nəticəsiz qalan “diplomatik təşəbbüslər”dən sonra bu işğal 2020-ci ildə Vətən müharibəsində qazandığımız böyük zəfərlə yekunlaşdı. Ölkə başçısının qətiyyəti və iradəsi, yeritdiyi məqsədyönlü siyasət, uğurlu diplomatiya və ordumuzun qəhrəmanlığı nəticəsində 30 ildən çox işğal altında qalan, istismar olunan torpaqlarımız azad edildi. Son 5 ilin böyük tarixi hadisələri Prezident İlham Əliyevin tutduğu yolun nə qədər doğru olduğunu bir daha göstərdi.

Avqustun 8-də ölkə başçımızın ABŞ-yə tarixi səfəri baş tutdu. Səfərin nəinki Azərbaycan, o cümlədən Cənubu Qafqaz, hətta bütün dünya tarixi üçün çox böyük əhəmiyyəti var. Görüşlər Azərbaycanın dünyada etibarlı beynəlxalq tərəfdaş kimi qəbul olunduğunu bir daha göstərdi. Dünyanın siyasi mənzərəsini dəyişən bu səfər çərçivəsində əldə edilən uğurlu nəticələrin başında Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), tarixi adı ilə desək, Zəngəzur dəhlizi layihəsinin razılaşdırılması gəlir.

Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilən tarixi görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə ilə Cənubi Qafqazda sülhün təməli qoyuldu. Bu razılaşma ölkəmiz üçün olduqca böyük tarxi əhəmiyyət kəsb edir. İlk növbədə, Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında uzun illərdir, kəsilmiş birbaşa əlaqənin, maneəsiz keçid hüququnun bərpası deməkdir. Naxçıvana açılan quru yolu strateji, ticarət və diplomatik mənada ölkəmizə çox böyük üstünlüklər verir. Naxçıvanın ölkəmizin təhlükəsizliyi və inkişafı üçün nə qədər böyük rola malik olduğunu nəzərə alsaq, bu yolun əhəmiyyəti aydındır. Zəngəzur dəhlizinin açılması Naxçıvanın iqtisadi cəhətdən canlanmasına və bölgədəki tranzit potensialının artmasına şərait yaradacaq. Beynəlxalq güclərin bu regiona marağının artması həm siyasi dəstək, həm də iqtisadi layihələr baxımından Naxçıvan üçün yeni imkanlar yarada bilər.

Eyni zamanda bu yol iqtisadi cəhətdən təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün, o cümlədən elə Ermənistanın özü üçün də çox əhəmiyyətlidir. Açılan kommunikasiya xətləri ölkələr arasında əməkdaşlığın sürətli inkişafına təkan verəcək. Bu yolun açılması ilə Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində öz mövqeyini, həmçinin regional liderliyini möhkəmləndirəcək. Eyni zamanda enerji strategiyasında da yeni bir mərhələ açılacaq, Qafqazda tamamilə yeni siyasi mühit formalaşacaq, regiona sülh və sabitlik gələcək. İmzalanan sənədlər  həm də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə rəsmiləşdirir, Ermənistan tərəfi Azərbaycanın sərhədlərini tanıdığını açıq şəkildə bəyan edir.

Vaşinqton görüşü, ABŞ-nin burada vasitəçiliyi imzalanan sənədlərin regional əhəmiyyətindən əlavə, onların həm də qlobal səviyyədə tanınmasına, qəbul olunmasına imkan verəcək. ABŞ-nin prosesə aktiv müdaxiləsi regiondakı güc tarazlığını dəyişir. Bu onu deməyə əsas verir ki, ABŞ artıq Cənubi Qafqazda öz rolunu artırır. Görüş nəticəsində ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Yeni strateji tərəfdaşlıq qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, müdafiə kimi bir çox sahələri əhatə edəcək. Həyata keçiriləcək qlobal layihələr Azərbaycanı iqtisadi cəhətdən gücləndirəcək, sürətli inkişafa təkan verəcək. Həmçinin ABŞ və Qərb ölkələri ilə əməkdaşlıq Azərbaycanın diplomatik manevr imkanlarını da artıracaq.

Vaşinqton görüşü regionda yeni bir dialoq və əməkdaşlıq mühiti yaratmaq üçün geniş imkanlar açır. Bu, ABŞ-nin regiondakı siyasi çəkisini artırır. Həmçinin vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə, danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciətin imzalanması da tarixi əhəmiyyət daşıyır. Bu qərar münaqişənin həllində uzun müddət vasitəçilik rolunu oynayan Minsk qrupunun fəaliyyətinin başa çatdığını simvolizə edir. Yəni Donald Tramp administrasiyası Moskvanın illərlə nəzarət etdiyi sülh formatını faktiki olaraq əvəz edir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması, görüş çərçivəsində əldə edilən razılaşmalar tarixi hadisədir. Regionda sabitlik üçün isə bu görüşün davamlılığı və qərarların icrası vacibdir. Vaşinqton görüşü, sadəcə, bir diplomatik hadisə deyil. Bu, Cənubi Qafqazın gələcək onilliklərdəki geosiyasi arxitekturasının təməl daşlarını qoyur.

Nuray Əliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

filologiya elmləri doktoru

Nəşr edilib : 11.08.2025 12:16