Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər im...
17:51 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
33 ildən artıq tərəfdaşlıq tarixi olan Azərbaycan-ABŞ münasibətləri inkişafının mühüm mərhələsinə qədəm qoyub. Xüsusilə Donald Trampın Ağ evdə ikinci rəhbərliyi dövrü – son bir neçə ay Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycan diplomatiyasının rolunu daha da ön plana çıxarıb desək, yanılmarıq. Enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrdə qarşılıqlı maraqların artması artıq Azərbaycan-ABŞ əlaqələrini daha dərin və qarşılıqlı etimada əsaslanan faydalı əməkdaşlıq platformasına çevirməkdədir. Avqustun 8-də Vaşinqtonda baş tutan görüşlər bu baxımdan hər iki ölkə arasındakı mövcud münasibətləri daha üst səviyyəyə – strateji tərəfdaşlığa daşımaq üçün olduqca təqdiredici addımların atılması ilə yadda qaldı.
Görüş çərçivəsində ilk diqqətçəkən məqam 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı"na əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı – 907-ci düzəlişin ləğv edilməsidir. Məlum olduğu üzrə sözügedən düzəliş 30 ildən artıqdır, ABŞ-yə rəhbərlik edən siyasi liderlər tərəfindən zaman-zaman yeri gəldikdə təsir mexanizmi rolunu oynayıb və indiyədək əlaqələrin yaxınlaşmasına öz ciddi mənfi təsirini göstərib. Hətta vaxtilə ABŞ-dən dövlət yardımının göstərilməsi, ümumiyyətlə, qadağan edilmişdi. Ovaxtkı hakimiyyət – Bayden, Blinkin administrasiyası Əfqanıstan əməliyyatları başa çatandan sonra dərhal 907-ci düzəlişi tətbiqini davam etdirdi. Prezident İlham Əliyev isə dəfələrlə bu qərarın haqsız, anti-Azərbaycan siyasətinin tərkib hissəsi olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırıb, yüksək kürsülərdən açıq şəkildə bəyan edib. Bu baxımdan Donald Trampın məhz Azərbaycan liderinin iştirakı ilə həmin bədnam sənədin hüquqi statusuna xitam verməsi respublikamızın həyata keçirdiyi diplomatiyanın möhtəşəm nailiyyətidir.
Ağ evdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması isə iki ölkə arasında əlaqələrin yeni səhifəsini açdı. Başqa sözlə, Azərbaycan-ABŞ münasibətləri iki liderin qətiyyəti sayəsində strateji tərəfdaşlıq yoluna qədəm qoydu. Prezident İlham Əliyev mətbuata birgə bəyənatda iki ölkə arasındakı əlaqələrin yeni mərhələsini böyük imkan kimi yüksək dəyərləndirdi: "Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir – qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, eyni zamanda müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq".
Avqustun 8-i Vaşinqtonda yaşanan ən əlamətdar tarixi hadisələrdən biri də, heç şübhəsiz, Azərbaycanla Ermənistan arasında çoxdandır gözlənilən sülh sazişinə dair qətiyyətli addımın atılması oldu. Bunun üçün ilk olaraq Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyində yer alan iki legitim şərtdən biri – defakto heç bir fəaliyyəti olmayan ATƏT-in Minsk qrupunun ləğvi məsələsi gündəmə gətirildi. Bu məqsədlə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalandı. Və paralelində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflandı.
Donald Trampın şahidliyi əsasında imzalanan Azərbaycan və Ermənistan Birgə Bəyannaməsi isə özündə tərəflər arasındakı sülhü, əməkdaşlığı ehtiva edən mühüm sənəd kimi gələcək əlaqələrin hüquqi bazasını yaratdı. Bu bəyannaməyə əsasən Ermənistan öz ərazisindən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəyini təsdiqlədi. Və beləliklə, Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin irəli sürdüyü "Azərbaycandan-Azərbaycana maneəsiz keçid təmin olunmalıdır" ideyası, Azərbaycanın digər ərazisi ilə Naxçıvan arasında nəqliyyat bağlantısı yaratmaq, kommunikasiyaların açılması təşəbbüsü reallığa çevrilir. Açılacaq bu yol adından da göründüyü kimi sülh, rifah yolu olacaq. Yeni marşrut yaxın və uzaq coğrafiyada yerləşən ölkələri iqtisadi, ticari baxımından birləşdirəcək. Naxçıvanın Azərbaycanın digər ərazisi ilə bağlantısının təmin edilməsi ölkəmizin bu qədim diyarının hərtərəfli inkişafına təkan verəcək. Ticarət, xidmət, turizm sektorlarında ciddi canlanma yaranacaq, xarici investisiyalar hesabına yeni müəssisələr qurulacaq ki, bu da bölgə əhalisinin firavan yaşayışını təmin edəcək.
Avqustun 8-də Vaşinqtonda baş tutan görüşün nəticələri bir daha sübut etdi ki, Cənubi Qafqazda Azərbaycanın iştirakı olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçə bilməz. Prezident İlham Əliyev diplomatiyasının alternativi yoxdur, apardığı müstəqil daxili və xarici siyasət, respublikamızın milli maraqlarına və Azərbaycan xalqının rifahına xidmət edir. Əminliklə demək olar ki, Ağ evdə qazanılan diplomatik zəfər, əldə olunan yeni razılaşmalar yaxın gələcəkdə həm ölkəmizin inkişafı, həm də xalqımızın firavanlığı naminə daha böyük töhfələr verəcək.
Bəhruz Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər